İrəvana yeddi məktub
Digər xəbərlər

İrəvana yeddi məktub

Görkəmli yazıçı-publisist, ictimai-siyasi xadim H idayət Orucovun "Burdan min atlı keçdi" kitabını vərəqlədikcə, illərin isti-soyuğunu qəlbində yaşadan, yaddaşında xoş xatirələri çözələyən yazıçının qələmə aldığı əzəli türk torpaqları olmuş Qərbi Azərbaycanda soydaşlarımızın yaşadığı ictimai-siyasi şəraitin, ədəbi-mədəni mühitin, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçdiyi yolun, görkəmli azərbaycanlı ictimai və dövlət xadimlərinin fəaliyyətinin, bütövlükdə Qərbi azərbaycanlıların illər boyu məkrli erməni siyasətinə qarşı apardıqları mübarizənin canlı şahidinə çevrilirsən sanki...

Kitabın "İrəvana yeddi məktub" bölməsində isə müəllif ötən əsrin 70-ci illərindən başlayaraq İrəvanda genişlənən anti-Azərbaycan, antitürk siyasətini, xüsusilə də həmin dövrdə ermənilərin Heydər Əliyev şəxsiyyətinə qısqanclıq, paxıllıq, hətta düşmənçilik münasibətini əks etdirən müşahidələrini qələmə alıb. Kitabın "İrəvana yeddi məktub" adlı bölməsində müəllif yazır:

"Gevork Eminin "Ermənistan haqqında yeddi nəğmə"sindəki şişirtmələri də oxumuşam, S.Kaputikyanın "Karvanlar hələ yoldadır"ındakı, V.Petrosyanın "Erməni eskizləri"ndəki uydurmaları da. B.Ulubabyanın, S.Xanzadyanın, H.Şirazın, Z.Balayanın, K.Simonyanın... qatı şovinizm qoxuyan, qonşu xalqlara qarşı nifrət, soyqırımı hissləri aşılayan, həqiqətdən, məntiqdən uzaq cəfəngiyyatlarıyla da çoxdan tanışam... Xeyli vaxtdır içimdə "Yeddi məktub"u yazmağa ciddi ehtiyac duyuram. Və son aylarda hiss edirəm ki, daha yazmamaq mümkün deyil. Ona görə qələmə üz tuturam və yaza-yaza mənə elə gəlir ki, yazdıqlarım yalnız "Bakıdan İrəvana məktublar"dır...".

Yeri gəlmişkən, onu da qeyd edək ki, ermənilərin öz havadarlarına arxalanaraq açıq şəkildə həyata keçirdikləri millətçilik siyasətini tənqid etmək, xalqımızın dahi oğlu Heydər Əliyev şəxsiyyətinə düşmənçilik münasibətlərini onlarla bir məkanda çalışa-çalışa qələmə almaq o dövrdə müəllifdən böyük cəsarət tələb edirdi. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyimiz bir vaxtda XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində dünyanı heyrətləndirən siyasət korifeyi, dövlətçilik patriarxı, dünyaşöhrətli dahi şəxsiyyət haqqında ilk yazılardan olan "İrəvana yeddi məktub" bu gün də aktualdır. Oxucu marağını nəzərə alaraq həmin məktubları ardıcıllıqla təqdim edirik:

26 oktyabr, 1982 IV məktub

Hraçya danışdıqca heyrətini gizlədə bilmirdi: "O, siyasət adamı, partiya lideri olmasaydı böyük sənət xadimiydi! Dövlət rəhbərlərinin içində incəsənəti belə dərindən bilən yoxdur".

Səhiyyə naziri Emil Qabrielyan da İrəvana heyrət içində qayıtmışdı. Özü də Bakıdan yox, Moskvadan. SSRİ Səhiyyə Nazirliyinin geniş kollegiya iclası keçirilirmiş. Məruzə və çıxışlar sona çatanda SSRİ səhiyyə naziri Sergey Burenkov üzünü kollegiya iclasında iştirak edən Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevə tutur:

- Çox hörmətli Heydər Əlirza oğlu, böyük məmnunluqla Sizin qeydlərinizi, tövsiyələrinizi dinləmək istərdik.

