İGİD DÖYÜŞÇÜ, VƏTƏNPƏRVƏR VƏ FƏDAKAR İNSAN
Digər xəbərlər

İGİD DÖYÜŞÇÜ, VƏTƏNPƏRVƏR VƏ FƏDAKAR İNSAN

Xoşbəxtliyini, səadətini, varlığını vətənə xidmətdə görən mərd oğullardan biri də Murovdan başlanan Goranboy, Naftalan, Ağdam, Füzuli istiqamətlərində gedən döyüşlərdə göstərdiyi şücaətə görə ölkə Prezidentinin sərəncamları və Müdafiə Nazirliyi tərəfindən bir çox orden və medallara layiq görülmüş Qarabağ qazisi, mayor, 1-ci dərəcəli dövlət qulluqçusu Sərdar Balayevin şanlı döyüş yolunu, onun ömür səhifələrini vərəqləmək istədim. Çünki bir neçə gün əvvəl yeni xoş xəbər aldıq. Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Balayev Sərdar İsmixan oğlu dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Sərdar Balayev 1964-cü il mayın 13-də Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndində dünyaya göz açmışdı. 1986-1993-cü illərdə tarix müəllimi, direktor müavini, tarix-diyarşünaslıq muzeyində elmi işçi, Göygöl Rayon Məşğulluq Mərkəzində məsləhətçi vəzifələrində çalışmışdır. Xain erməni daşnaklarının hücumu, elədikləri misli görünməyən bəşəri cinayətlər, gənc tarixçi Sərdar müəllimi gecə-gündüz narahat edirdi. 1993-cü ildə könüllü olaraq, müqəddəs torpaqların müdafiəsinə qalxıb. "N" saylı hərbi hissənin tərkibində Murovdağ istiqamətində döyüşə qatılıb. Şücaətinə, təşkilatçılığına görə tez bir zamanda divizion komandirinin müavini, divizion komandiri, briqadanın hərbi-ideoloji və mənəvi-psixoloji işlər üzrə baş məsləhətçisi vəzifəsinə yüksəldi. Mübariz döyüşçü səmərəli fəaliyyətinə görə Müdafiə Nazirliyinin 11 medalı ilə təltif olunmuşdur. Şiddətli döyüşlərin birində ağır yaralansa da, döyüşdən aralanmaq istəmirdi. Nəhayət, həkimlərin ciddi təkidi ilə uzun müddət xəstəxanada müalicə aldı, yenə nasaz olmasına baxmayaraq, Sərdar təkidlə yenidən hərbi hissəyə qayıtdı. Məhz bu səbəbdən hərbi hissənin komandiri onu həmin hərbi hissənin kitabxanasına müdir təyin etdi. O, yenidən hərbçilərlə təmasda olur, təcrübəsini aşılayır və qəlbən rahatlıq tapırdı.

2007-ci ildə Sərdar Balayevin şərəfli döyüş yolu, peşəkarlığı nəzərə alınaraq, Göygöl Rayon İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahının rəisi təyin olundu. Burada da peşəkarlığını və işgüzarlığını təsdiq etdi. Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəğbətini qazandı, dəfələrlə mükafatlandırıldı. 2015-ci ildə səmərəli fəaliyyətini və peşəkarlığını nəzərə alaraq, rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, 2021-ci ildən Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri kimi olduqca şərəfli və məsuliyyətli vəzifəyə təyin olundu. Eyni zamanda bu işdə səriştəsi nəzərə alınaraq, Mülki Müdafiə Qərargah rəisinin səlahiyyətləri ona tapşırıldı. Müharibədə həlak olmuş hərbi qulluqçuların ailələrinin və sağlamlığını itirmiş qazilərin sosial müdafiəsinin təmin olunması məqsədilə Dövlət və Beynəlxalq Təkilatlar tərəfindən yardımların göstərilməsini və onların müalicəsinin hətta xaricdə davam etdirilməsi üçün yaxından köməklik göstərir.

Söhbətimiz zamanı o bildirdi ki, "mən bu təbəqədən olan insanlarla nəfəs alıram, sanki onlarla birgə yaşayıram. Axı, mən də bu anları yaşamışam, ölümün bir addımlığında olmuşam...". Bu gün Sərdar Balayevin bir amalı var, öz döyüş yoldaşlarının, ümumiyyətlə, bu təbəqədən olan insanların övladlarının gələcəyinin parlaq olması üçün var qüvvəsi ilə çalışmaq və ona nail olmaq. Necə ki, o mərd, cəsur insanlar arzulayırdı...

Zabit XƏLİLOV,

"Respublika".