Təxribatlara cavab olan lokal antiterror tədbirləri
Digər xəbərlər

Təxribatlara cavab olan lokal antiterror tədbirləri

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən ordumuzun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışlar. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır. "Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bayan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Bu barədə hərbi ekspert Rövşən Məhərrəmov bildirir ki, aktiv bazaya keçmiş gərginlik yaradan separatçılar idi: "Bilirsiniz ki, Xankəndidə qeyri qanuni seçkilər keçirildi ki, bu, yolverilməz idi və bütün dünya bunu dəstəkləmədi. Nəticədə, Azərbaycan ordusuna qarşı separatçılar tərəfindən təxribat törədildi. Bu cavabsız qala bilməzdi. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin gördüyü tədbirlər nəticəsində qeyri-qanuni silahlı birləşmələrin ərazimizdə olması mümkünsüzdür. Azərbaycanın Xarici İşlər Nazirliyi dəfələrlə açıqlamalar vermişdi ki, 10 noyabr razılaşmasının dördüncü bəndi yerinə yetirilsin. Necə ki, Birləşmiş Millətlər Təşkilatının kağız üzərində qalan qətnamələrini Azərbaycan Respublikası öz gücü hesabına yerinə yetirdi. Ermənistan tərəfi son günlər səngərlər qazır, ərazilərdə minalar basdırırlar. Xüsusi vurğulamaq lazımdır ki, biz hələ minaları təmizləyib qurtarmamışıq. Ermənistanın son zamanlarda geniş vüsət alan təxribatları nəticəsində Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirləri keçirir. Azərbaycan ordusu tədbir görür ki, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları ya məhv edilsin, ya da qənimət kimi ələ keçirilsin, yaxud Azərbaycan tərəfinə təhvil verilsin. Məlum olduğu kimi, Ermənistan tərəfi yaydığı dezinformasiyalarla beynəlxalq ictimaiyyətin fikrini yayındırmağa çalışırdı. Azərbaycan buna biganə qala bilməzdi. Bu məqsədlə, lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmənin hava hücumundan müdafiə sistemləri, ağır silahları məhv edilir".

Röya RÜSTƏMLİ,

"Respublika".