Göyçəli Növrəs İman
Digər xəbərlər

Göyçəli Növrəs İman

Saz-söz diyarı olan bölgələrdən biri də Qərbi Azərbaycanın loğman təbiətli ərazisi olan Göyçə mahalıdır. Bu diyar yüz illər boyu saz-söz ustadlarının fəaliyyətində, şeir sənətinin formalaşmasında misilsiz rol oynamışdır.

Göyçə mahalında yaşayıb-yaratmış sənətkarlarımızdan biri də sənət aləmində poetik ilhamla qələmə alınmış şeirlərin müəllifi şair Növrəs İmandır.

Növrəs İman şeirlərində xalqımızın qəhrəmanlıqlarını nəzmə çəkmiş, gənc nəsillərə böyük dəyərləri - insanlıq, ləyaqət, şərəf, namus, vəfa, anaya, torpağa məhəbbət, ülvi sevgi duyğularını aşılamışdır. Şair Növrəs İman şeir sənətinin korifeylərindən biri kimi tanınmış, bədahətən söz deməkdə əvəzi olmamışdır.

Növrəs İman 1903-cü ilin mayında Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açmışdır. O, Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğludur. Növrəs İman uşaqlıqdan söz-sənət vurğunu olmuş, tez-tez həmyaşıdları ilə birlikdə Çalmalı dağının atlas geyimli yamaclarına gəzintiyə çıxmış, qıy vuran qartalları, qıjıltı ilə axan dağ çaylarını, sıldırım qayalıqları seyr etməkdən zövq almışdı. Telli sazın vurğunu idi, aşıq məclislərində tez-tez görünərdi.

Növrəs İman Göyçənin Hüseynquluağalı (Nərimanlı) kəndində molla məktəbində təhsil almış, el arasında istedadlı şair kimi tanınmışdır. Təbiətin gözəllikləri, Göyçə gölünün nəğməli sahilləri qələmə aldığı şeirlərində öz əksini tapmışdı.

Şairin "Hayıf" adlı şeirində yaşadığı dövrün etibarsızlığından söz açılır.

Dilimin əzbəri, könlüm imdadı,

Yad olan dilimdən Quranım, hayıf!

Fələyin dolanan gəc rüzigarı,

Pozubdu işrətli dövranım, hayıf!

1918-ci ildə erməni vandalları, faşist xislətli haylar Göyçəni viran edəndə, Novruz bayramı günlərində müsəlman kəndlərini od vurub yandıranda el şairi ailəlikcə Kəlbəcərə köçmüş və bir müddət orada yaşamış, neçə-neçə Vətən həsrətli şeirlər yazmış, Kəlbəcərin başıqarlı, uca zirvəsindən həsrətlə Göyçə mahalına baxmışdır. 1922-ci ildə Növrəs İman yenidən Göyçə mahalına - Basarkeçərin Ağkilsə kəndinə qayıtmışdır. Çox keçmədən əlinə sədəfli saz götürmüş, dünyanın haqsızlığını, ermənilərin xalqımıza qarşı törətdiyi zülm və işgəncələri əks etdirən, qəlb göynədən şeirlər qələmə almışdı. Ermənilərə böyük nifrət bəsləyən, nadanlığa dözə bilməyən sənətkar 1932-ci ildə doğma kəndindən baş götürüb getmiş, bir daha Növrəs İmanı görən olmamışdı. Bəzi məlumatlara görə o, Cənubi Azərbaycana üz tutmuş, təxminən ötən əsrin 70-ci illərinin sonlarında burada vəfat etmişdir.

Möhkəm yaddaşa, coşqun təbə və bədahətən şeir demək qabiliyyətinə malik olan el şairi haqqında məlumatlara XX əsrin 20-30-cu illərinin dövri mətbuatında rast gəlmək mümkündür. El şairinin "Hey", "İnciməzmi", "Qaldı", "Qazağa", "Mənəm", "İstər", "Kağız" və digər şeirləri dillər əzbəri olmuşdur.

Növrəs İmanın "Qazağa" adlı şeiri aşıq məclislərində şövqlə oxunardı:

Çəməngahlı məclis – nə gözəl işrət!

Baxanın qəlbində qalmaz küdurət.

Alınsın nəzərə, çəkməsin həsrət,

Gəlibdi bu Növrəs İman Qazağa.

Göyçəli Növrəs İmanın yaşadığı ömür ustadlarının, ozanların, el ağsaqqallarının, el şairlərinin ömrü idi. Sazın, məclislərin, bir-birindən ləngərli havaların, havacatların ömrü idi. Onun qəlbindən süzülüb gələn misralar bədiiliyi, şirinliyi ilə seçilirdi.

Qədir ASLAN,

"Respublika".