YENİ REALLIQLAR YENİ YANAŞMALAR TƏLƏB EDİR
Digər xəbərlər

YENİ REALLIQLAR YENİ YANAŞMALAR TƏLƏB EDİR

Möhtəşəm Qarabağ zəfərindən sonra müxtəlif beynəlxalq təşkilatların, ittifaq və birliklərin Azərbaycana diqqəti və marağı xeyli artıb. Bu da təsadüfi deyil. Çünki müstəqil Azərbaycan təkcə cənubi Qafqazda deyil, ümumən dünya siyasi sistemində yeni reallıqlar yaradıb. Beynəlxalq  təşkilatların rəhbərlərinin ölkəmizə səfərləri, dövlət başçımızla görüşləri, mətbuat konfranslarının keçirilməsi, ölkəmizin iqtisadi potensialı, mövcud reallıqlarla yerindəcə tanışlıqları və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması olduqca təqdirəlayiqdir.

Azərbaycan Prezidenti cənab  İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bu günlərdə keçirilən birgə mətbuat konfransı xüsusilə diqqəti cəlb edir. Konfransın keçirildiyi məkan yəqin ki,  milyonlarla izləyicilərin diqqətindən yayınmayıb. Açıq havada keçirilən tədbirdə arxa fonda yaşıllığın və Xəzər dənizinin görüntüsü rəmzi məna daşıyırdı.

Doğrudan da Tanrı ana yurdumuzdan heç nə əsirgəməyib. Azərbaycan  təbii resurslarla, yeraltı və yerüstü sərvətlərlə zəngin olan bir diyardır. Xalqımız haqlı olaraq  öz müdrik Prezidenti, müzəffər ordusu,  igid və qəhrəman oğulları ilə fəxr edir, qürur duyur. Məhz həmin igid oğulların canı, qanı bahasına Qarabağ torpağı düşməndən azad olundu, ərazilərin işğalına son qoyuldu. Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini ordumuz 44 gün ərzində reallığa çevirdi. Ermənistan qoşunlarının işğal etdikləri ərazilərdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini şanlı ordumuz həyata keçirtdi.

Bu gün rəsmi Bakı Beynəlxalq təşkilatlarla daha sıx işləyir, onlar regionda baş verən hadisələrlə yaxından tanış olur, ölkəmiz haqqında yanlış təsəvvürlər, saxta məlumatlar və digər yalanlar aradan qaldırılır. Ölkəmiz sülh barədə düşünür və yeni səhifə açmaq istəyir.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ölkəmizə səfəri üzərində dayanmaq istərdim.  Bu səfəri həmin təşkilatla tərəfdaşlığımızın göstəricisi kimi də qiymətləndirmək olar. Ötən illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan ilə Avropa İttifaqı arasında möhkəm təməllərə əsaslanan əməkdaşlıq yaranıb. Məhz bu siyasətin nəticəsində Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşa çevrilib.

 Bu tərəfdaşlıq nəticəsində ticarət sahəsində uğurlu addımlar atılıb.

Ölkəmiz ticarətin 40 faizini Avropa İttifaqı ölkələri ilə aparır. Keçənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları təşkil edib. Avropa İttifaqına ixrac məhsullarının həcmi 6,8 milyard ABŞ dolları həcmindədir. Üzv dövlətlərin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Azərbaycanın üzv dövlətlərlə ikitərəfli əlaqələri daim inkişaf edir.

Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında müvafiq sənədlər imzalanıb. İttifaqın 27 üzvü olduğunu nəzərə alsaq, üzv dövlətlərin üçdə biri ilə ölkəmiz səmərəli  əməkdaşlıq edir.

Ticarətdən əlavə enerji təhlükəsizliyi sahəsində də əlaqələr mövcuddur. Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti xüsusi  qeyd olunmalıdır. Keçən ilin axırında dəhlizin sonuncu-dördüncü seqmenti olan Trans-Adriatik kəməri istismara verilib. Ümumilikdə layihənin həyata keçirilməsinə 33 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Bu il yanvarın 1-dən Azərbaycandan Avropa İttifaqının üzv dövlətlərinə, o cümlədən İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox qaz ixrac olunub. Azərbaycan Avropa İttifaqı ilə birlikdə uzun müddətdir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir.

