Xan qızı: lirik şair, rəssam, xeyriyyəçi
Tarixi şəxsiyyətlər

Xan qızı: lirik şair, rəssam, xeyriyyəçi

Onun dünyaya gəlişi Tanrının ən gözəl müjdəsi, tale payı olmuşdur. 60 yaşlı Mehdiqulu xanın illərlə gözlədiyi övlad payını Tanrı nəhayət qismətinə yazmışdır. Ailənin böyük sevincinə, məhəbbətinə səbəb olan Xan qızı çox diqqətli və fitri yaddaşa malik olmuşdur. O, mütaliə ilə dünyagörüşünü, bədii zövqünü formalaşdırmışdır. İki böyük nəslin nümayəndəsi olan Natəvan Cavanşirlər və Ziyadoğlu Qacarlar nəslinə mənsub idi. Gözəl şair olmaqla yanaşı, həm də istedadlı rəssam idi. Onun bədii tikmələrindən ibarət "Gül dəftəri" adlı albomu buna sübutdur. Dövrünün parlaq istedada və qabaqcıl ideyalara malik şəxsiyyəti olan Natəvanın həyatı çox keşməkeşli və ağrılarla dolu olmuşdur.

Xan qızı adı ilə şöhrətlənən Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada Mehdiqulu xanın ailəsində dünyaya gəlmişdir. O, Mehdiqulu xan Cavanşirin yeganə övladı və Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsidir. Mehdiqulu xan Xurşidbanuya öz anasının adını vermişdir. Xan qızı ailənin yeganə övladı və Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" deyə çağırmışlar. Xurşidbanu Natəvan gözəl tərbiyə və təhsil almışdır. İlk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuş, təhsilini isə alim və sənətkarlardan almış, dini elmlərlə yanaşı, dünyəvi elmlərə də yiyələnmişdir. Onun dünyagörüşünün, bədii zövqünün formalaşmasında Qasım bəy Zakir, Mirzə Adıgözəl bəy, Əhməd bəy Cavanşir kimi tanınmış, hörmətli şəxsiyyətlərin yaradıcılığı, ədəbi söhbətləri, məsləhətləri böyük rol oynamışdır. 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları qızına keçir.

Xurşidbanu Natəvan lirik şair, gözəl rəssam kimi tanınmışdır. Xan qızı ərəb və fars dillərini mükəmməl bilmiş, Nizami, Füzuli və Nəvai kimi böyük şairlərin yaradıcılığı ilə yaxından tanış olmuşdur. O, yaradıcılığında həmin klassiklərdən bəhrələnmişdir. Natəvan təkcə şair kimi deyil, həm də xeyirxah insan kimi də böyük nüfuz qazanmışdır. Kasıblara əl tutmuş, kimsəsizlərə sahib çıxmışdır. Natəvan ədəbi mühitdə də fəal iştirak etmişdir. Belə ki, lirik şair Şuşada "Məclisi-üns" ədəbi məclisini təşkil edərək, bütün xərcləri öz üzərinə götürür. 1873-cü ildə Şuşadan yeddi kilometr aralı olan Sarıbaba təpəsindəki su mənbəyindən şəhərə su kəməri çəkdirir. Eyni zamanda, böyük su anbarı tikdirir, hovuz, hamam və buzxana düzəltdirir. Şuşa şəhər əhalisinin gəzintisi və istirahəti üçün yaşadığı evin günbatanında bağ saldırır. Xurşidbanunun ən böyük istək və arzularından biri isə Araz çayından Mil düzünə su kəməri çəkdirmək olub. Xan qızı bu işi başlasa da, başına gələn faciə və acınacaqlı hadisələr səbəbindən kanalının çəkilişi yarımçıq qalır. Xurşidbanu Natəvan 1850-ci ildə rus ordusunun general-mayoru Xasay bəy Usmiyevlə ailə quraraq, Dağıstana köçür. Lakin Xan qızının ailə taleyi uğursuz olur. Bir müddət sonra isə Tiflisə gəlir.

Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?

