Yeniləşən, əzəli yurdumuz FÜZULİ
Gündəm

Yeniləşən, əzəli yurdumuz FÜZULİ

"Füzuli şəhəri və rayonun Qoçəhmədi kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğaldan azad edilib". 3 il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edərək bu xoş müjdəni verdi.

30 ildir ki, işğalda olan Füzuli və onun kəndləri Azərbaycan Ordusunun qətiyyətli əks-hücumu nəticəsində öz sahibinə qayıtdı. Lakin bu qalibiyyət heç də asan əldə olunmadı. 30 il boyunca Füzulidə quraşdırılan mina-tələlər, mühəndis-istehkam qurğuları, ard-arda tikilən səngərlər onu çətin, keçilməsi şərt bir mövqeyə çevirmişdi. Təbii ki, bu istiqamətdə maneələr bununla kifayətlənmirdi. Birinci Qarabağ savaşında Ermənistan Ordusu Füzulini işğal etdikdən sonra burada genişmiqyaslı müdafiə işləri görmüşdülər. Həmin vaxt Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyan burada yerləşən xəttin möhkəmləndirilməsinə özü şəxsən nəzarət etdiyi üçün bu xətt həmin vaxtdan "Ohanyan xətti" adlandırılırdı. Lakin Azərbaycan Ordusu Füzuli əməliyyatı ilə "Ohanyan mif"ini darmadağın edərək Füzuliyə daxil oldu. Hərbi ekspertlərin fikrincə, aylar çəkəcək mövqe çox qısa bir müddətdə Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldü.

Onu da qeyd edək ki, 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılan bu cənnətməkan Azərbaycanın ən böyük mədəni guşələrindən biri hesab olunur. Füzuli şəhərindən 17 km qərbdə yerləşən məşhur Azıx mağarası və Tağlar mağarası dünyanın ən qədim insan məskəni kimi UNESCO-nun maddi-mədəni irs siyahısına salınıb. Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin əsasında inşa olunan bir sıra memarlıq abidələri vardır. Babı, Arğalı türbələri, Aşağı Veysəlli kəndində Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. Bu kimi tarixi əhəmiyyət daşıyan abidələr erməni işğalçıları tərəfindən dağıdılmış və məhv edilmişdir. 1993-cü il avqustun 23-də erməni qəsbkarları tərəfindən işğal edilən Füzuli talan edilmişdir. Həmçinin Qarabağ zonasında basdırılan minaların böyük bir qismi bu ərazinin payına düşür. Hər qarışı strateji mövqe hesab olunan Qarabağın Füzuli diyarı ermənilər üçün güclü müdafiə xətti rolunu oynayırdı. Məhz 30 il ərzində düşmən demək mümkünsə, buradan qalxan kimi istifadə edirdi. Vətən müharibəsinin başladığı ilk gündən bütün diqqətlər bu əraziyə cəmlənmişdi. Güclü Azərbaycan Ordusu çətin döyüş yola keçərək Füzuli istiqamətində irəlilədi. Heç bir hisslə ifadə oluna bilməyəcək 44 günün Füzuli zəfəri Ordumuzun növbəti qələbələrinə təkan verdi.

Füzuli şəhəri 1993-cü il avqustun 23-də işğal edilsə də, 1994-cü ilin yanvarında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunmuşdu. Qısa müddət ərzində rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılmış, həyat yenidən öz axarına düşmüşdür. 2020-ci ildə tamamilə işğaldan azad edilən Füzuli yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İşğal dövründə daşı daş üstə qalmayan cənnətməkanımız sürətlə yenidən inşa edilir. Zəfərdən sonra işğaldan azad edilmiş Füzulidə nəhəng bərpa və quruculuq işlərinə başlanılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuliyə mütəmadi səfərləri zamanı həmişə yerli şəraitlə tanış olur, bərpa-quruculuq işləri ilə maraqlanır. Dövlət başçısının bu məqsədlə Füzuliyə ilk səfəri 2020-ci il noyabrın 16-da, böyük qələbədən dərhal sonra olub. Azərbaycan Prezidenti və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəliblər. Bu səfərində Prezident Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib və Füzuli-Şuşa avtomobil yolunun - Zəfər yolunun çəkilişinə başlanılıb. 7 noyabr 2021-ci ildə Prezident və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışını ediblər. 2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Məhz işğaldan azad edilmiş ərazilərdə sənaye potensialını nəzərə alsaq, Füzulidə açılan hava limanı həm də Qarabağda istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından olduqca vacibdir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yoludur. Tikintisi bu ilin mayında yekunlaşan avtomobil yolunun açılışını Prezident İlham Əliyev şəxsən özü etmişdir. Avtomobil yolunun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli olacaq bu yol başlanğıcını "Zəfər Yolu"ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir. Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni 21.5 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ötən il fevralın 14-də təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişi sürətlə davam etdirilir. Minaların təmizlənməsi ilə paralel tikilən dəmir yolunun bu ilin sonunda açılması planlaşdırılır.

Təbii ki, işğaldan azad olunan yerlərdə görülən bərpa-quruculuq işləri, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması Azərbaycan qədər ona dost ölkələri də sevindirir. Qalib Azərbaycan ilə dostluq, qardaşlıq münasibətləri olan bəzi dövlətlər Qarabağda gedən bərpa-quruculuq və yenidənqurma işlərinə öz töhfələrini verirlər. Sözsüz ki, mövzu Füzulidən gedirsə, burada Özbəkistan prezidenti Şavkat Mirziyoyevin tikdirdiyi Mirzə Uluqbəy adına məktəbi nümunə göstərmək olar. Ötən ay məktəbin açılışını Prezident İlham Əliyevlə birgə edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin prezident seçildikdən sonra ilk səfərini məhz ölkəmizə etməsi isə bu əməkdaşlığın Füzuliyə böyük töhfəsidir.

Bu il iyulun 31-də işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Belə ki, artıq bu ildən oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunacaq. Bu mötəbər hadisə Azərbaycanın işğaldan azad olunan ərazilərinə göstərilən xüsusi qayğını təcəssüm etdirir.

Füzuli bu ildən öz doğma sakinlərinə də qovuşub. Belə ki, artıq 165 ailə, yəni 602 nəfərin daimi məskunlaşması təmin olunub. Prezident İlham Əliyevin ötən gün Füzulinin Cuvarlı və Qoçəhmədli kəndlərinin təməlini qoyması ilə qayıdış prosesinin daha da sürətlənəcəyi şübhəsizdir. Günü-gündən çiçəklənən Füzuli İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qətiyyət və əzmkarlıq simvolu hesab oluna bilər. Keçilməz deyilən bütün baryerləri keçən ordumuz bu gün Füzulinin və digər işğaldan azad olun ərazilərimizin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu canı və qanı bahasına sübut etdi. Allah şəhidlərimizə rəhmət etsin!

Tacir SADIQOV,

"Respublika".