Paşinyanın ikiüzlü, riyakar xisləti
Digər xəbərlər

Paşinyanın ikiüzlü, riyakar xisləti

İkiüzlü Ermənistan hakimiyyəti Qərblə Rusiya arasında vurnuxur. Bu ölkənin siyasi hakimiyyətinin regional hadisələrə, xüsusən Azərbaycanla münasibətlərin normallaşmasına konkret baxışı və mövqeyi yoxdur. Bu, rəsmi İrəvanın ardıcıl siyasət yürütmədiyinin göstəricisidir. Azərbaycan qalib ölkə olsa da Ermənistana daim sülh təklifləri, əməkdaşlıq çağırışları edib. Bu da bizim nə qədər humanist sülhsevər olduğumuzun əyani sübutudur.

Görünən odur ki, bütün bunlar Ermənistanda yetəri qədər qiymətləndirilmir və fərqli anlaşılır. Verdiyi açıqlamaları, əməlləri ilə Nikol Paşinyan ikiüzlü, riyakar xislətini hər dəfə göstərir. O, 2019-cu il avqustun 5-də "Qarabağ Ermənistandır. Nöqtə" deyimini, sonra isə 2023-cü il mayın 22-də "Biz Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 86 min 600 kvadratkilometr ərazi bütövlüyünü tanımağa hazırıq" bəyanatını dilə gətirsə də indi yenidən əsassız açıqlamaları ilə regionda vəziyyəti gərginləşdirməyə çalışır. Beləliklə, Ermənistan iqtidarının ikiüzlülüyü özünü növbəti dəfə büruzə verir.

Ümumiyyətlə, erməni toplumunda müşahidə olunan proseslər və baş verən dəyişikliklər Köçəryan-Sarkisyan xəttinin ciddi şəkildə gücləndiyindən, onlara bağlı siyasi qruplaşmaların aktivləşib cəmiyyətdə üstün mövqe qazanmasından xəbər verir. Qeyd edək ki, Köçəryan-Sarkisyan qruplaşması Ermənistanda hərbi xunta rejiminin əsasını qoyub. Bu rejim 20 il ərzində insanlara qan uddurdu. Bu səbəbdən də yerli əhali kütləvi şəkildə ölkəni tərk edib xarici dövlətlərə üz tuturdu. Hər ikisinin də ölkəyə rəhbərlik etdiyi illərdə bu dəstənin qatilləri istədikləri adamı aradan götürüblər. İşin ən şübhəli tərəfi isə onların buna görə heç bir cəza almamasıdır. Həmçinin onu da qeyd etmək lazımdır ki, Qarabağ separatçılarının lideri Araik Arutyunyan da Köçəryan-Sarkisyan qruplaşmasına birbaşa bağlı şəxs idi. Araik Arutyunyandan əvvəl separatçı rejimə 4 nəfər başçılıq edib. 1994-1997-ci illərdə separatçıların rəhbəri Ermənistanın keçmiş prezidenti Robert Köçəryan olub. Köçəryandan sonra separatçılara 5 ay müddətində Leonard Petrosyan başçılıq edib. 1997-2007-ci illərdə Arkadi Quqasyan, 2007-2020-ci illərdə isə Bako Saakyan separatçılara rəhbərlik edib. Araik 31 mart 2020-ci ildə qondarma rəhbəri olub.

Hazırda Qarabağdakı gərginliyin səbəbkarları və Ağdam-Xankəndi yolunun açılmasına maneə törədənlər bu cinayətkar qruplaşmadır. Qarabağda baş verən hadisələr Ermənistanın daxili proseslərinə birbaşa təsir edir. Köçəryan-Sarkisyan qruplaşmasından danışdıqda isə, onlar artıq Ermənistandakı mövqelərini möhkəmləndirməyə müvəffəq olublar. Ermənistanın çıxılmaz vəziyyətə gəldiyini göstərən faktlardan biri də ölkə daxilindəki vəziyyətin gərginləşməsidir.

Azərbaycan güclüdür və Qarabağ müstəvisindəki oyunlardan, gizli məqsədlərdən yaxşı xəbərdardır. Ölkəmiz, həmçinin özünün prinsipial dəst-xəttinə sadiqdir. Heç bir halda mövqeyindən geri çəkilməyəcək. Paşinyan isə qeyri-ciddi və ikiüzlü yanaşmaları ilə heç nəyə nail ola bilməyəcək.

Röya RÜSTƏMLİ,

"Respublika".