VƏTƏN MÜHARİBƏSİ 27.09.2020 – 10.11.2020
Tarix

VƏTƏN MÜHARİBƏSİ 27.09.2020 – 10.11.2020

Vətən müharibəsinin 5 və 6-cı günləri

27 sentyabr 2020-ci ildə  Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

1 oktyabr

  • Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonlarının Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edildiyi xəbərini yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri səhər saatlarından etibarən Tərtər şəhərini yenidən artilleriya atəşinə tutub. Müdafiə Nazirliyi Ermənistan ordusunun artilleriya qurğularının məhv edilməsinin videogörüntülərini yayımlayıb.
  • Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanıb. Dövlətimizin başçısı Belarus Prezidentini Ermənistan tərəfinin törətdiyi təxribatlar və buna cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları barədə məlumatlandırıb.
  • Ağdərə rayonu ərazisində Ermənistan ordusunun darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən döyüş bayrağı ələ keçirilib, həyata keçirilən əməliyyatlar nəticəsində Ermənistan ordusu ağır itkilər verərək, geri çəkilməyə məcbur olub. Ordumuzun  bölmələrinin Ermənistan ordusunun hava hücumundan müdafiə vasitələrini və yaylım atəşli reaktiv sistemlərini məhv etdiyini göstərən video yayımlanıb.
  • Vətən müharibəsi başladığı gündən düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan çox avtomobil texnikası, 1 ədəd "S-300" zenit-raket kompleksi sıradan çıxarılıb.

2 oktyabr

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də "Əl-Cəzirə" televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları və Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı, habelə münaqişə barədə sualları cavablandırıb.
  • Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Ağdərə istiqamətində Madagiz (Suqovuşan) ətrafındakı hakim yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ermənistan ordusunun 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib.
  • Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq, Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulub. Ermənistan ordusunun cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini atəşə tutmağa davam etməsi nəticəsində rayonun Bala Kəngərli kənd sakinləri, mülki vətəndaşlar  xəsarət alıb.
  • Müdafiə Nazirliyi Ermənistan ordusunun qüvvə və vasitələrinin məhv edilməsinin videogörüntülərini yayımlayıb. Ermənistan ordusu Ermənistan ərazisindən Şəmkir rayonunun Sabirkənd, işğal olunmuş ərazilərdən isə Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini raket atəşinə tutub. Həmçinin Bərdə rayonunun Əmirli və Tovuz rayonunun Ağdam kəndi raket atəşi zərbələrinə məruz qalıb. Düşmənin yüksək dağ zirvəsində yaratdığı dayaq məntəqəsinə silah-sursat çatdıran təminat vasitələri və döyüş texnikalarının məhv edilməsini göstərən video yayımlanıb.
  • Ermənistan ərazisindən Şəmkir rayonunun Sabirkənd yaşayış məntəqəsinə atılan 10-a yaxın raket "Toçka-U" taktiki raket kompleksindən buraxılıb. Azərbaycan tərəfi düşmənin qüvvə və vasitələrinin məhv edilməsinin növbəti videogörüntülərini yayımlayıb. Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutub. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun səhra idarəetmə məntəqəsi, üzərindəki Ermənistan bayrağı və qondarma rejimin asılan əski parçasının göyə sovurulması, eləcə də tanklarının məhv edilməsinin videogörüntülərini yayımlayıb.

"Respublika".