Alman hərbi ekspert Azərbaycanın müasir texnologiyalara əsaslanan hərbi uğurlarından danışıb
Digər xəbərlər

Alman hərbi ekspert Azərbaycanın müasir texnologiyalara əsaslanan hərbi uğurlarından danışıb

Son dövrdə baş verən münaqişələr (Suriya, Liviya, İkinci Qarabağ, hətta İsraildəki yeni gərginlik) müasir döyüş meydanının tamamilə dəyişdiyini, inqilabi texnologiyalar və yeni silah sistemlərinin silahlanma texnikası və silahlı qüvvələrin strukturu qarşısında fərqli tələblər qoyduğunu göstərdi.

Müdafiə və Strateji Araşdırmalar üzrə Alman İnstitutunun (GİDS) redaksiyası bu institutun elmi referenti, polkovnik-leytenant Mixael Karl ilə müsahibədə Almaniya və alman ordusunun (Bundesver) yeni texnoloji inkişafdan hansı nəticələr çıxarmalı olmasından bəhs edilib.

AZƏRTAC xəbər verir ki, alman hərbi ekspert institutun təşkil etdiyi debatlarda ötən il baş verən İkinci Qarabağ müharibəsindən bəhs etdiyini xatırladıb. O qeyd edib ki, əgər Bundesver konkret bu müharibədə Azərbaycana qarşı döyüşməli olsaydı, heç bir şansı olmayacaqdı. Həmin müharibədə istifadə olunan döyüş dronları və kamikadze dronlar kimi silah sistemlərinə qarşı alman ordusu yetərincə müdafiə oluna bilməyəcəkdi.

Ekspert bildirib ki, müasir müharibə ssenarisindən uğurla çıxa bilmək üçün yeni texnologiyalara və ən müasir vəziyyətdə olan, döyüş zamanı, necə deyərlər, “rəqabətliliyi yüksək” silahlara tələbat var. Almaniyada yüksək texnologiyalar mövcud olsa da, onlar mülki sahədə geniş tətbiq edilir. Dronlarla bağlı həmin texnologiyalar məhz Bundesverə inteqrasiya olunmalıdır.

Müsahibədə dünyanın aparıcı ölkələrinin müasir hərbi texnologiyalara, xüsusilə dronlara böyük diqqət yetirdiyi bildirilir. Qeyd edilir ki, Rusiyanın tanınmış “Zapad 21” hərbi manevrlərinin 80 faizi dronlarla döyüş və onlara qarşı müdafiə təlimlərindən ibarət olacaq. Digər tərəfdən isə Çin səsdən sürətli silah sistemləri üzərində çalışır və hazırda dünyada dron istehsalının 80 faizi bu ölkənin payına düşür.

Ekspert Çinlə yanaşı, ABŞ, İsrail və Türkiyənin də bu bazarda söz sahibi olduqlarını diqqətə çatdırıb. Qeyd edib ki, Türkiyə son illərdə bu seqmentdə ciddi sıçrayışlar edir və döyüş dronlarının satışı və tətbiqi üzrə aparıcı ölkələrdən birinə çevrilib. Suriya, Liviya və Qarabağda Türkiyənin istehsalı olan “Bayraktar” dronlarının uğurla tətbiqi bu ölkənin hərbi imkanlarını nümayiş etdirir. Türkiyə istehsalı olan “Kargu-2” pilotsuz təyyarələri düşməni yalnız süni zəka ilə müəyyən edərək uğurlu hücum həyata keçirir.

Hərbi ekspert müasir texnologiyaların hərb sahəsində tətbiqi nəticəsində yaranmış hazırkı vəziyyətin Almaniyada Bundesverin tələblərinə uyğun şəkildə tətbiqi, islahatların aparılması və hərbi birləşmələrin strukturunun zamanın tələbinə uyğun olaraq çevik və mobil vəziyyətə gətirilməsinin zəruriliyini vurğulayıb.

AZƏRTAC