Həmişə ahu zarında, neçin gəlməz, neçin gəlməz?, - deyən qəm şairi Natəvanın yaradıcılığının bir qismini hüznlü eşq qəzəlləri təşkil edir.

Onun yaradıcılığını dörd yerə ayırmaq olar. Bura aşiqanə şeirlər, təbiət gözəlliklərini vəsf edən şeirlər, müasirlərinə həsr etdiyi mənzumələr və hüznlü şeirlər daxildir. Natəvan nə qədər faciələr yaşasa da, şair həssas və sevgi dolu olub. O, əslində güclü bir Azərbaycan qadını nümunəsidir.

Xurşidbanu Natəvanın Aleksandr Düma ilə görüşləri, dostluğu dillərdə dastana çevrilib. Bu, tarixi hadisə olmaqla yanaşı, həm də böyük cəsarət idi. Azərbaycan qadınının o dövrdə inkişafı, mükəmməl biliklərə sahib olması və zəngin dünyagörüşünün göstəricisi idi. Onların ilk görüşü 1858-ci ildə təsadüf nəticəsində Bakıda olmuşdur. Həyat yoldaşı Xasay bəyin fransız dilini yaxşı bilməsi bu dostluğu daha da möhkəmləndirmişdir. Natəvan Dümaya öz əlyazmalarından birini hədiyyə edir. Fransız yazıçı isə Natəvana şahmat bağışlayır. Həmin şahmat hazırda Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində saxlanılır. Natəvanın Bakıdan Şıx kəndinə çəkdirdiyi daş yol haqqında, Aleksandr Dümanın "Qafqaza səyahət" kitabında geniş məlumat verilmişdir.

Xurşidbanu Natəvan yaradıcılığa ənənəvi şərq mövzusunda şeirlərlə başlayıb. Onun "Gülün", "Qərənfil" kimi qəzəlləri məhəbbət, təbiət gözəlliklərinə həsr olunmuşdur. Şairin şeirlərinin bir hissəsi isə qəm, kədər dolu ahu-zardır. Bu, onun tale-qisməti, alın yazısı idi. 16 yaşlı oğlunun ölümündən sonra Natəvan çox sarsıntı keçirir, çəkdiyi əzabları misralara köçürür. Onun "Ağlaram", "Olaydı", "Getdi", "Sənsiz", "Ölərəm" və digər şeirləri bədbin ruhu, qəm-qüssəsi ilə seçilir. Xan qızı xalqın maariflənməsi, təhsil alması, ədəbiyyatın inkişafı, Şuşanın abadlaşması istiqamətində çox işlər görüb.

Xurşidbanu Natəvan 1897-ci il oktyabr ayının 1-də Şuşa şəhərində dünyasını dəyişib. Xan qızı Ağdamın "İmarət" qəbiristanlığında dəfn edilib. Onu da qeyd edək ki, Natəvanın xatirəsinə hörmət əlaməti olaraq Bakıda və Şuşada əzəmətli büstü ucaldılmışdır. Azərbaycan torpaqlarını işğal edən ermənilər Şuşanı ələ keçirərkən Natəvanın, Üzeyir Hacıbəyovun və Bülbülün heykəllərini güllələmişlər. Hətta, Natəvanın heykəli də daxil olmaqla hər üç heykəli qiymətli metal kimi xarici ölkələrə satmağa çalışmışlar. Lakin Azərbaycan dövlətinin diqqəti nəticəsində hər üç heykəl Bakıya gətirilmişdir. Torpaqlarımız işğaldan azad edildikdən sonra "güllələnmiş heykəllər" yenidən Şuşada ucaldılmışdır. Dövlətimiz Xan qızı Xurşidbanu Natəvanın xatirəsini hər zaman əziz tutmuşdur. Ötən il mart ayında Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Hazırda ölkəmizdə Xurşidbanu Natəvanın adına küçə, klub, kitabxana və məktəb var. Xan qızının əlyazmaları, şəxsi əşyaları və geyimləri nadir eksponat kimi arxiv və muzeylərdə saxlanılır.

Ramidə YAQUBQIZI,

"Respublika".