Heydər Əlirza oğlu tribunaya yaxınlaşır:

- Geniş kollegiya iclasında ölkə səhiyyəsinin rəhbərləri,        görkəmli akademiklər, alimlər, təbiblər, mütəxəssislər iştirak edirlər. Mən səhiyyə barədə, təbabət işinin təşkili haqqında sizə məsləhət vermək fikrində deyiləm. Sadəcə, təbabətlə bağlı dövlət siyasətinin əsas prinsipləri haqqında fikirlərimi sizlə bölüşmək istəyirəm.

Erməni nazirin sonrakı fikirləri də olduğu kimi yaddaşıma həkk olunub: "Əlli beş dəqiqə danışdı. Mətnsiz, qeydsiz. Təkcə dövlət siyasəti məsələsi deyildi, o, əsl təbabət akademiki, peşəkar səhiyyə qurucusu, təşkilatçısı və nəhayət, böyük həkim kimi, loğman kimi (!) danışırdı. O nəhəng salonda neçə yüz akademik, professor, rektor, nazir... heyrət içindəydi - görkəmli dövlət xadimi səhiyyəni belə incəliklərinəcən öyrənməyə necə vaxt tapıb, həvəs arayıb? Çıxışı dəfələrlə alqışlandı, iclasdan sonra iştirakçıların baxışlarındakı xoş heyrət, xoş təbəssüm gözlərim önündən getmir. O iclas salonu da yəqin ki, belə dövlət xadiminin çıxışını "xatırlamırdı". ...Əgər o dövlət xadimi olmasaydı, bu gün ən böyük təbib idi!".

Bunları Ermənistanın səhiyyə naziri söyləyirdi...

Yaddaşımda belə məzmunlu başqa deyimlər də qalıb, hamısını çözələsəm - çox vaxt gedər, ancaq Vartges Petrosyanla bu mövzuda söhbətlərimi yada salmamaq olmur. Vartgesin Yazıçılar İttifaqının sədri, SSRİ Ali Sovetinin deputatı kimi Heydər Əlirza oğlu ilə görüşmək şansları olmuşdu və o, bu şanslardan birini də fövtə verənlərdən deyildi. Sonralar hiss etdim ki, Azərbaycanın rəhbərinə və onun ölkəsinin yüksəlişinə çox qısqanclıqla baxır. Erməni ziyalıları üçün xarakterik olan paxıl millətçilik mərəzi, Azərbaycanın uğurlarını gözügötürməzlik bu yazıçıya da xas idi, eyni zamanda K.Dəmirçyanın uşaqlıq dostu və məsləkdaşı kimi o, Heydər Əliyevin qüdrətini, bölgədə şərksiz liderliyini, Ümumittifaq miqyasında alternativi olmayan yüksək, güclü nüfuzunu qəbul eləyə bilmirdi.

Onlar həqiqətən əsl dost idilər, on il bir sinifdə oxumuş, bir partada oturmuşdular. Karen birinci katib kreslosuna keçən kimi Vartgesi "Qarun" ("Bahar") jurnalının redaktoru vəzifəsindən birdən-birə SSRİ Ali Sovetinə deputat elədi, az sonra Yazıçılar İttifaqının sədri seçdirdi. Vartges mənə deyirdi ki, onlar hər bazar gününü ailəlikcə bir yerdə - Karenin ya evində, ya da bağında keçirirlər. Vartgesə də layiq olduğu qiyməti vermək lazımdır: o, Karenin etimadını doğrultdu, erməni ədəbiyyatının, ümumiyyətlə, mədəniyyətinin inkişafında və ən başlıcası, təbliğində xidmətlər göstərdi, erməni mədəniyyətinin "vojdu" sayıldı. Ancaq çox təəssüf ki, o da sonralar millətçi-şovinistlərin səviyyəsinə endi.

