YAP Sədrinin müavini Türkiyədə bir sıra görüşlər keçirib
Gündəm

YAP Sədrinin müavini Türkiyədə bir sıra görüşlər keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti qardaş Türkiyə Respublikasında səfərdədir.

Səfər çərçivəsində oktyabrın 6-da Ankarada YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri, İstanbul millət vəkili Numan Kurtulmuş arasında görüş keçirilib.

YAP Mərkəzi Aparatından verilən məlumatda bildirilir ki, nümayəndə heyətini ölkəsində salamlamaqdan məmnunluğunu ifadə edən TBMM-in Sədri, İstanbul millət vəkili Numan Kurtulmuş Azərbaycan-Türkiyə münasibətlərinin bənzərsiz dostluq və qardaşlıq örnəyi kimi istər ikitərəfli münasibətlərin inkişafı, istərsə də regional əməkdaşlıq və təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Parlament sədri Azərbaycan ilə Türkiyənin bir-birinin milli maraqları və dövlətçilik mənafelərini beynəlxalq arenada layiqincə müdafiə etdiklərini vurğulayıb. "Bu gün qürur hissi və minnətdarlıqla qeyd edirik ki, Azərbaycan növbəti yüzillikdə yeni hədəflərinə əmin addımlarla irəliləyən Türkiyəyə öz qardaş dəstəyini göstərir. Türkiyə də öz növbəsində Azərbaycanın yanında olduğunu, xüsusilə də onun haqlı və ədalətli mövqeyini dəstəklədiyini qətiyyətlə ifadə edir", - deyən N.Kurtulmuş Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin bütövlükdə Türk dünyası üçün müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

TBMM-in Sədri iki ölkə arasında parlamentlərarası əməkdaşlığın önəmindən də söz açıb. O, qardaş ölkələrin qanunverici orqanlarında Azərbaycan-Türkiyə dostluq qruplarının fəaliyyətinin, eyni zamanda, qarşılıqlı səfərlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb. O bu kontekstdə qarşılıqlı fikir mübadiləsinin aparılmasının və əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən addımların atılmasının ortaq hədəflərin gerçəkləşdirilməsinə zəmin yaratdığını bildirib.

Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinə göstərilən yüksək diqqətə görə minnətdarlığını ifadə edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov TBMM-in sədri seçilməsi münasibətilə Numan Kurtulmuşa bir daha təbriklərini çatdırıb və ona fəaliyyətində uğurlar arzulayıb. YAP Sədrinin müavini Azərbaycan ilə Türkiyənin "bir millət, iki dövlət" fəlsəfəsi əsasında ortaq dəyərlərə, milli maraqlara və ümumi hədəflərə uyğun uğurla fəaliyyət göstərərək strateji müttəfiqlik münasibətlərini dərinləşdirdiklərini diqqətə çatdırıb. O qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri ilk növbədə hər iki ölkənin liderləri - cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın iradəsi və səyləri sayəsində inkişaf edir: "Biz unikal dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləri qurmağa müvəffəq olmuşuq. Bütün sahələrdə çoxşaxəli əlaqələrin genişləndirilməsi, işbirliyinin daha da gücləndirilməsi üçün ardıcıl, məqsədyönlü addımlar atılır. Xüsusilə də, 2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin uğurla icra olunması həm Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin inkişafı, həm də regionda dayanıqlı sülh, davamlı sabitlik və təhlükəsizlik, etibarlı əməkdaşlıq mühitinin formalaşdırılması baxımından böyük əhəmiyyətə malikdir".

Tahir Budaqov 44 günlük Vətən müharibəsinin Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin sarsılmazlığını bir daha sübut etdiyini xüsusi olaraq diqqətə çatdırıb. YAP Sədrinin müavini ikili standartlara, qərəzli və qeyri-obyektiv münasibətə baxmayaraq, Prezident İlham Əliyevin prinsipial mövqeyi nəticəsində Azərbaycanın haqq işini qələbə ilə yekunlaşdırdığını, əzəli və əbədi torpağı olan Qarabağda lokal antiterror tədbirləri həyata keçirərək suverenliyini tam bərpa edən ölkəmizin haqlı və ədalətli mövqeyinin qardaş Türkiyə tərəfindən qətiyyətlə müdafiə olunmasının böyük mənəvi-siyasi önəm daşıdığını bildirib. Tahir Budaqov postmüharibə dövründə ölkələrimizin təşəbbüslərinin inkişafa xidmət göstərdiyini, Türkiyə şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpasında yaxından iştirak etməsinin daha bir qardaşlıq və dostluq nümunəsi kimi təqdirəlayiq olduğunu nəzərə çatdırıb.

YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycan-Türkiyə əməkdaşlığının genişləndirilməsində həm parlamentlər, həm də hakim partiyalar arasındakı səmərəli əlaqələrin mühüm rol oynadığını bildirib. Siyasi partiyaların dövlətlərarası münasibətlərin inkişafında önəmli yerə malik olduğunu söyləyən Tahir Budaqov Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasındakı əməkdaşlığın məmnunluq doğurduğunu qeyd edib.

Daha sonra arşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım və AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya da iştirak ediblər.

***

YAP Mərkəzi Aparatından verilən məlumatda Ankarada YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala arasında oktyabrın 6-da görüş keçirildiyi bildirilib.

Qonaqları salamlayan AK Parti Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin sarsılmaz və bütün dünyaya nümunə olduğunu diqqətə çatdırıb. O, iki ölkənin bütün taleyüklü məqamlarda qardaşlıq və həmrəylik örnəyi ortaya qoyduğunu vurğulayıb. Efkan Ala qeyd edib ki, Azərbaycan ilə Türkiyə bütün sahələri əhatə edən çoxşaxəli əməkdaşlığı dərinləşdirmək iradəsi nümayiş etdirir və əlaqələrin yüksələn xətt üzrə inkişafı böyük məmnunluq doğurur.

44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlardan bəhs edən Efkan Ala Azərbaycanın lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini bərpa etməsini tarixi hadisə kimi dəyərləndirib. O, Azərbaycan ilə Türkiyənin təşəbbüslərinin bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyini bildirib.

Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin səfərinin əhəmiyyətindən bəhs edən Efkan Ala dövlət başçılarımızın siyasi iradələrinə uyğun olaraq iki hakim partiya arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımların atıldığını, bu kontekstdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin mühüm önəm daşıdığını diqqətə çatdırıb. O, YAP ilə AK Parti arasındakı işbirliyinin gücləndirilməsinin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına mühüm töhfə olduğunu söyləyib.

AK Parti Sədrinin birinci müavini həm dövlətlərimizin, həm də iqtidar partiyalarının daim birgə hərəkət edərək ortaq hədəfləri reallaşdıracaqlarına və mühüm nailiyyətlər qazanacaqlarına əminliyini ifadə edib.

Dəvətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə IV Böyük Fövqəladə Qurultayını keçirən AK Partiyə nümayəndə heyəti adından uğurlar arzulayıb, qurultayın nəticələrinin həm Ədalət və İnkişaf Partiyası, həm də bütövlükdə Türkiyə Rəspublikası üçün faydalı olacağına inamını ifadə edib.

YAP Sədrinin müavini tarixi köklərə və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin hər iki ölkənin liderlərinin məqsədyönlü siyasəti nəticəsində strateji müttəfiqlik zirvəsinə yüksəldiyini, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə mənəvi-siyasi cəhətdən yaxın ikinci ölkənin olmadığını diqqətə çatdırıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq ərazi bütövlüyünü və tarixi ədaləti təmin etməsində Türkiyənin mənəvi-siyasi dəstəyinin əhəmiyyətindən bəhs edən Tahir Budaqov yeni geosiyasi reallıqların regional təhlükəsizlik və işbirliyi üçün mühüm imkanlar yaratdığını bildirib. YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycanın lokal xarakterli antiterror tədbirləri həyata keçirərək konstitusiya quruluşunu bərpa etdiyini və regionda sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində prinsipial mövqe sərgilədiyini bildirib.

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında iki ölkənin hakim partiyaları olan Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının daimi təmaslarının, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin mühüm rolu olduğunu bildirən Tahir Budaqov partiyalarımız arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu söyləyib. YAP Sədrinin müavini qeyd edib ki, 2021-ci ildə iki partiya arasında Əməkdaşlıq Protokolunun imzalanmasından sonra işbirliyinin dərinləşdirilməsinə xidmət edən mühüm addımlar atılıb. Xüsusilə də, qarşılıqlı səfərlər və hər iki partiyanın birgə təşkilatçılığı ilə keçirilən müxtəlif tədbirlər münasibətlərə dinamizm gətirib.

