Azərbaycan böyük inkişaf dövrünə qədəm qoyub
Digər xəbərlər

Azərbaycan böyük inkişaf dövrünə qədəm qoyub

Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, müsbət bəhrəsini verir

Mövcud reallıq ondan ibarətdir ki, dövlətlərin qurulması və inkişaf etdirilməsi xalqın arasından çıxan və müqəddəs məqsədlər uğrunda inamlı mübarizə aparan liderdən asılıdır. 1990-1993-cü illərdə ölkəmiz dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycanda müdrik, idarəetmədə zəngin təcrübəsi olan, xalqı arxasınca aparmağa qadir şəxsiyyətə böyük ehtiyac yaranmışdı. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqın ondan gözlədiyi işlər qısa zaman kəsiyində reallaşdırıldı. Ölkədə ictimai-siyasi sabitlik yarandı, tənəzzülə uğrayan iqtisadiyyat dirçəldi.

Yadımdadır ki, o illərdə Milli Məclisin üzvü Cümşid Nuriyevlə tez-tez görüşürdük. Söhbətdən məlum olurdu ki, Azərbaycan büdcəsində vəsait demək olar ki, yoxdur. Ulu Öndərin böyük zəhməti nəticəsində "Əsrin müqaviləsi" imzalandı və Azərbaycan büdcəsi artmağa başladı. Bu bir həqiqətdir ki, Ümummilli Lider Heydər Əliyev bənzərsiz, şəxsiyyət idi.

Ukraynanın tanınmış şair və yazıçısı, məşhur dövlət xadimi Boris Oleynikin bir fikrini yada salmaq istərdim: "Azərbaycanın Ümummilli Lideri, böyük siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev həm də dünya siyasətinin patriarxıdır. Onun doğma xalqı və öz ölkəsi üçün nə qədər böyük işlər gördüyü hamıya məlumdur. O, həqiqətən millətin atasıdır".

Hətta nəinki ayrı-ayrı xalqların tanınmış nümayəndələri, dövlət başçıları belə Ulu Öndərin fövqəlbəşəriliyi, dühası qarşısında hisslərini gizlədə bilmirdilər.

Rayon ağsaqqalları ilə mütəmadi görüşlərimiz vaxtı bu barədə xeyli danışırıq. Söhbətlərimizin birində rayon Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı rəyasət heyətinin və 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, uzun illər rayonun ictimai həyatında fəal iştirak etmiş İslam Bəhrəmov qeyd etdi ki, indi müstəqil və suveren respublikamızın hər bölgəsi böyük tikinti meydançasını xatırladır. Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş proqramlar uğurla həyata keçirilir. Vətənimizin bir parçası olan doğma Ağsu rayonunun ağsaqqalları, veteranları, ziyalıları da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyir və buna əməli işləri ilə cavab verməyə çalışırlar.

Müstəqil Azərbaycan dövlətinin memarı, respublikamızı parçalanmaqdan, xaosdan, qeyri-müəyyənlikdən xilas edən, xalqımızın etimad göstərərək Prezident seçdiyi İlham Əliyev hər bir vətəndaşın Prezidenti olaraq Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi varisi olduğunu sübut etmiş, onun ideyalarının və arzularının həyata keçirilməsinə nail olmuş, doğma yurdumuzun ərazi bütövlüyü və suverenliyimiz bərpa olunmuşdur.

Cənab İlham Əliyev respublikamıza rəhbərlik etdiyi 20 il ərzində birinci növbədə iqtisadiyyatın möhkəmləndirilməsini diqqət mərkəzində saxlamış, Bakı-Tbilisi-Ceyhan neft, TANAP və TAP qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi beynəlxalq layihələrin istifadəyə verilməsinə nail olmuşdur. Təkcə bir faktı göstərmək kifayətdir ki, ölkəmizdə yaradılmış investisiya şəraitinə, əmin-amanlığa və sabitliyə görə Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan artıq investisiya qoyulmuşdur.

Prezident İlham Əliyev ölkədə iqtisadiyyatın inkişaf etdirilməsi ilə yanaşı, ordu quruculuğuna da ciddi fikir vermişdir. Prezidentimizin dediyi kimi, 44 günlük İkinci Qarabağ müharibəsində qələbənin qazanılmasında son iyirmi ildə yetişdirilmiş vətənpərvər gənc nəslin xidməti çox böyük olmuşdur. Orduya lazımi qədər maliyyə vəsaitinin ayrılması Azərbaycan ordusunu dünyanın ən müasir və ən güclü orduları sırasında ön yerlərdən birinə çıxarmışdır. 44 günlük müharibədə zəfər qazanmağımız, eyni zamanda ümumxalq birliyi sayəsində mümkün olmuşdur. Həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin otuza yaxın xarici ölkələrin xəbər agentliklərinə verdiyi müsahibələr informasiya müharibəsində də qələbəmizi təmin etmişdir. Son üç ildə böyük Heydər Əliyev məktəbinin yetirməsi, layiqli davamçısı və siyasi varisi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, Şuşanın alınması, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda üçrəngli bayrağımızın dalğalanması, ölkəmizin suverenliyinin təmin olunması, şəhər və kəndlərimizdə aparılan quruculuq işləri, Böyük Qayıdış proqramının həyata keçirilməsi hər birimizi qürurlandırır. Bütün bu tədbirlər müstəqil Azərbaycan dövlətinin yeni tarixinin silinməz səhifələridir.

Prezident, yenilməz sərkərdə, Ali Baş Komandan İlham Əliyev bu il oktyabrın 15-də Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində demişdir:

"Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm. Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərimə" əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı "Allaha Şükür" deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək".

Biz qalib sərkərdə, Prezident İlham Əliyevin dediyi kimi, əbədi olaraq Xankəndidə, Xocalıda, Şuşada, Ağdərədə, Kəlbəcərdə və digər tarixi ərazilərimizdə yaşayacağıq və əbədi yurdumuz olan bu bölgələri inkişaf etdirəcəyik. İşğaldan azad edilmiş rayon və kəndlərimizdə dövlət başçımızın qətiyyətli rəhbərliyi və məqsədyönlü siyasəti sayəsində müəyyənləşən proqramların uğurla həyata keçirilməsi ölkəmizin dünyadakı rolunu daha da genişləndirir.

Seyfəddin ABDULLAYEV,

Ağsu Rayon Ağsaqqallar Şurasının sədri.