COP29-a ev sahibliyi qürurvericidir
Ekologiya

COP29-a ev sahibliyi qürurvericidir

Son vaxtlar beynəlxalq arenada ölkəmizə olan münasibətin kifayət qədər müsbət istiqamətdə dəyişdiyi göz qabağındadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Qələbə mənfur, işğalçı düşmən üzərində qazanılmış böyük Zəfər, eləcə də ölkəmizin Avropa İttifaqının əsas enerji təchizatçılarından birinə çevrilməsi hazırkı münasibəti şərtləndirir. Eyni zamanda Azərbaycanın yaşıl enerji istehsalını əsaslı surətdə təşviq etməsi, zəngin bərpa olunan ehtiyatlardan səmərəli istifadə məqsədilə dünyanın nüfuzlu şirkətləri ilə əməkdaşlıq siyasəti qeyd edilən məsələlərə öz təsirini göstərməkdədir. Məlumdur ki, noyabr ayında Azərbaycanda dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq tədbirlərindən biri keçiriləcəkdir. Belə ki, ötən ilin dekabrında Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibi seçilmişdir. Əlbəttə ki, bu qərar ilk növbədə, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsi, güclü diplomatiyanın göstəricisi və ölkəmizin etibarlı tərəfdaş nüfuzunun ifadəsidir. Bu namizədliyin birmənalı şəkildə dəstəklənməsi beynəlxalq arenada Azərbaycana göstərilmiş böyük etimaddır.

Həmçinin ölkəmizin milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişmələri probleminin həllinə töhfə vermək səylərinə dünya ictimaiyyətinin diqqətinin təzahürüdür.

COP dünyada qlobal iqlim problemlərinə diqqətçəkən ən əsas və mühüm platformadır. 1995-ci ildən başlayaraq bəşəriyyətin bir nömrəli problemi olan iqlim dəyişmələrinin qarşısını almaq üçün dünya liderləri məhz bu platformada bir araya gəlir, iqlim dəyişmələri ilə mübarizədə ən vacib qərarlar da məhz COP çərçivəsində qəbul edilir. Əlbəttə ki, hər bir beynəlxalq tədbirin çox yüksək səviyyədə təşkil edilməsi ölkəmizin nüfuzunu daha da artırır. Bu yaxınlarda Almaniyaya işgüzar səfər edən ölkə başçısı cənab İlham Əliyev Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak və çıxış edərək COP29-la bağlı hazırlıq prosesi barədə görüş iştirakçılarını məlumatlandırmış və bildirmişdir ki, tədbirə ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Bu gün dünyanın ən mötəbər tədbirlərindən birinin ölkəmizdə keçirilməsi Azərbaycanın qazandığı uğurların bariz göstəricisidir. Ölkə Prezidenti cənab İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda bildirib: "Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. Bu hal isə bizim heç də hər dəfə, hər müstəvidə bir-birimizə qarşı addım atmalı olmadığımızı nümayiş etdirir. İlk dəfə idi ki, biz beynəlxalq arenada bir-birimizə qarşı addım atmaq məcburiyyətində qalmadıq. Yəni biz qarşılıqlı dəstək verməsək də, bitərəf qaldıq və bunun özü də bir nailiyyət idi".

Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur və illər keçdikcə əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir. Təbii ki, bu nailiyyətlər Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyində əhəmiyyətli rol oynayır. Bu gün ölkəmiz iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir. Azərbaycanda müxtəlif mövzularda konfrans və forumların keçirilməsi ölkəmizin xarici siyasət uğurlarının, eyni zamanda hər bir sahədə zəngin təcrübəyə, potensiala malik olmasının təqdimatıdır. Azərbaycan daim iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə töhfələr verib. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsində maraqlı olduğunu və bunu fəaliyyəti ilə təsdiqlədiyini nümayiş etdirir. Belə ki, Azərbaycan regionda sülh tərəfdarı kimi dünyanın əsas qlobal problemlərindən olan iqlim dəyişmələrinin ortaya çıxardığı çətinliklərdən çıxış yolu üçün əsaslı şəkildə fəaliyyət göstərir və dünya dövlətləri ilə yaşıl dünya naminə qarşılıqlı əməkdaşlıqları daha da gücləndirir. Məhz COP tədbirlərinin əsas məqsədi, dünyada karbon qazının miqdarının sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi, 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır. Bundan əlavə, inkişaf etmiş ölkələrə iqlim dəyişmələrinin təsirini azaltmaq və uyğunlaşdırmaqda kömək etmək üçün yardım fondu yaradılır. İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişmələrinin qaçılmaz təsirlərinə və onların aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər. Buna görə də, COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir.

Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Avropa üçün təbii qaz təchizatçısı olan Azərbaycan həm də yaşıl enerji ixrac edəcək. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 5 qiqavat gücündə 10 külək və günəş elektrik stansiyası tikiləcək. Bu baxımdan, Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı pan-Avropa qaz təchizatçısı kimi qiymətləndirir. Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir. Ölkəmiz 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindədir. Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələbat artır. Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb. Ənənəvi, eyni zamanda bərpa olunan enerji növləri ilə zəngin olan Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaşlığını saxlayacaqdır. Azərbaycan COP29-un ev sahibi kimi iqlim problemlərinə mənfi təsirlərin açıq şəkildə müzakirəsinin tərəfdarıdır. Dövlət başçımızın da bəyan etdiyi kimi, Azərbaycan COP29 üçün bir yenilik olan üçlük mexanizmini yaradıb. Məhz bu baxımdan, Azərbaycan COP29-a sədrliyə, ilk növbədə, beynəlxalq arenada ən təxirəsalınmaz məsələnin praktiki həllinə töhfə vermək imkanı kimi baxır. Dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri də bu qənaətdədirlər ki, Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişmələri ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaqdır.

Zabit XƏLİLOV,

"Respublika".