Daha sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

***

Oktyabrın 6-da Ankarada Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya ilə görüş keçirilib.

YAP Mərkəzi Aparatından bildirilib ki, nümayəndə heyatini salamlayaraq "Vətəninizə xoş gəlibsiniz" deyən AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya YAP nümayəndə heyətinin səfərinin Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha bir bariz nümunəsi olduğunu söyləyib. O, iki hakim partiya arasında əlaqələrin inkişafının dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi xüsusi diqqət mərkəzində olduğunu söyləyib. Z.Sırakaya AK Partinin Yeni Azərbaycan Partiyası ilə işbirliyinə böyük önəm verdiyini və qarşılıqlı səfərlərin bu baxımdan faydalı olduğunu diqqətə çatdırıb.

Türkiyə ilə Azərbaycanı ortaq tarixi keçmiş və milli-mənəvi dəyərlərin birləşdirdiyini söyləyən AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini ölkələrimiz arasındakı münasibətlərin dünyada bənzəri olmadığını qeyd edib. O, Azərbaycanın möhtəşəm Qələbəsindən sonra regionda yeni reallıqların yarandığını, bu tarixi mərhələnin ölkələrimiz və partiyalarımız üçün yeni vəzifələr müəyyənləşdirdiyini bildirib. "Hazırkı gerçəkliklər və aktual çağırışlar Azərbaycan ilə Türkiyənin hakim partiyaları arasında təmasların gücləndirilməsini, əməkdaşlığın genişləndirilməsini zəruri edir", - deyən Z.Sırakaya istər dövlətlərimizin, istərsə də iqtidar partiyalarının birgə mühüm nailiyyətlərə imza atacaqlarına əminliyini ifadə edib.

AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini təyin edilməsi münasibətilə Zafer Sırakayaya bir daha təbriklərini çatdıran və fəaliyyətində uğurlar arzulayan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dərin köklərə malik, dostluq, qardaşlıq və strateji müttəfiqlik zirvəsində olan Azərbaycan-Türkiyə münasibətlərinin bir çox sınaqlardan uğurla çıxdığını və nümunəvi xarakter daşıdığını söyləyib. O, xalqlarımız və dövlətlərimiz arasındakı əlaqələrin 44 günlük Vətən müharibəsindən sonra keyfiyyətcə yeni mərhələyə yüksəldiyini, Türkiyənin Azərbaycana haqq işində göstərdiyi mənəvi-siyasi dəstəyin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini və heç zaman unudulmayacağını vurğulayıb. Postkonflikt dövründə Azərbaycan ilə Türkiyənin milli maraqlara və beynəlxalq hüquq normalarına uyğun müştərək fəaliyyətinin regionda yeni geosiyasi nizam yaratdığını vurğulayan Tahir Budaqov "Bu əməkdaşlıq istər bölgədə sülh və təhlükəsizliyin təmin olunması, istərsə də işğaldan azad edilmiş ərazilərin yenidən qurulması baxımından son dərəcə önəmlidir", - deyə bildirib.

YAP Sədrinin müavini Azərbaycan ilə Türkiyənin siyasi gündəliyində iqtidar partiyaları arasında əməkdaşlığın dərinləşdilməsinin mühüm yer tutduğunu diqqətə çatdırıb. O, 2021-ci ildə YAP ilə AK Parti arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələrək ikitərəfli münasibətlərin inkişafına xidmət edən məqsədyönlü fəaliyyəti qeyd edib. YAP Mərkəzi Aparatının rəhbəri dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına xidmət edən qarşılıqlı səfərlərin davamlı xarakter daşıdığını və sinxron fəaliyyət nəticəsində diqqətəlayiq uğurların qazanıldığını vurğulayıb, hər iki ölkənin mənafeyinə xidmət edən əməkdaşlığın bundan sonra daha da məhsuldar olacağına əminliyini ifadə edib.

Tahir Budaqov Ədalət və İnkişaf Partiyasının oktyabrın 7-də baş tutacaq IV Fövqəladə Böyük Qurultayının uğurlu olacağına əminliyini ifadə edərək rəhbərlik etdiyi nümayəndə heyəti adından AK Partiyə müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə millət vəkilləri - YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə, YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, YAP ilə AK Parti arasında əlaqələndirici Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.

Xaqani KOSAYEV,

“Respublika”.