Vətənə, dövlətə, xalqa sədaqət andı
Siyasət

Vətənə, dövlətə, xalqa sədaqət andı

24 oktyabr 2008-ci ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin Heydər Əliyev Sarayında təntənəli andiçmə mərasimi keçirildi

2008-ci ildə keçirilən prezident seçkiləri respublikamızın həyatına mühüm hadisə kimi daxil oldu. Çünki xalqımız ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə olan etimadını yenidən təsdiqlədi. Cənab İlham Əliyev hələ 2003-cü il oktyabrın 15-də ilk dəfə Azərbaycan Prezidenti seçilərkən demişdi ki, xalqın inamını doğrultmaq üçün çalışacaq: "Mənə həvalə edilən bütün vəzifələri ləyaqətlə yerinə yetirməyə çalışıram. Mənim bir məqsədim var - Azərbaycan xalqına xidmət etmək, Azərbaycanı möhkəmləndirmək, ölkəmizin dünyadakı mövqelərini gücləndirmək, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün iş görmək, əməli-praktiki işlərlə, müxtəlif proqramların həyata keçirilməsi ilə ölkəmizi möhkəmləndirmək və Azərbaycanı güclü ölkəyə çevirmək".

Həqiqətən də belə oldu. 2003-2008-ci illər ərzində İlham Əliyev tarazlı xarici siyasət yeritdi və ölkə iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərdi. 2003-2008-ci illər ərzində Azərbaycanda ümumi daxili məhsul 7,3 milyard manatdan 30,7 milyard manatadək artdı. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 5800 dollara çatdı ki, bu da keçid dövründə yaşayan dövlət üçün çox böyük rəqəmdir. Azərbaycan 2004-2008-ci illər ərzində iqtisadi artım sürətinə görə dünyada birinci yeri tutdu. 2003-2008-ci illərdə sənaye istehsalı 2,7 dəfə artdı, ölkə iqtisadiyyatına 44 milyard dollar sərmayə qoyuldu. Qeyri-neft sektorunun inkişafında böyük uğurlar əldə edildi. Həmin illər ərzində minimum pensiyanın məbləği 4 dəfə artırıldı. Minimum əməkhaqqı 8 dəfə, orta əməkhaqqı 3,6 dəfə qaldırıldı. Əgər 2003-cü ildə yoxsulluq şəraitində yaşayanların sayı əhalinin 49 faizini təşkil edirdisə, 2008-ci ilin yekunlarına görə, bu rəqəm 14 faizə düşdü. 600 min nəfərə ünvanlı sosial yardım verildi. "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" qəbul edildi. Özəl sektorun inkişaf etdirilməsi məqsədilə hər il bu sahədə fəaliyyət göstərən sahibkarlara 80 milyon, 2009-cu ildə isə 130 milyon manat məbləğində güzəştli kreditlər verildi. Bu dövrdə Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün Prezident Heydər Əliyevin təşəbbüsü ilə tikilən Bakı-Tbilisi-Ceyhan neft kəməri tam istifadəyə verildi. Bundan başqa, Azərbaycanın qaz hasilatı əhəmiyyətli dərəcədə artdı və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bunların məntiqi davamı olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanıldı. Bu layihələr Azərbaycanın uzunmüddətli iqtisadi inkişafını təmin edən, gücünü artıran, mövqelərini möhkəmləndirən layihələr idi. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın enerji təhlükəsizliyi təmin olundu.

Prezident İlham Əliyev beş il ərzində Azərbaycanda 600 min yeni iş yerinin açılacağını vəd edəndə çoxları buna xəyal kimi baxırdı. Lakin zaman Prezidentin sözlərinin həqiqət olduğunu sübut etdi, 741 min yeni iş yeri açıldı ki, onlardan da 531 mini daimi iş yerləri idi. 2003-2008-ci illər ərzində 4 beynəlxalq aeroport istismara verildi. 700 meqavat gücündə 8 elektrik stansiyası tikildi. Bunun nəticəsində Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin etmək və onu ixrac etmək potensialı qazandı.

