Vətən müharibəsindəki qələbədən sonra dünya dövlətlərinin bəzilərinin Azərbaycana qarşı münasibətləri dəyişdi, daha doğrusu, onların iç üzləri açıldı. Uzun illərdən, bəlkə də əsrlərdən bəri xalqımıza qarşı bəslədikləri kin-küdurət, intiqam, qisas hissi daha da alovlandı.
Cənubi Qafqazda nüfuz dairəsini, təsir gücünü artırmaq istəyən Fransa əzəli düşmənimiz Ermənistana açıq-aşkar havadarlıq etməyə başladı. Müharibədən əvvəl gizli şəkildə həyata keçirdiyi çirkin niyyətini bütün dünyaya bəlli etdi. Artıq üç ilə yaxındır ki, Fransa beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana müxtəlif yollarla təsir etməyə çalışır.
2022-ci ilin noyabrında Tunisin Cəbrə adasında Beynəlxalq Frankofoniya Təşkilatının 50 illik yubiley sammiti keçirilirdi. Maraqlı burasıdır ki, sammitə fransızdilli ölkə olmamasına rəğmən yalnız Parisin himayəsinə sığınmaq məqsədilə bu təşkilatda təmsil olunan Ermənistan sədrlik edirdi. Sammitin noyabrın 18-də nazirlər səviyyəsində keçirilən görüşündə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan əleyhinə bəyanat səsləndirib, öz sərsəm iddialarını dövlət və hökumət başçılarının qəbul edəcəyi yekun sənədinə əlavə etməyi təklif edib. Lakin bir sıra üzv və assosiativ üzv ölkələr, həmçinin müşahidəçi qismində tədbirdə iştirak edən dövlətlərin nümayəndələri buna etiraz əlaməti olaraq iclası tərk ediblər. Noyabrın 20-də isə Ermənistanın baş naziri Nikol Paşinyan qlobal sistemdə dövlətlərin suverenliyinə hörmət etməyin zəruriliyini qeyd edərkən onun çıxışını bəzi iştirakçılar istehza ilə qarşılamışdılar. Axı, onlar 30 ildən artıq müddətdə ermənilərin məhz bu prinsipi pozaraq Azərbaycan ərazilərini işğal altında saxladıqlarını, hələ də Qarabağdan silahlı quldurlarını çıxarmaq istəmədiklərini çox gözəl bilirdilər. Beləliklə, Fransa və Ermənistan bu tədbirdə istədiklərinə tam nail ola bilmədilər. Qəbul etdikləri sənəd isə heç bir hüquqi əsas daşımırdı. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında bununla bağlı demişdi: "Frankofoniya təşkilatında olan dostlarımız - onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, - səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir".
Fransa Brüssel formatını da pozmağa çalışır. Azərbaycan Prezidenti dəfələrlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan danışıqların Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib, rəsmi Paris isə bu danışıqları pozmağa cəhd göstərib. Bu isə Avropa İttifaqının Cənubi Qafqazda sülhə yönələn addımlarına zərbədir və Avropa İttifaqını narahat etməli olan məsələdir.
Ötən il dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasını çağırdı. Həmin toplantıda BMT TŞ-nin gündəliyinə 2022-ci ilin sentyabrında baş vermiş hadisələrlə bağlı "Ermənistanın BMT yanında daimi nümayəndəsinin məktubu" adlı bənd daxil edilmişdi. Həmin müraciət əsasında TŞ-nin gündəliyinə bu bənd də Fransanın dəstəyilə salınmışdı. Fransa Prezidenti Administrasiyası və E.Makronun xarici siyasət məsələləri üzrə müşavirinin rəhbərliyilə aparılan müzakirələr 10 gün çəkmiş, Fransa bütün resurslarını işə salsa da, Azərbaycan əleyhinə bəyanatı qəbul etdirə bilməmişdi. Təbii ki, bu da Fransanın daha bir rüsvayçı məğlubiyyəti idi.
Bu il yanvarın 18-də Avropa Parlamentinin Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində Ermənistanın yeraltı sərvətlərimizi qanunsuz mənimsəməsinə qarşı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi etiraz aksiyası ilə bağlı qəbul etdiyi qətnamədə reallıqdan tamam uzaq, anti-Azərbaycan xarakterli bəndlər yer alıb. Qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun "blokada"da olması kimi sərsəm iddialarla yanaşı, artıq unudulmuş "Madrid prinsipləri"nə də istinadlar olunub. Təbii ki, Azərbaycana qarşı bu növbəti təxribatın təşkilatçılarından biri də məhz Fransadır.
Ümumiyyətlə, Laçın yolu ətrafında Ermənistan-Fransa şousu bitmək bilmir. Azərbaycanın sərhəd-nəzarət-buraxılış məntəqəsini qurması bir çox dövlətlərin, əsasən də bu cütlüyün yuxusunu haram edib. Odur ki, bacardıqları kimi buna qarşı çıxır, dünya ictimaiyyətində ölkəmizə qarşı mənfi rəy formalaşdırırlar. Yenə də timsah göz yaşları axıdan Ermənistan dünyanın güc mərkəzlərinin diqqətini özünə cəlb etməyə çalışır. Bu işdə ən çox Fransanın ssenarisinə üstünlük verir, çünki Paris də Yerevan kimi ədalətsizlik yuvasıdır.
Fransa Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını da bu məsələdə özünə alət edib. Həftə səkkiz, mən doqquz toplantılar qurdurur, Ermənistanın günahsız olduğunu, Azərbaycanın beynəlxalq hüquq normalarını pozduğunu ucadan səsləndirir və özünə dəstək ala bilmir. Deyirlər, utanmasan oynamağa nə var ki? Fransa da eyiblərinə kor olmur, məğlubiyyətinə görə məyus olmaqdansa təzə-təzə havalara oynayır.
Avqustun 16-da da Ermənistan-Fransa cütlüyünün "xoruzları" qoltuqlarına verildi, yəni BMT TŞ bu dəfə də çoxluğun qərarına "hörmət etməli oldu", Azərbaycan əleyhinə qətnamə çıxara bilmədi.
Zümrüd QURBANQIZI,
"Respublika".