DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

EMMANUEL MAKRON: FRANSA RUSİYA İLƏ MÜHARİBƏ ETMƏK İSTƏMİR

Fransa Rusiya ilə müharibə aparmaq niyyətində deyil. “Report” agentliyinin xəbərinə görə, bunu Fransa prezidenti Emmanuel Makron Çin Xalq Respublikasının sədri Si Cinpinlə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Biz nə Rusiya ilə, nə də rus xalqı ilə müharibə vəziyyətində deyilik”, - deyə Makron vurğulayıb. O qeyd edib ki, rəsmi Paris Rusiyada hakimiyyət dəyişikliyinə də can atmır.

Eyni zamanda, Emmanuel Makron Rusiya-Çin münasibətlərinə də toxunub: “Biz Çin və Rusiya arasında mövcud olan uzunmüddətli əlaqələrə və bu münasibətləri sabitləşdirmək üçün onilliklər ərzində göstərilən səylərə hörmət edirik”.

Qeyd edək ki, bu ərəfədə Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa səfirinə bildirilib ki, Rusiya Parisin Ukraynadakı münaqişənin daha da genişlənməsinə səbəb olan dağıdıcı və təxribatçı xəttini qəti şəkildə qınayır.

Xatırladaq ki, Fransa XİN mayın 6-da ölkəsinin qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı yayılan xəbərləri əsassız adlandırıb və Ukraynaya hərbçi göndərilmədiyini bildirib.

“Fransanın Ukraynaya dəstəyi ilə bağlı dezinformasiya kampaniyası səngimək bilmir. Xeyr, Fransa Ukraynaya hərbçi göndərməyib”, - deyə məlumatda qeyd edilib.

HƏMAS İSRAİLLƏ ATƏŞKƏSƏ RAZILIQ VERİB

Fələstinin HƏMAS hərəkatı Misir və Qətər vasitəçilərinə onların Qəzza zolağında atəşkəsin yaradılmasına dair təklif etdikləri saziş layihəsini bəyəndikləri barədə məlumat verib. “Trend” agentliyinin xəbərinə görə, müvafiq bəyanat hərəkatın rəsmi teleqram kanalında dərc olunub.

“HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin baş naziri Məhəmməd bin Abdel Rəhman Əl-Tani və Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə telefon danışığı aparıb və hərəkat təklif etdikləri atəşkəs sazişi layihəsini təsdiqləyib”, - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatlara başlayıb.

FİNLANDİYA TƏCİLİ TROTİL İSTEHSALI ZAVODU TİKMƏK NİYYƏTİNDƏDİR

Finlandiya Ukraynada müharibə və partlayıcı maddələrin kəskin çatışmazlığı fonunda təcili olaraq trotil istehsalı zavodu tikmək istəyir. Bu barədə ölkənin “Yle” dövlət teleradio şirkəti məlumat yayıb.

“Partlayıcı maddələrin istehsalını əhəmiyyətli dərəcədə artırmalıyıq, buna görə də bu məsələdə yerli sənayenin rolunu ciddi şəkildə nəzərdən keçirməliyik”, - deyə Finlandiyanın müdafiə naziri Antti Hekkenen bildirib.

Verilən xəbərə görə, zavodun yaradılması ilə bağlı işgüzar dairələrin nümayəndələri, investorlar və müdafiə sənayesi bazarının iştirakçıları ilə danışıqlar aparılıb.

Nazirin sözlərinə görə, bazar iştirakçıları bu cür istehsalın zəruriliyindən xəbərdardırlar və dövlət bu məsələnin tənzimlənməsində əsas rol oynayacaq ki, istehsal bir-iki ildən sonra başlaya bilsin.

Bununla yanaşı, müdafiə naziri vurğulayıb ki, söhbət birgə layihədən gedir. Skandinaviya ölkələri və digər müttəfiqlərlə sıx dialoqda bu məsələ irəli sürülür. Məlumata görə, zavodun harada tikiləcəyi ilə bağlı yekun qərar hələ verilməyib.

DƏRİ XƏRÇƏNGİNƏ QARŞI DÜNYANIN İLK PEYVƏNDİNIN SINAQLARI KEÇİRİLİR

Böyük Britaniyada dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk “fərdiləşdirilmiş” peyvənd sınaqları keçirilir. “Trend” agentliyinin məlumatına görə, ötən ilin avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən olub.

Məlumata əsasən, sözügedən peyvənd immunitet sistemində qalan xərçəng hüceyrələrini tanımağa və məhv etməyə kömək məqsədilə hazırlanıb. Bu yolla xərçəngin yenidən yaranmamasına ümid edilir.