Mən İrəvanda yaşadığım illərdə Vartgesin millətçiliyi öz içindəydi, büruzə vermirdi. Ancaq bayaq dediyim kimi, Heydər Əliyev haqqında fikir söyləmirdi. Paxıllıq hissini ilk dəfə Heydər Əlirza oğlu Siyasi Büroya üzv seçiləndə hiss etdim. Bir söhbətimizdə mən onun ağzını aramaq üçün (heç olmasa, dildə də olsa, təbrikini eşitmək istəyirdim!) sözü bilərəkdən bu böyük seçimə gətirəndə təəssüflə dedi: "Ermənilər yorulmuş xalqdır...". Replikam zarafat "janrındaydı": "Nə ediblər ki, yorulublar?". Ancaq o, üç il ondan öncə Bakıda keçirilmiş "Xalqların dostluğu - ədəbiyyatların dostluğudur" mövzusunda Ümumittifaq konfransından dönəndən sonra heyrətini gizlədə bilmirdi... Qayıdan kimi mənə zəng çalıb dəvət etdi, böyük kabinetinin mərkəzindəki jurnal mizi ətrafına qoyulmuş yumşaq kreslolara "yayılaraq" uzun söhbət etdik. Bakıda gördüklərindən heyranlıq içindəydi:

- Heydər Əlirza oğluyla ayrılıqda görüşmək istədim, dedim məni tək qəbul etməsə Bakıdan getməyəcəyəm. (Heydər Əlirza oğlu konfransda iştirak edən bütün qonaqları birgə qəbul etmişdi - H.). Yaraşıqlı otel, rahat nömrə. Yazmağa hər imkan var! Xəzər sahilində bağ da istəsəydim, verəcəkdilər. Yazıçıya başqa nə lazımdır? Sağ olsun, vaxt tapıb yazıçılardan Georgi Markovu (SSRİ Yazıçılar İttifaqının sədriydi - H.), Rəsul Həmzətovu, bir də məni ayrılıqda qəbul etdi. Söhbətimiz çox şirin və mənalı keçdi... Hətta Bakı-İrəvan reysinin uçuşunu bir saat təxirə saldılar ki, mən çatım... - Erməni tütününü ciyərlərinə sora-sora, - çox müdrik şəxsiyyətdir, - deyərək sözünə davam elədi, - Səni də yaxşı tanıyır!

- Məni? - təəccüblə soruşdum, - ola bilməz...

- Deyirdi çoxdan bir dəfə ayaqüstə görüşübsünüz, amma yaradıcılığınızı izləyir.

Yenə dedim:

- Ola bilməz. Düzdür, bir dəfə onu yaxından görmək nəsib olub mənə, ancaq yaşlılar aman vermədilər ki, mən də bir kəlmə kəsim. O görüş onun yadında qala bilməz. - İlk məktubumun başlanğıcındakı epizodu yerli-yataqlı danışandan sonra bir daha qətiyyətlə bildirdim. - O görüş onun yadında qala bilməz!

- Sən Heydər Əlirza oğlunu tanımırsan! - Əlini kürəyimə vurdu. - Mən dedim: "Bizdə bir gənc oğlan var, istedadlı şairdir, teatrın direktorudur, Ermənistanda Azərbaycan ədəbiyyatını ləyaqətlə təmsil edir...". Onun sözü olduğu kimi yadımdadır: "Bilirəm, sən Hidayəti deyirsən, biz bircə dəfə görüşmüşük, lap çoxdan, ayaqüstə, ancaq onu izləyirəm, maraqlı fəaliyyət göstərir..." - Sonra Heydər Əlirza oğlunun hərtərəfli talantından danışdı, - belə şəxsiyyətlər ədəbiyyata gələndə ancaq patriarx olurlar, - söylədi.

O görüşümüzdə erməni konyakından, türk qəhvəsindən, Azərbaycan çayından içə-içə, "Ahtamar" siqaretinin tüstüsünü ciyərlərinə sora-sora Vartges Heydər Əlirza oğlunun fenomenal yaddaşından, yüksək intellektindən, qeyri-adi erudisiyasından, bənzəri olmayan duyum qabiliyyətindən, ümumiyyətlə, böyük Şəxsiyyətdən ehtirasla danışırdı.

"Heyrət, heyrət..." nidaları səslənirdi içimdə.

