Üç qardaş: birgə təlimlər sülhü hədəfləyir
Digər xəbərlər

Üç qardaş: birgə təlimlər sülhü hədəfləyir

Azərbaycan, Türkiyə, Pakistan... Regionun və dünyanın aparıcı söz sahibi olan ölkələri. Dünya siyasətinin müəyyənləşdirilməsində bu ölkələrin öz yeri, öz rolu var. Bir-birinə sıx tellərlə bağlı olan bu üç dost, qardaş və müttəfiq ölkə arasındakı münasibətlər dünyaya örnəkdir. Çünki bu üçlüyün bir istəyi var: dünyada sülh, barış, əmin-amanlıq olsun!..

"Biz artıq Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının yaxşı nəticələrinin şahidi olduq. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək mövqelərimizi gücləndirəcəyik və sülhə töhfə verəcəyik. Çünki ölkələrimiz regionda sülh və ədalətin tərəfdarıdır... biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik. Beləliklə, bizim hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunması işinə töhfə verəcək". Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri 2021-ci ilin martında Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bildirib.

Bu üç ölkə arasında münasibətlərin, müttəfiqliyin hansı yüksək səviyyədə olduğunu Ermənistan-Azərbaycan müharibəsi daha aydın göstərdi. Türkiyə istehsalı olan zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) Azərbaycana hərbi eskalasiyanın mərkəzində olan Qarabağ bölgəsindən işğalçı erməni qüvvələrini məhv etməyə kömək etdi. Pakistan ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü, toxunulmazlığını dəstəkləmək üçün mövqeyini açıq şəkildə ortaya qoydu. Yəni normal vaxtlarda regional münaqişə çərçivəsində dəstək bəyanatları vermək adi dəstək hesab oluna bilər, amma həqiqətən müharibə vəziyyətində olduqda, kimin hansı şəkildə müttəfiqliyini nümayiş etdirib yanında olması tamam başqa bir nüansdır. Bu mənada, Pakistanın bu dəstəyi çox önəmlidir və Azərbaycan Prezidenti bunu hər zaman vurğulayır.

Azərbaycan, Pakistan və Türkiyə Qarabağ, Kəşmir və Kipr kimi milli maraqlar mövzusunda müxtəlif beynəlxalq forumlarda bir-birlərini davamlı olaraq dəstəkləyirlər. Ermənistan Hindistanla müttəfiqlik münasibətlərinə malikdir və o, Kəşmir məsələsində rəsmi Dehlinin maraqları baxımından çıxış edir. Hindistan isə bəzən aşkar, bəzən də qapalı şəkildə İrəvana silah təchizatı məsələsinə dəstək olur. Bu mənada, Pakistanın Azərbaycan və Türkiyə ilə birgə ittifaqda yer alması, iki qardaş dövlətdən üç qardaş dövlətə keçid formulununun tətbiqi düşmənlərimizi narahat edir. Türkiyə və Azərbaycanın keçirdiyi təlimlərdə Pakistan dəfələrlə müşahidəçi qismində iştirak edib. 2021-ci ildən etibarən isə birgə təlimlər keçirilir.

Bu gün Pakistan ordusu terrorla mübarizədə zəngin əməliyyat təcrübəsinə malikdir. Nəzərə alsaq ki, Ermənistan son 30 ildə Azərbaycana qarşı terror siyasəti həyata keçirib və indi də buna davam edir. Bu baxımdan, Silahlı Qüvvələrimiz terrorla mübarizədə qeyri-ənənəvi döyüş qabiliyyətini inkişaf etdirmək üçün Pakistanın bu sahədəki təcrübəsindən yararlanmaq məqsədilə dost ölkədə təşkil olunmuş xüsusi hərbi hazırlıq proqramlarında iştirak edir. Artıq bir neçə ildir ki, birgə təlimlər növbəli şəkildə Azərbaycan və Pakistanda keçirilir.

Türkiyə Silahlı Qüvvələrinin bölmə

ləri 1998-ci ildən ənənəvi olaraq Pakistanla birgə təlimlərdə iştirak edir. Məqsəd hər iki ölkənin silahlı qüvvələrinin bölmələri arasında qarşılıqlı əməkdaşlıq və birgə işləmə qabiliyyətini inkişaf etdirməkdir.

Bəli, Azərbaycan, Pakistan və Türkiyə bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığı genişləndirir. Bu üçtərəfli münasibətlərin mühüm hərbi tərəfləri var. 2016-2019-cu illər arasında Türkiyə ABŞ-ı keçərək Pakistanın dördüncü ən böyük silah idxalçısı, Pakistan Türkiyənin üçüncü ən böyük silah ixracat bazarı oldu. 2020-ci ildə Türkiyənin Bakıya hərbi ixracatı 6 dəfə artıb. 2021-ci ilin sentyabrında Azərbaycan, Türkiyə və Pakistan orduları Bakıda "Üç qardaş - 2021" adlı səkkizgünlük birgə hərbi təlim keçirib. Bakı Qarabağı azad etmək üçün vacib olan hərbi texnologiyadan yararlandı. Təbii ki, 44 günlük müharibədə ən böyük fərqi yaradan xarici güc Türkiyə idi. Türkiyənin "Bayraktar TB-2" pilotsuz uçuş aparatları və Ankaradan gələn siyasi dəstək Azərbaycanın zirvəyə çatmasına böyük töhfə verdi.

2023-cü il aprelin 26-da Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri "Anadolu Qartalı - 2023" beynəlxalq təlimdə iştirak edib. Xatırladaq ki, bu təlim Türkiyənin Konya şəhərində Azərbaycan, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İngiltərə nümayəndələrinin iştirakı ilə keçirilib.

May ayında isə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev və Pakistan Quru Qoşunlarının komandanı Asim Munir İslamabadda hərbi əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər. Görüşdə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Pakistan-Türkiyə birgə təlimlərinin keçirilməsi ilə yanaşı, üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Tərəflər arasında, həmçinin hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərin davam etdirilməsi, terrorla mübarizə və təhlükəsizliklə bağlı digər məsələlər də müzakirə mövzusu olub.

Bir sözlə, Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq platforması Bakının xarici siyasətində vacib elementdir. Bu, ölkəmizə həm təhlükəsizliklə bağlı çağırışlara müqavimət göstərməyə, həm də iqtisadiyyatını inkişaf etdirməyə imkan yaradacaq.

Zümrüd QURBANQIZI,

"Respublika".