YÜKSƏKİXTİSASLI KADRLAR HAZIRLAMAQ DÖVRÜN TƏLƏBİDİR
Digər xəbərlər

YÜKSƏKİXTİSASLI KADRLAR HAZIRLAMAQ DÖVRÜN TƏLƏBİDİR

Ölkənin qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı yüksəkixtisaslı kadrların köməyi ilə aqrar elm və innovasiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Bu inkişafın təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Ulu öndərin strateji xəttini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir. İxtisaslı kadrların köməyi ilə həyata keçirilən elmi əsaslı institusional islahatlar, tətbiq edilən siyasi, iqtisadi, sosial texnologiyalar qeyd edilən hədəflərə xidmət etməklə öz bəhrəsini verməkdədir.

Bir əsrdən çox şanlı və şərəfli yol keçən, zəngin ənənələri və elmi irsə malik Azərbaycan Dövlət Aqrar Universiteti ölkə Prezidenti cənab İlham Əliyevin aqrar sahəyə göstərdiyi sonsuz diqqət və qayğının nəticəsində müasir infrastrukturu, zəngin elmi, maddi-texniki bazası, çoxşaxəli beynəlxalq əlaqələri, müasir tədris və təlim mühiti, peşəkar, ixtisaslı kadrları, akademik heyəti ilə bölgənin ali ixtisaslı aqrar kadrlar hazırlayan ən böyük universitetinə çevrilmişdir. Burada yaradılan elmi-tədqiqat mərkəzləri, müasir laboratoriyalar, Eksperimental heyvandarlıq kompleksi, Baytarlıq klinikası və Bitki klinikası da tədrisin səmərəliliyinin və keyfiyyətinin artırılmasına zəmin yaratmışdır.

Dövlət başçısı aqrar sahədə günün tələbləri səviyyəsində innovasiyaların, müasir texnologiyaların tətbiqi və bununla uzlaşan gənc kadrların hazırlanması məsələlərini önə çəkərək bildirmişdir ki, bu sahədə aparılan islahatlar sayəsində daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını görürük. Yeni elektron kənd təsərrüfatı sistemini həyata keçiririk. Bu, artıq həyatımızın və iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini artırmağa kömək edir. Çünki ölkə əhalisinin demək olar ki, 50 faizi kənd yerlərində yaşayır. Ümumilikdə, Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız bu gün bəzi ölkələr tərəfindən istifadə olunur.

Bunun bariz nümunəsidir ki, qəbul göstəricisi - 2023/2024-cü tədris ilində 94.77 faiz olub. Qarşıya qoyulmuş hədəflər Aqrar Universitetdə özünü doğruldaraq, uğurla həyata keçirilir. Professor-müəllim heyəti bazar iqtisadiyyatının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması üçün ən mütərəqqi üsullardan istifadə edərək fədakarlıqla çalışmaqdadır. Universitetdə şəffaflıq, obyektivlik əsas meyardır. Uğurlu kadr potensialının əldə olunmasında kənd təsərrüfatı müəssisələri ilə sıx əməkdaşlıq edilir. Bu il "GP İmişli Cotton" MMC, "Şərqi CO LTD" MMC, "AgroFood" MMC, "AgroTradeSupply" MMC, "Azərtütün" ASC və "Tabaterra Leaf" QSC, "IBC İrrigation Systems", "Parlar" şirkətlərlə tələbələrin təcrübə proqramlarının təşkili, həm də məzunların işə qəbul prosesi kimi vacib məsələlər qarşılıqlı əməkdaşlıq çərçivəsində müzakirə edilmişdir.

Universitetin dünyanın 20-dən çox ölkəsinin 100-dək reytinqli təhsil ocağı ilə sıx əməkdaşlıq əlaqələri var. Bu gün də ADAU-da bazar iqtisadiyyatının tələblərinə uyğun peşəkar kadrların hazırlanması üçün ən mütərəqqi üsullardan istifadə edilir. Mindən çox yerlik iki müasir, bütün tələblərə cavab verən tələbə evi istifadədədir. Burada zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, akt və fitnes zalları, iaşə və məişət xidmət obyektləri fəaliyyət göstərir.

Universitetdə Afrika qitəsindən, Türkiyə, İsrail, Lesoto, Malayziya, Konqo, Qazaxıstan və digər ölkələrdən olan tələbələr təhsil alırlar. Universitetin gənc, kreativ, perspektivli və xaricidilli mütəxəssislərin hesabına əcnəbi vətəndaşların sayı əhəmiyyətli dərəcədə artmışdır. Məhz bu baxımdan, əcnəbi vətəndaşlar tədrisin keyfiyyətindən və tələbə evində yaradılan şəraitdən olduqca razıdırlar. Tam əminliklə demək olar ki, Azərbaycan Dövlət Aqrar Universiteti qloballaşan dünyada sürətlə inkişaf edən ölkəmiz üçün bugünkü əmək bazarının tələblərinə cavab verən, peşəkar, müasir və innovativ düşüncəli mütəxəssis hazırlığı istiqamətində fəaliyyətini uğurla davam etdirəcək.

Zahir ƏLƏSGƏROV,

ADAU-nun kafedra müdiri, dosent,

qabaqcıl təhsil işçisi.