Avropa İttifaqı ilə əməkdaşlıq həm də strateji əhəmiyyət kəsb edir. Mətbuat konfransında Şarl Mişel vurğuladı ki, Azərbaycanla əməkdaşlıq yüksək səviyyədədir və bu əməkdaşlığın yeni texnologiyalar əsasında inkişaf etdirilməsi vacibdir. Azərbaycanda həm rəqəmsal texnologiyalara, həm də iqlim dəyişikliyinə cavab verən iqtisadi inkişaf mövcuddur. Bu da Avropa İttifaqının marağındadır.

Mövcud infrastruktur və nəqliyyat şəbəkəsi Azərbaycana layihələri qısa zamanda həyata keçirməyə imkan verəcəkdir. İşğaldan azad edilmiş ərazilərdə üç beynəlxalq hava limanı inşa edilir. Füzuli hava limanı ilin sonunadək istismara veriləcək. Zəngilandakı hava limanı gələn il, Laçındakı beynəlxalq hava limanı isə 2023-cü ildə hazır olacaq. Ölkəmizdə beynəlxalq hava limanlarının sayı 9-a çatacaq. Həmçinin işğaldan azad olunmuş ərazilər xarici investisiyalar üçün açıqdır. Burada bir neçə maraqlı sahə vardır. Qarabağ və Şərqi Zəngəzurun münbit torpaqları və turizm potensialı xarici sərmayə üçün cəlbedici ola bilər.

Bir sözlə, gələcək üçün böyük perspektivlər vardır.  Lakin mənfur düşmənin son 30 ildə etdikləri və bu gün də davam etdirdiyi “siyasət” bütün regionda möhkəm, dayanıqlı sülhün bərqərar olmasına və beynəlxalq layihələrin inkişafına mane olur. Bu cinayətkar dövlət işğal olunmuş ərazilərdə xalqımızın tarixi, mədəni və dini irsini qəsdən dağıdıb, məhv edib. Ağdam, Füzuli və digər şəhərlər artıq mövcud deyil. O yerlərdə bir salamat bina belə yoxdur.

Təəssüf ki, bu həqiqətləri bəzi beynəlxalq təşkilatlar görmürlər. İşğalçı Ermənistana hələ də “gözün üstə qaşın var” demirlər. Bu bir yana qalsın, hərbi cinayətkar olan İrəvana yardımlar edirlər. Xüsusən də Avropa İttifaqı. Bu ittifaq Ermənistana 2,6 milyard avro vəsait ayırıb. Gürcüstana 2,3 milyard avro. Bizə isə 150 milyon avro. Fərqə fikir verin. Necə deyərlər, izahata ehtiyac yoxdur. Baxmayaraq ki, son 30 ildə ən çox dağıntılara məruz qalan ölkə Azərbaycandır. Budurmu, qərb ədaləti?

Ancaq bilməlidirlər ki, Azərbaycan müstəqil siyasət yürüdür. Bu xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən başlanan və Prezident İlham Əliyev tərəfindən uğurla davam edən müstəqil siyasətdir.

Şarl Mişel öz çıxışında ölüb getmiş “Dağlıq Qarabağ” ifadəsini, eləcə də “status” sözünü işlətmədi. Axı, necə işlədə bilərdi?  Möhtərəm Prezidentimiz  bu barədə  qəti, konkret fikrini dəfələrlə söyləyib.

Xalqımız sabaha böyük ümidlə və inamla addımlayır. Çünki, Azərbaycan adlı məmləkətin işıqlı gələcəyini müəyyənləşdirən, nəyi nə vaxt və necə etməyi bacaran, xalqımızı parlaq gələcəyə aparan müdrik rəhbərimiz var!

Azad ABDULLAYEV,

Astara Pedaqoji Kollecinin müəllimi,

Qabaqcıl təhsil işçisi.