Digər ölkələr, o cümlədən Avstraliya, daha çox sübut toplamaq və daha geniş tətbiq oluna biləcəyini görmək üçün xəstələr üzərində sınaqlar keçirir. Peyvənd fərdi şəkildə təklif olunur, yəni, onun strukturu hər bir xəstəyə uyğun olaraq dəyişdirilir və xəstədəki şişin genetik quruluşuna uyğun olaraq yaradılır.

Məlumat üçün qeyd edək ki, melanoma nə qədər erkən diaqnoz qoyulsa, müalicəsi bir o qədər asan olur və müalicənin uğurlu keçmə ehtimalı bir o qədər yüksək olur.

TÜRKİYƏNİN PUA DAŞIYAN GƏMİSİ İRANI TƏLAŞA SALIB

Dünyanın ilk PUA daşıyan gəmisi “TCG Anadolu” Türkiyə donanmasının inventarına qatıldıqdan dərhal sonra İran limana çəkdiyi Cənubi Koreya istehsalı konteyner platformasını dron gəmisinə çevirməyə başlayıb. “Teleqraf.com”un xəbərinə görə, gəmi “TCG Anadolu”nun konsepsiyasına uyğun dizayn edilir.

Bildirilir ki, Cənubi Koreyanın “Hyundai” şirkəti tərəfindən inşa edilən yük gəmisi 2023-cü ilin mayından Hörmüz boğazına yaxın sularda lövbər salıb. “Sərvin” adlı yük gəmisi sürətlə döyüş gəmisinə çevrilir.

Verilən xəbərə görə, 240 metr uzunluğunda və 32 metr enində gəminin transformasiya prosesi ilk dəfə 2024-cü ilin yanvarında “PlanetLabs” peyk fotoşəkilləri vasitəsilə aşkar edilib. Fotolarda iranlıların konteyner gəmisinə uçuş-enmə zolağı əlavə etdiyi və komanda-nəzarət qülləsində bəzi düzəlişlər etdiyi məlum olub.

Göyərtəsi genişləndirilən gəmi üçün 180 metrlik uçuş-enmə zolağı tikilib. Onun tezliklə sınaqlarının başlayacağı açıqlanıb.

BƏƏ BRAZİLİYAYA 13,5 MİLYARD DOLLAR SƏRMAYƏ YATIRMAQ İSTƏYİR

Birləşmiş Ərəb Əmirliklərinin suveren sərvət fondu sayılan “Mubadala Capital”ın     investisiya qolu növbəti onillikdə Braziliyanın bioyanacaq layihəsinə təxminən 13,5 milyard dollar sərmayə yatırmaq niyyətindədir. Bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Fondun bərpaolunan enerjiyə əsas sərmayəsi beş modulun - bioemal zavodlarının tikintisini nəzərdə tutur ki, onların da hər biri 2,7 milyard dollara başa gələcək.

“Hərşey xammaldan asılıdır. Braziliya isə iqlimi və münbit torpaqlarına görə kənd təsərrüfatı baxımından bəlkə də dünyanın ən yaxşı ölkəsidir”, - deyə fondun Braziliya ofisinin rəhbəri Oskar Fahlqren bildirib.

Məlumata görə, 5-10 il müddətinə nəzərdə tutulan investisiya layihəsi nizamnamə kapitalı və borc vəsaitləri hesabına maliyyələşdiriləcək.

“TESLA” HİNDİSTAN ŞİRKƏTİNİ MƏHKƏMƏYƏ VERİB

İlon Maskın “Tesla Power” kompaniyası özünə məxsus olan elektromobil akkumulyatorunun eynisini istehsal etdiyinə görə Hindistanın eyniadlı şirkətini məhkəməyə verib. “India Times” nəşrinin məlumatına görə, Hindistan şirkəti “Tesla Power” brendindən istifadə edərək ABŞ kompaniyasının ticarət nişanını mənimsəyib.

Xəbər verilir ki, İlon Mask Yeni Dehli məhkəməsindən şirkətə qarşı təzminat tələb edib. “Tesla” nümayəndələri məhkəmənin iclasında bildiriblər ki, Hindistan şirkəti 2022-ci ilin aprelində göndərilən dayandırma və imtina bildirişinə baxmayaraq, öz məhsullarını “Tesla Power” brendi ilə reklam etməyə davam edib.

Məhkəmə istintaqı zamanı Hindistan şirkəti “Tesla Power India Pvt Ltd”nin əsas işinin akkumulyatorlar istehsal etmək olduğunu bildirib və elektrikli avtomobillər istehsal etmək niyyətində olmadığını iddia edib.

İlon Maskın şirkəti Delaverdə keçirdiyi brifinqdə Hindistan şirkətini “Tesla Power” və “Tesla Power USA” ticarət brendlərindən istifadə etməkdə ittiham edib. Məhkəmə iddiasına müvafiq sübutlar da əlavə olunub. “Tesla India” ticarət markası üzrə məhkəmə prosesi mayın 22-də davam edəcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.