Yaşıl dünyanın qurulması prosesinə xüsusi töhfə
Gündəm

Yaşıl dünyanın qurulması prosesinə xüsusi töhfə

Bu, ölkəmiz tərəfindən həyata keçirilən strategiyanın tərkib hissəsidir

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası ilə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının eyni vaxtda keçirilməsi Azərbaycanın ənənəvi enerji resurslarının ixracatçısı kimi enerji təhlükəsizliyinə və ətraf mühitin qorunmasına sistemli, ardıcıl yanaşmasının bariz nümunəsi kimi qiymətləndirilməlidir. Ölkəmizin 1994-cü ildə əsası qoyulan enerji strategiyası bu gün özünün yeni dövrünü - ənənəvi enerjidən yaşıl enerjiyə transformasiya mərəhələsini yaşayır və Azərbaycan bu sahədə də ənənəvi enerji istehsalçıları arasında öz təşəbbüskarlığı, gələcəyə baxış bucağının əhatəliliyi ilə seçilir. Bu yanaşma ənənəvi enerjidən əldə olunan gəlirlərin yaşıl enerji sektorunun müasir infrastrukturunun yaradılmasına sərmayə kimi yatırılmasını nəzərdə tutur ki, bu da prosesin risklər nəzərə alınmaqla böhransız həyata keçirilməsinə imkan verir.

Bu gün ölkəmizin əsas hədəflərindən biri gələcək nəsillərə güclü və eyni zamanda ekoloji tarazlığın qorunduğu bir Azərbaycan miras qoymaq və yaşıl dünyanın qurulması prosesinə töhfə verməkdir. Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik İli" elan olunması, COP29-a ev sahibliyi etməyimiz, əslində yaşıl enerjiyə keçid istiqamətində ölkəmiz tərəfindən həyata keçirilən strategiyanın tərkib hissəsidir.

Bu gün Azərbaycan regional və qlobal proseslərdə aktiv oyunçu kimi iştirak edir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin əhəmiyyətini daha da artırması uğur hekayələrimizin də davamlılığından xəbər verir. Hazırda Azərbaycan və tərəfdaşları üçün ən önəmli məqamlardan biri Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Lakin cənab Prezidentin qeyd etdiyi kimi, bu proses, eləcə də digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfə - ekoloji tarazlığın təmin olunmasına ziyan dəyməsin. Bu, Azərbaycanın ətraf mühitin qorunmasına münasibətdə ciddi niyyətini, enerji təhlükəsizliyinin təmin edilməsində real siyasətini və yaşıl dünya uğrunda vahid hədəflərə çatmaq üçün həyata keçirdiyi ardıcıl, sistemli siyasəti əks etdirir.

Azər KƏRİMLİ,

Milli Məclisin deputatı.