Cənab İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həll edilməsi istiqamətində böyük əməli fəaliyyət göstərdi. Prezident söz verdiyi kimi, qaçqın şəhərciklərinin ləğvinə nail oldu. Onların əvəzinə müasir binalar, qəsəbələr inşa olundu. Yeni salınan 36 qəsəbədə 47 min nəfər məcburi köçkün məskunlaşdırıldı. Bu qəsəbələrdə 34 məktəb, 24 tibb məntəqəsi tikildi və insanların yaşaması üçün lazım olan digər tədbirlər görüldü. Həmin illərdə 1600 yeni məktəb tikildi, yüzlərlə məktəb təmir olundu, təhsil məsələlərinin həlli üçün 5 milyard, səhiyyə sahəsində problemlərin aradan qaldırılmasına 2 milyard manat vəsait xərcləndi, diaqnostika mərkəzləri, xəstəxana və poliklinikalar inşa olundu.

Eyni zamanda, ordu quruculuğu prosesi sürətlə aparıldı. Ordunun hazırlıq, peşəkarlıq səviyyəsi artırıldı, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük işlər görüldü. 2003-cü ildə Azərbaycanın hərbi xərcləri 163 milyon dollar idisə, 2008-ci ildə bu rəqəm 1 milyard 850 milyon dollara çatdırıldı. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2003-2008-ci illərdə iqtisadi, sosial islahatlarla yanaşı, iri struktur islahatları da aparıldı. Belə ki, həmin dövrdə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yaradıldı.

Bütün bunların nəticəsində 2008-ci il prezident seçkilərində İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası ilə yanaşı, ayrı-ayrı seçici qrupları tərəfindən də irəli sürüldü. 15 oktyabr 2008-ci ildə keçirilən prezident seçkilərində 6 namizəd mübarizə apardı. Seçicilərin böyük əksəriyyətinin - 88,73 faizinin səsini toplayan İlham Əliyev isə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. 24 oktyabr 2008-ci ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin Heydər Əliyev Sarayında təntənəli andiçmə mərasimi keçirildi. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev cənab İlham Əliyevi Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməyə dəvət etdi. Məqsədi, amalı ölkəmizi, xalqımızı xoş gələcəyə aparmaq olan Prezident İlham Əliyev oktyabrın 24-də keçirilən andiçmə mərasimindəki nitqində beş il bundan əvvəl söylədiyi sözlərini bir daha xatırladaraq dedi: "Beş il bundan əvvəl andiçmə mərasimində mən Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərtərəfli inkişafı üçün fəal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Çünki bu, Azərbaycanın bu günü və sabahı üçün, gələcəyi üçün yeganə siyasətdir. Bu siyasət Azərbaycanı böyük bəlalardan qurtardı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir. Azərbaycan xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atmışdır. Məhz onun rəhbərliyi altında Azərbaycanda dövlətçilik ənənələri qurulmuşdur, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmiş, Azərbaycanda sabitlik yaradılmış və inkişaf başlamışdır. Bu gün bir daha demək istəyirəm ki, növbəti beş il ərzində mən bu siyasətə sadiq qalacağam və bu yoldan dönməyəcəyəm. Azərbaycan xalqını yenidən əmin edirəm ki, mən bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün öz səylərimizi əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm".

Dövlət başçımızın ikinci prezidentlik dövründə ölkəmiz regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan söz sahibinə çevrildi. İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük nailiyyətlər əldə etdi. 2011-ci ilin oktyabrında Azərbaycanın 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və iki il ərzində uğurlu fəaliyyəti ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa kimi daimi üzvlərlə birgə dünyanın bir nömrəli beynəlxalq təşkilatının ən ali qurumunda iştirakı və sədrliyi ölkəmizin qazandığı nüfuz və etimadın göstəricisidir. İlham Əliyev 2008-ci ildə "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün "Bakı prosesi"nin başladılması təşəbbüsü ilə çıxış etdi. Prezident 23 sentyabr 2010-cu ildə Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyasının açılışında çıxış edərkən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təşkil etmək niyyətini açıqladı. Onun bu təşəbbüsü UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Təşkilatı, ICESCO və s. kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi. 2011-ci ildən başlayaraq 2017-ci ilə qədər Bakıda dörd dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Səhiyyə sahəsi də dövlət başçımız üçün kritik əhəmiyyətə malik idi. Buna görə də, 2007-ci il 27 dekabr tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqqında Sərəncam imzalandı. 2010-cu ildə "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında", 2012-ci ildə "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", 2013-cü ildə isə "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" və "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanunları təsdiqləndi.

