Almatı görüşü sülh sazişinə hazırlıq mərhələsi ola bilər
Siyasət

Almatı görüşü sülh sazişinə hazırlıq mərhələsi ola bilər

Mayın 10-da Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub. Bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması prosesinə hazırlıq mərhələsi ola bilər. Çünki ölkələr arasında fikir ayrılığı yaradacaq məsələlər qalmayıb. Kiçik problemlər isə hər iki dövlət arasında rəsmi sənəd imzalanandan sonra mərhələli şəkildə öz həllini tapa bilər.

Bu gün delimitasiya prosesinin uğurla davam etdirilməsi, komissiyaların daimi əlaqələrinin yaranması sülh sazişinin imzalanmasını sürətləndirir. Hətta tez bir zamanda sülh müqaviləsi ilə bağlı çərçivə sənədin imzalanacağı ilə bağlı fikir yürütmək də mümkündür. Həll olunmamış əsas məsələ Zəngəzur dəhlizinin və kommunikasiyaların açılması ilə bağlıdır. Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiya aktı ilə Zəngəzur dəhlizinin açılmasına razılıq versə də hələ ki, bu proses icra olunmayıb. Hesab edirəm ki, sülh sazişi imzalanandan sonra bütün problemlər həll olunacaq. Çünki dünyada belə bir təcrübə var. Bir ölkənin ona bitişik olmayan digər bir ərazisi ilə maneəsiz keçidin təmin edilməsi təcrübəsini Rusiya ilə Kalininqrad arasındakı əlaqəni misal göstərə bilərik. Belə ki, Rusiyadan Kalininqrada və əks-istiqamətə heç bir yoxlama aparılmadan vətəndaşlar gedib qayıda bilirlər. O cümlədən Kalininqrada təyinatlı yüklər də keçirilir. Bu baxımdan, Azərbaycanın şərq rayonları ilə Naxçıvan arasındakı yük mübadiləsi və vətəndaşların keçidi eyni qayda ilə reallaşmalıdır. Amma beynəlxalq daşımalar isə Ermənistanın ərazisindən keçə bilər. Sülh müqaviləsi imzalananda bu məsələnin də razılaşdırılacağını hesab edirəm.

Azərbaycan və Ermənistan qonşudurlar və aralarında uzun illər düşmənçilik yaşansa da o səhifə bağlanmalı və münasibətlərə təmiz səhifədən başlanmalıdır. Çünki biz bu coğrafiyada birgə yaşamağa məcburuq. Bu mənada sülh sazişi tezliklə imzalanmalı və regionumuza sülh və əməkdaşlıq gəlməlidir.                                                  

Azər BADAMOV,

Milli Məclisin deputatı.