Unudulmayan anlar
Digər xəbərlər

Unudulmayan anlar

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. Xalqımız ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan möhtəşəm tarixlərdən birini, növbəti 15 İyun - Milli Qurtuluş Gününü tarixi Zəfərlə torpaqlarımızın işğaldan azad olunması ilə doğma Qarabağımızla bütövləşən qüdrətli Azərbaycanda məhz onun azadlıq ideallarının işığında, müstəqil dövlətin vətəndaşlıq qüruru və fərəhi ilə qeyd edir.

Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz həm sosial-iqtisadi, həm də hərbi sahədə dünyaya yeni inkişaf modelini təqdim edir. Dövlət başçısının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkədə yoxsulluğun və işsizliyin səviyyəsi kəskin şəkildə aşağı düşüb, yeni iş yerlərinin yaradılması istiqamətində, iqtisadiyyatın diversifikasiyası sahəsində səmərəli addımlar atılıb. Azərbaycan “qara qızıl”ı insan kapitalına çevirmək yolu ilə uğurla irəli gedir. Artıq ölkə özünün peykini orbitə buraxıb və kosmik dövlətə çevrilib. Bu gün Azərbaycan balanslaşdırılmış, çoxvektorlu, milli maraqlara əsaslanan siyasət həyata keçirir. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan nadir ölkədir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir. Ölkəmiz BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatına da üzv olub. Azərbaycan beynəlxalq antiterror koalisiyasına qoşularaq dünyada sülhün bərqərar olunmasına öz töhfələrini verir. Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə üçtərəfli əməkdaşlıq formatı inkişaf etdirilir. Azərbaycan Avropa ölkələri ilə də əlaqələri genişləndirir, Uzaq Şərq, Latın Amerikası, Afrika ölkələri ilə münasibətlərə önəm verir və bu əlaqələri inkişaf etdirir. Ölkəmiz dünyan aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalayıb, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələri həyata keçirib. Azərbaycan TANAP, TAP kimi layihələrin təşəbbüskarıdır, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Tamamilə qanunauyğundur ki, artıq Milli Qurtuluşun yaratdığı möhkəm zəmin üzərində son 17 də Azərbaycan Prezidenti İlham Əliyev müstəqil milli dövlətçilik siyasətini uğurla davam etdirir, onu zamanın inkişafına uyğun yaradıcı təkamül nümunələri ilə zənginləşdirir.

Heydər Əliyev Azərbaycan xalqı üçün ümummilli lider, dünya üçünsə görkəmli ictimai-siyasi xadim və ümumbəşəri dəyərdir. Onun 1990-1993-cü illərdəki fəaliyyəti - öz xalqının milli azadlıq və müstəqillik uğrundakı mübarizəsinə qoşulması və faktiki olaraq müstəqillik uğrunda mübarizə hərəkatına rəhbərlik etməsi Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifəsini təşkil edir. Xüsusən, 1993-cü ildə Azərbaycan dövlətçiliyinin çətin sınaqlar qarşısında dayandığı, məhvolma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Heydər Əliyev xalqın çağırışına səs vermiş, onun tələbi və dəstəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış və xüsusi qurtuluş missiyası həyata keçirərək, dövlətçiliyin xilaskarına çevrilmişdir. 1993-cü ilin may-iyun aylarında ölkədə siyasi böhran son həddə çatanda, respublika vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalanda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə küçələrə çıxdı və kütləvi mübarizəyə qalxdı. Bu tələb çox keçmədən ümummilli hərəkata çevrildi və nəticədə Əbülfəz Elçibəy hakimiyyəti onu rəsmən Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi və beləliklə, onun Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı.

Ulu öndərin möhkəm iradəsi, idarəçilik məharəti və qətiyyətli siyasi mövqeyi sayəsində Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsi aradan qalxdı və həmin əlamətdar hadisə Azərbaycan tarixinə "Milli Qurtuluş Günü” kimi daxil oldu. Heydər Əliyev iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı, 1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial- iqtisadi, mədəni həyatında, xarici əlaqələrində dönüş yarandı, beynəlxalq norma və prinsiplərə uyğun həqiqi müstəqil dövlət quruculuğu prosesi başlandı. Bəzi daxili və xarici qüvvələr tərəfindən hazırlanmış 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin, habelə Heydər Əliyevə qarşı hazırlanmış sui- qəsd və terror planlarının qarşısı qətiyyətlə alındı, respublikada silahlı yolla hakimiyyətə gəlmək ənənəsinə son qoyuldu, Azərbaycan dövlətçiliyinin iflası prosesi dayandırıldı, ölkədə möhkəm ictimai-siyasi sabitlik və qanunçuluq bərqərar edildi. Əsas qayəsini müstəqillik, dövlətçilik, demokratiya və düşüncə azadlığı, dünyəvilik, qanunçuluq, azərbaycançılıq və digər mütərəqqi dəyərlərin təşkil etdiyi yeni bir dövlətin - müstəqil Azərbaycanın özülü qoyuldu. İşğalçı Ermənistan qoşunları ilə müharibə cəbhəsində ciddi dönüşə nail olundu.

