Verdiyi sözü əmələ çevirən Lider
Gündəm

Verdiyi sözü əmələ çevirən Lider

Vətən müharibəsinin regiona gətirdiyi yeni reallıqlardan biri də 90-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağ və Şərqi Zəngəzurda etnik təmizləyəmə məruz qalmış keçmiş məcburi köçkünlərimizin hissə-hissə öz doğma yurdlarına geri qayıtmasıdır. Azərbaycan üçün çox böyük maliyyə yükü olmasına baxmayaraq, Böyük Qayıdış Proqramının icrası Prezident İlham Əliyev tərəfindən bir nömrəli vəzifə seçilib. Məhz bu səbəbdən qısa zaman ərazində 2 mindən çox keçmiş məcburi köçkün işğaldan azad olunmuş ərazilərə qayıdaraq öz həyatlarını orada davam etdirirlər.

Oktyabrın 10-da dövlət başçısının tapşırığına uyğun olaraq növbəti dəfə Qarabağ iqtisadi rayonunun Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı baş tutub. Budəfəki köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb və bu mərhələdə Füzuli şəhərinə daha 21 ailə - 88 nəfər köçürülüb. Bununla da yenidən qurulan Füzuli şəhərində 165 ailənin - 602 nəfərin daimi məskunlaşması təmin ediləcək. Doğma yurdlarına qayıdan Füzuli şəhər sakinləri dövlətimiz tərəfindən yenidən inşa olunan mənzillərdə məskunlaşacaq. Ümumilikdə isə artıq 2388 nəfər məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq. Növbəti üç ildə isə 100 mindən çox keçmiş məcburi köçkünün evlərinə qayıdacağı planlaşdırılıb.

Birinci Qarabağ müharibəsində torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalması nəticəsində 1 milyona yaxın soydaşımız əzəli torpaqlarından etnik təmizləməyə məruz qalaraq 30 ildən çox müddətdə ölkəmizin müxtəlif yerlərində məcburi köçkün statusu altında yaşamağa məcbur olmuşdular. Müstəqilliyinin ilk illərində iqtisadi-siyasi kollaps vəziyyətinə düşmüş Azərbaycanın, həm də qaçqın və məcburi köçkün problemi ilə baş-başa qalması həmin dövrün ən çətin sınağı idi. Lakin zaman keçdikcə güclü və qüdrətli ölkəyə çevrilən Azərbaycanda məcburi köçkünlərə diqqət və qayğısını daim ön planda tutuldu və onların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində çoxsaylı işlər görüldü. Ümummilli lider Heydər Əliyevin bu sahəyə xüsusi diqqəti Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 il ərzində də davam etdirildi. Hər il onlar üçün 300-500 milyon ABŞ dolları arasında vəsait ayırıldı, yeni yaşayış məntəqələri tikildi. 300 mindən çox məcburi köçkün yaxşı şəraitlə, yeni mənzillərlə, evlərlə təmin edildi. Prezident İlham Əliyevin yürütdüyü siyasətin fundamental prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı keçirilən tədbirlər nəticəsində bir dənə də olsun çadır şəhərciyi qalmadı və bu kateqoriyadan olan insanların hamısı müasir qəsəbələrə yerləşdirildi.

Təkcə Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk 10 ildə 77 qəsəbə və ya məhəllə, 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi tikilmişdir. Kemiş məcburi köçkünlərin sosial müdafiəsi üçün ümumilikdə indiyədək 4,4 milyard manat vəsait sərf olunmuşdur. Bu vəsaitin 84 faizi son 10 ildə ayrılmışdır. Bu illər ərzində məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin illik büdcəsi isə 4,6 dəfə artmışdır. 2003-2013-cü illərdə keçmiş məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 15 faizədək azalmışdır. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Azərbaycan Prezidentinin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən Əlavələrin müvafiq bəndlərinə əsasən Gəncədə 1500 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi tikilmişdir. Həmin yaşayış kompleksindəki binalarda 1400-ü Kəlbəcərdən, 100-ü Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Zəngilan, Xocalı, Xocavənddən olmaqla 1500 ailə və ya 6750 məcburi köçkün məskunlaşmışdır. 2008-2013-cü illərdə bütün sosial-texniki infrastruktura malik 23 müasir qəsəbə salınmış, 16 min ailə və ya 76 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

Dövlət başçısı İlham Əliyev ölkəyə rəhbərlik etdiyi gündən ən böyük problem olan keçmiş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni etmiş və onlara söz vermişdi ki, əsas tikinti işləri torpaqlarımız işğaldan azad olunandan sonra başlanacaqdır. Hələ 10 il öncə məcburi köçkünlərlə görüşən zaman dövlət başçısının dediyi bu sözlər bugünkü reallıqla tam olaraq üst-üstə düşür. "…işğala son qoyulandan sonra, - mən buna əminəm ki, o gün gələcəkdir, - biz Kəlbəcərdə, Laçında, bütün başqa şəhərlərdə gözəl binalar tikəcəyik. Əvvəlki illərdəkindən daha da gözəl binalar olacaqdır. O gün gələcəkdir. O günü yaxınlaşdırmaq üçün biz hamımız çalışırıq, çalışacağıq. Azərbaycan güclənir, ölkənin gücü, iqtisadi, hərbi potensialı, əhalisi artır".

Hazırda 2020-ci ildə Azərbaycan Ordusunun qazandığı parlaq zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun əsl sahibləri geri qayıdıb həmin ərazilərin sürətli inkişafını həyata keçirir. Böyük Qayıdış Proqramı çərçivəsində burada müasir texnologiyalar, "ağıllı şəhər" və "ağıllı kənd"lər inşa olunur, ən müasir şəhərsalma nümunələri istifadə edilir. Vətən müharibəsindən bu günə qədər bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Gələn il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində keçmiş məcburi köçkünlərimiz Laçın və Füzuli şəhərlərinə, həmçinin Ağalı, Talış və Zabux kəndlərinə qayıdıblar. Artıq 8 şəhər və 92 kəndin Baş planı təsdiqlənib və 30 kəndin təməli qoyulub.

Musa BAĞIRLI,

"Respublika".