Onlarca belə epizod indiyəcən də yaddaşımdan silinmir. Belə epizodlardan birini - marşal Hovhannes (İvan) Bağramyanla son görüşümü xatırlamaya bilmirəm. 1982-ci ilin əvvəlləriydi. Gəncədə ona qoyulmuş büstün açılışından sonra İrəvana gəlmişdi. Əvvəlki Bağramyan - Cənubi Qafqazda hər görüşündə "hər üç respublika mənim üçün eyni dərəcədə doğma və əzizdir - çünki Azərbaycanda doğulmuşam, Gürcüstanda xidmət etmişəm, milliyyətcə isə... erməniyəm" söyləyən, dostluqdan, qardaşlıqdan ürəkdən danışan marşal deyildi. Erməni şovinizmi ona da ciddi təsir etmişdi, hətta gəncliyində Andranikin əsgəri olması, hərbçi kimi guya onun komandanlığı altında formalaşması barədə çoxlu səhifələr yazdırıb memuarlarına (əvvəlki nəşrindən fərqli olaraq!) saldırmışdılar. Bir sözlə, Bağramyan da uzun ömrünün sonlarında ermənilərin millətçi hərbçilərindən (məsələn, yaxından tanıdığım Sovet İttifaqı Qəhrəmanı, general, uzun illər Ermənistanın hərbi komissarı olan A.Qazaryandan) fərqlənmirdi.

O illərdə Sovet İttifaqı qəhrəmanlarına, marşallara doğulduğu məkanda abidə qoyulması SSRİ-nin müvafiq Qanununa uyğun olaraq normativ akt kimi həyata keçirilirdi. Amma doğum yeri məsələsində Hovhannes gəncliyindən "işini görmüşdü", tərcümeyi-halına yazmışdı, sonralar məlumat kitablarına, ensiklopediyalara saldırmışdı ki, guya... Gəncədə anadan olub. Ancaq bununla belə, Şəmkirin Çardaxlı kəndində dünyaya gələn, ilk gəncliyində Gəncənin mərkəzində təhsil aldığı texnikumun həndəvərində gözəl bağın içində ona öz xahişi ilə ucalmış abidəyə baxıb sevincindən göz yaşlarını saxlaya bilməyən qoca hərbçi heyranlıq içində gəlmişdi İrəvana. Mənə söylədi ki, mədəniyyət xadimlərindən başlamış Dəmirçyanacan kimi görürsə, Heydər Əliyevin böyüklüyündən, müdrikliyindən danışır.

- O, böyük dövlət xadimidir, güclü şəxsiyyətdir, bunu hamı bilir, ancaq ölkənin müdafiə sistemi, hətta hərbi texnika barədə məlumatlılığı məni heyrətləndirir, - deyirdi, - belə şəxsiyyətlər hərbi sistemə gələndə generalissimus olurlar. Bircə faktor mane ola bilər: axı, generalissimus olmaq üçün müharibə lazımdır. Əgər müharibə olsa, Heydər Əlirza oğlu mütləq qalib çıxacaq.

Və bu fikirlər (V.Mnatsakanyanın, H.Hovhannesyanın, H.Qaplanyanın, E.Qabrielyanın heyrətləri də o sırada!) Heydər Əliyevə qarşı çoxyönlü təxribatçılıq kampaniyasının son həddə çatdığı vaxtlarda deyilirdi. Yəni Ermənistan müəyyən mənada Heydər Əliyevin böyüklüyünü etiraf etməli olurdu, onun cazibəsindən çıxa bilmirdi.

Və Ermənistanda "beynəlxalq" erməni terrorizmi "torunda" Heydər Əliyevi aradan götürmək üçün baş çatladılırdı. O illərdən xeyli uzaqlaşandan sonra da "Daşnaksütyun" partiyasının rəhbərlərindən olan Gevork Kirakosyan (sovetlər dönəmində qatı millətçi-şovinist olduğu üçün yüksək vəzifələrə - Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri, xarici işlər naziri kreslolarına yiyələnən Con Kirakosyanın oğludur) arınmaz-arınmaz bəyan eləyir: "Heydər Əliyev aradan götürülməzsə, Qarabağ bizə Vətən yox, məhbəs olacaq. Heydər Əliyev Ermənistanla yanaşı dünya erməni lobbisini də sarsıtdı...".

Budur sizlərdə "siyasət adamının siyasəti?".