Tərsinə çevrilmiş Qərb və prinsiplərinə tərs Hayastan
Siyasət

Tərsinə çevrilmiş Qərb və prinsiplərinə tərs Hayastan

Azərbaycan 2020-ci ildə regionda yeni reallıq yaratdı. Ermənistan və onun havadarlarına tarixi dərs verildi. 30 ildir müşahidəçi və vasitəçi sifəti ilə maskalananların, yalan maşını hayların və onlara havadarlıq edən qüvvələrin son dövrlərdə artan fəallığı keçmiş münaqişənin sülh yolu ilə həllinə ümid qalmadığını göstərirdi. Bu da hərbi əməliyyatları zəruri etməklə düşmənin "qərbdən şərqə, şimaldan cənuba uzanan böyük Ermənistan" "uniya"sını mifik xalq nağıllarından fərqləndirmədi. Məhz həmin dövrə qədər Ermənistanı işğal prosesini əbədi saxlayacaqlarına və "status-kvo"nun mövcudluğuna inandıran havadarların ağır məğlubiyyətinin izləri, görünür, hələ sağalmayıb, əksinə daha da göynəyir.

Bu gün həmin daldalanacaq rolunu daşıyan qüvvələr kosmopolitik haylara terror və təxribat tandemi vasitəsilə Azərbaycana hücum etmək əmri veriblər. Haqsız intiqamın gətirəcəyi fəlakətin şiddətini nəzərə almayanlar bu axında boğulmağa məhkumdurlar. Çünki ölkəmizin səbri 2020-ci ildə tamamilə tükəndi. Azərbaycana qarşı atılan bütün təxribatçı addımlara layiqli cavab verildi və proses 3 ildir eyni qaydada davam edir. Havadarlar isə 3-4 aydır sakitləşən təxribat dalğasını canlandırmağa başlayıblar.

Fevralın 14-də baş tutan andiçmə mərasimində "Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin öz işinizlə məşğul olun", - deyən cənab Prezident həmin qüvvələrə sərt xəbərdarlıq etdi. Son günlər qarşı tərəf havadarlarına arxalanaraq törətdikləri təxribatları daha da genişləndirirsə, bunun tək günahkarı yenə bəzi Qərb dairələridir. Ölkəmizə qarşı bir çox qanlı cinayətlər törətmiş Hayastana silah tədarükünü qadağan etməli olan bəzi qurumlar bu gün tərs piramida siyasəti yürüdür. Məhz demilitarizasiya olunmalı Ermənistan bu gün Fransanın dəstəyi ilə silahlanır. 2020-ci ildən sonra İrəvan üzərinə götürdüyü öhdəliyə nəinki sadiq qaldı, əksinə demilitarizasiya zonası etməli olduğu ərazilərə hərbi texnika, silah-sursat və 15 minlik ekspedisiya ordusu gətirdi. Bununla artıq Ermənistan rəsmi olmasa da, moratorium, yəni öhdəliklərin yerinə yetirilməsindən imtina siyasəti yürüdür.  Təbii ki, Hayastanın baş naziri Nikol Paşinyanın infantil siyasətinin inkişaf dinamikasını artırması regionda sülhü əlverişsiz vəziyyətə gətirib çıxarıb.

Qərb qonşumuzda neofaşist izlərin hələ də qaldığı bir dövrdə ona havadarlıq edən qüvvələrin hansı xoşməramlı addımdan bəhs etdikləri aydın deyil. Tarixən neokolonist yanaşma ilə öz müstəmləkələrində günahsız əhaliyə qarşı amansız qırğınlar törədən Fransa, Almaniya, Amerika kimi dövlətlər ikili siyasət yürütməyə cəhd etsələr də, daxildə mövcud olan erməni təəssübkeşliklərini gizlədə bilmirlər. AŞPA-da olan son "erməni sevgisi" teatrı bunu əyani formada sübut etdi. Amma bu, elə də uğurlu alınmadı. Ya aktyorlar rolu pis oynadı, ya da ssenari pis yazılmışdı. Qərəzin başında dayanan şəxs, Frank Şvabe öz fikirlərinə belə əsas gətirmişdi ki, guya beynəlxalq qurumlarda Qarabağın Azərbaycanın ərazisi olduğuna dair heç bir şübhə yox idi. Bəs o zaman belə sual ortaya çıxır ki, niyə 30 il ali təşkilatlar bu işğala göz yumduqdan sonra bu gün xunta rejiminin ləğvinə və böhtanlara qarışıb Azərbayacana qarşı qərəzli addımlar atırlar? AŞPA, ATƏT və BMT kimi qurumlar Ermənistana zor tətbiq etmək iqtidarında olmaya bilərlər, lakin hər hansı bir cəza və təşkilatdan uzaqlaşdırma mümkün idi. Amma Qərb bunu etmədi. Onlar Cənubi Qafqazda 30 il əvvəl yaranan bu şişi böyütdü, sonda isə  ondan istifadə edərək bölgəyə müdaxilə planları güddü. Məhz əmin-amanlıq və sabitlik üçün çalışan Cənubi Qafqazda "beşinci kolon" prinsipi aparan xunta rejimi, yəni həmin "şiş", "yara" Azərbaycan Ordusu tərəfindən birdəfəlik götürüldü.

Həmin bölgədə yaşayan erməni sakinlər isə inteqrasiyaya dəvət olundu. Sonuncu addımı dünyaya "məcburi köç" kimi tanıdan Qərb həmin ermənilərə indiyə qədər görmədikləri qədər maliyyə yardımı etdi, hansı ki, ötən əsrdə 1 milyon soydaşımızın qaçqın düşməsi heç zaman Qərbi maraqlandırmadı. Çünki bu onlara sərf etmirdi. Azərbaycanın uğurlu siyasəti neofaşist qüvvələrin önünü kəsirdi. Bunun əksinə, öz uşaq ambisiyalarından əl çəkməyən və səfehliyi ilə Qərbin çoxdandır gözlədiyi fürsət olan Hayastan yağlı tikə idi. Bu gün sərgilənən aparteid (irqçiliyin ifrat dərəcəsi) davranış təbii ki, Azərbaycanı Qərbdən, Qərbi isə Cənubi Qafqazdan uzaqlaşdırır. Tərs tandemin mərkəzində dayanan Ermənistan isə müstəqil siyasət yürüdə bilmədiyindən daim marionet nüfuzunda qalacaq. Beləliklə, tərs tandem, tərs piramida, tərs təzyiq kimi tərsinə siyasət yürüdən, Qərbin maşasına çevrilən haylar öz sonlarını daha da yaxınlaşdırırlar. Bu son isə çox da uzaqda deyil. Çünki Hayastan üçün vaxt tərsinə işləyir... Müasirlik demoqogiyası erməniləri mövcud olmadığı tarixə, çox da uzaq olmayan bir keçmişə doğru sürükləyir. Təxminən 200 il əvvələ. Hayastanın keçmişi gələcəyindən daha yaxındır...

Tacir SADIQOV,

"Respublika".