“İrs
Digər xəbərlər

“İrs" jurnalının Çin dilində növbəti nömrəsi nəşr olunub

Azərbaycan mədəniyyətinin, incəsənətinin xaricdə təbliği ilə məşğul olan "İRS" jurnalının Çin dilində növbəti nömrəsi nəşr edilib.

AZƏRTAC xəbər verir ki, jurnalın bu sayında ölkəmizin, o cümlədən Qarabağın mədəniyyətinə, qədim tarixinə, Ermənistanın işğalçılıq siyasətinə və onun mənfur nəticələrinə, İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqlara aid məlumatlar yer alıb.

Baş redaktor Musa Mərcanlı "Azərbaycanda tarixi ədalətin bərpası" başlıqlı "Ön söz"də jurnalın budəfəki nömrəsində əsas diqqətin Qarabağ və onunla bağlı hadisələrə yönəldiyini bildirib. Qeyd olunub ki, 30 ilə yaxın Ermənistanın işğalı altında olan Qarabağın azad edilməsinin tarixi əhəmiyyəti böyükdür. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri 44 günlük müharibənin nəticələrini rəsmiləşdirən və Azərbaycanın ərazi bütövlüyünün bərpasını qeyd edən üçtərəfli Bəyanatı imzalayıblar. Bununla da ədalətsizliyə son qoyuldu və zəmanəmizin ən uzun münaqişələrindən biri dayandırıldı.

Jurnalda ötən ilin payızında baş verən və cəmi 44 gün davam edən müharibədə Azərbaycanın parlaq Qələbəsindən sonra yeni geosiyasi vəziyyətin formalaşması barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun "Postmüharibə dövrünün reallıqları" adlı məqaləsində də geniş bəhs olunur. Məqalədə İkinci Qarabağ savaşındakı Qələbə sayəsində Azərbaycanın beynəlxalq hüququn, BMT və digər beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədlərin tələblərini yerinə yetirdiyi bildirilib.

Mədəniyyət naziri Anar Kərimovun "Qarabağın azadlığı ilə bütövləşən Azərbaycan mədəniyyəti" adlı məqaləsində Qarabağın Azərbaycan mədəniyyətinin tarixində və bu günündə mühüm yeri xarakterizə edilib. Məqalədə Pənahəli xanın əsasını qoyduğu Qarabağ xanlığının, Şuşa şəhərinin, Qarabağda həmin dövrdə tikilmiş tarixi abidələrin, burada yaranmış mədəniyyət, ədəbiyyat və musiqi nümunələrinin Azərbaycan mədəniyyətində tutduqları yerin əhəmiyyəti qeyd olunub. 30 illik erməni işğalı dövründə dağıdılmış mədəniyyət abidələrinin bərpası, xüsusilə də azad Şuşada yenidən "Xarıbülbül" musiqi festivalının keçirilməsi hər şeydən əvvəl bunu göstərir: Qarabağın azad edilməsi ilə Azərbaycanın bu qədim diyarına mədəniyyət yenidən qayıdır, Azərbaycanın ərazisi kimi mədəniyyəti də birləşir, bütövləşir. Bunun sayəsində də Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ilk dəfə olaraq dünyaya öz mədəniyyətini bütövlükdə təqdim etmək imkanı qazanır.

Rusiyalı politoloq, tarix elmləri namizədi, professor Oleq Kuznetsovun "Təcavüz üçün yaradılmış dövlət" məqaləsində belə bir tezis irəli sürülür ki, Azərbaycana qarşı təcavüz siyasəti erməni dövlətinin əsas hüquqi sənədlərindən, o cümlədən Ermənistanın Dağlıq Qarabağ ilə birləşməsi haqqında 1989-cu ildə qəbul edilmiş sənəddən irəli gəlir. Belə çıxır ki, müasir Ermənistanın konstitusion-hüquqi əsasları yenidən nəzərdən keçirilməyincə, bu siyasət davam edəcək.

Rusiyalı jurnalist Andrey Vasilyevin "Qarabağ haqqında kənardan qeydlər"ində mətn və fotoşəkillərin dili ilə işğalçıların Qarabağda törətdikləri dağıntıların miqyası, o cümlədən dini ibadətgahlara və qəbiristanlıqlara qarşı hörmətsizlik göstərilib.

Jurnalın budəfəki nömrəsinə publisist və fotoqraf Səbinə Tumanskayanın "Azərbaycanı kəşf edərkən: Karvansaradan vulkan kraterinə qədər", tarix elmləri namizədi Aygün Məmmədovanın "Qarabağ adıçəkilən ilk sikkələr", Konfutsi İnstitutunun Azərbaycanda ilk könüllü müəllimi olmuş Sun Yanın "Mənim gözümdə Azərbaycan" və ölkəmizdə yaşayan Liu Lipinin "Mən və Azərbaycan 15 il" məqalələri də daxil edilib.

Nəşrin Çin dilinə redaktoru Rəşad Kərimov bildirib ki, bu jurnal vasitəsilə çinli oxucular Azərbaycan haqqında reallıqları ilk mənbədən Çin dilində oxuması olduqca vacib faktorlardan biridir. Bu baxımdan "İrs" jurnalı çinlilərin Azərbaycanı daha da yaxından tanımaları üçün mükəmməl məlumat toplusudur. Jurnalın nüsxələri Çinin elmi-tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndərilir.

AZƏRTAC