Ümummilli liderimizin fəal diplomatik səyləri nəticəsində dünyanın böyük dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi. BMT TŞ-də, ATƏT-in Budapeşt (1994) və Lissabon (1996) sammitlərində, İƏT-in üzv dövlət başçılarının zirvə toplantılarında Ermənistanın işğalı pisləndi və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair sənədlər qəbul edildi. Heydər Əliyevin tarixi xidmətlərindən biri də Azərbaycan dövləti və xalqı qarşısında duran strateji vəzifələri - ilk növbədə, bir ictimai-iqtisadi sistemdən digərinə, yəni iflasa uğramış sosializmdən bazar iqtisadiyyatı normalarına və azad sahibkarlığa, çoxmülkiyyətçiliyə əsaslanan sistemə keçidi təmin etməsidir. Xüsusi mülkiyyətə geniş meydan açılması, sənaye və xidmət müəssisələrinin özəlləşdirilməsi, aqrar islahatlar, torpağın əvəzsiz olaraq kəndlilərə verilməsi və digər fundamental transformasiya proseslərini reallaşdırmaq kimi çətin vəzifələrin həlli məhz ümummilli liderin adı ilə bağlıdır. Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində 1993-1998-ci illərdə Azərbaycan öz geosiyasi, geoiqtisadi və mənəvi-mədəni potensialından səmərəli istifadə edərək Şərqlə Qərb arasında etibarlı nəqliyyat-kommunikasiya körpüsü yaratmağa çalışmış və bununla da ölkənin gələcək dinamik inkişafı üçün əlverişli regional imkanlar açmışdır. Onun təşəbbüsü ilə tarixi Böyük İpək Yolunun bərpasına yönəlmiş beynəlxalq proqramın həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır. 1998-ci ilin sentyabrında 32 ölkənin və 14 beynəlxalq təşkilatın yüksək səviyyəli rəhbər şəxslərinin iştirakı ilə Bakıda İpək Yolu konfransı keçirilmiş, layihənin icraçı katibliyinin Azərbaycanın paytaxtında yerləşməsi haqqında qərar qəbul edilmişdir.

Böyük şəxsiyyət hakimiyyətə qayıdana qədər milli ordu ayrı-ayrı dağınıq və nizamsız silahlı dəstələrdən təşkil edilmiş, ordu sıralarında qeyri-sağlam mühit hökm sürür və demək olar ki, əksər hərbi hissələr hakimiyyət uğrunda mübarizə proseslərinə cəlb edilmişdi. Azərbaycan Silahlı Qüvvələri nizami ordu kimi düşmənlə mübarizə aparmaq, torpaqlarımızı qorumaq əvəzinə, dağınıq silahlı dəstələr şəklində ayrı-ayrı ambisiya insanların, siyasi və mafioz qrupların maraqlarını təmin edirdi. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə milli ordu quruculuğu sahəsində yeni bir mərhələnin təməli qoyuldu. 1994-cü ilin mayında cəbhə xəttində atəşkəsə nail olunduqdan sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlar həyata keçirildi. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması işi başa çatdırıldı, orduya çağırış qaydaya salındı, fərarilik halları ilə mübarizə gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə- təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Eyni zamanda ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağ zəruri qanunvericilik bazası formalaşdırıldı, Silahlı Qüvvələrə effektiv dövlət nəzarəti mexanizmləri yaradıldı.

Beləliklə, Heydər Əliyev 1993-2003-cü illərdə öz milli və qlobal düşüncə tərzi, bəşəri fəaliyyəti, müdrik və uzaqgörən siyasəti, unikal liderlik keyfiyyətləri, güclü siyasi  iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Azərbaycanda Qurtuluş missiyasını öz  üzərinə götürərək, ölkəmizi ciddi təlatümlərdən xilas etmiş və milli dövlət quruculuğu prosesini  inamla həyata keçirərək, ümummilli lider səviyyəsinə yüksəlmişdir. Görkəmli siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyət Heydər Əliyev öz fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlıların qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəltmiş, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmış və dinamik inkişafını təmin etmiş böyük azərbaycanlı olmuşdur.

Əliyar ƏSGƏROV,

“Bank olmayan Kredit Təşkilatı İDK” MMC-nin baş direktoru”.