Ümumilikdə, 2003-2013-cü illər ərzində dövlət başçımız milli maraqlarımıza uyğun olaraq açıq, şəffaf, müstəqil siyasət yeritdi. İlham Əliyevin dediyi kimi, azərbaycançılıq fəlsəfəsi onun mənəvi dayağıdır. "Müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq - budur bizim uğurlarımızın əsas şərtləri. Bizim siyasətimiz açıqdır, aydındır. Bizim bütün siyasətimiz, bütün siyasi addımlarımız bir məqsəd güdür. Bu da Azərbaycanın möhkəmləndirilməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsizlik şəraitində, rifah içində yaşamasıdır".

Hazırda İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin iyirmi illiyi tamam olur. "Güclü iqtisadiyyat ən önəmli şərtdir" deyən İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) real ifadədə 3,6 dəfə artdı. Bu, son iki onillikdə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nailiyyətlərdən biridir. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artdı. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 66 milyard ABŞ dollarını keçdi və hazırda birbaşa xarici borcumuzu 10 dəfə üstələyir. Bu dövr ərzində sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onun 190 milyard dolları qeyri-enerji sektorunu əhatə edir. Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və yenidən qurulması sahəsində irimiqyaslı layihələr həyata keçirildi. Son 20 ildə paytaxtda və regionlarda 3630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikildi və ya əsaslı təmir olundu. Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması Prezidentin daim diqqət mərkəzindədir. Buna görə də, hər il dövlət büdcəsi tərtib edilərkən büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilir.

İlham Əliyev 20 illik fəaliyyətinə ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyi də sığışdırdı. Azərbaycan XXI əsrin yeganə dövləti və xalqıdır ki, ərazi bütövlüyünü və suverenliyini dünya tərəfindən tanınan sərhədləri çərçivəsində bərpa edə bildi. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və birgünlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açdı. Nə Ermənistan rəhbərliyi, nə də Qarabağdakı hərbi xuntanın başçıları ehtimal belə etmirdilər ki, gün gələcək Azərbaycan təkcə Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada deyil, eləcə də Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə nəzarətini bərpa edəcək, xalqımıza qarşı cinayətlər törətmiş separatçılar isə Azərbaycan məhkəməsi qarşısında cavab verməli olacaqlar. Amma bütün bunlar hamısı reallaşdı. Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları vəsait ayrıldı. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilib və uğurla icra olunur. Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir.

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən dedi ki, tək milli qayəsi, strateji hədəfi və qarşısına qoyduğu ali məqsəd bir milləti geosiyasi maraqların əleyhinə olaraq yenidən dirçəltmək, heç kimdən asılı olmayan və özünə güvənən güclü dövlət və güclü millət yaratmaqdan ibarət idi: "Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi... İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik".

Yekunda onu qeyd etmək lazımdır ki, ötən 20 il ölkəmizin qarşısında duran strateji hədəflərə nail olunması, cərəyan edən proseslərin, baş vermiş hadisələrin zənginliyi, ən əsası əldə edilmiş nəticələr baxımından müstəsna əhəmiyyət kəsb edən və çoxəsrlik milli dövlətçiliyimizin ən parlaq səhifəsinə çevrilmiş yeni bir mərhələdir. 2003-2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizdə bənzəri olmayan qızıl dövr hesab olunmalıdır.

Jalə QASIMZADƏ,

"Respublika".