Terrorçular layiqli cəzalarını alır
Digər xəbərlər

Terrorçular layiqli cəzalarını alır

İxtisasca tarixçiyəm. Yarım əsrə yaxın təhsil sahəsində işləmişəm. Bədnam qonşularımız son 200 il ərzində xalqımıza qarşı terror, etnik təmizlənmə, kütləvi deportasiya siyasəti həyata keçiriblər.

1988-ci ildən başlayaraq Qərbi Azərbaycanda yaşayan 200 min nəfərdən artıq soydaşımız tarixi yurdlarından, ata-baba ocaqlarından zorla didərgin salınıb. Erməni faşizmi dəhşətli Xocalı faciəsini törədib, Qarabağda qanlı müharibəyə başlayıb və torpaqlarımızı işğal edib. Nəticədə 1 milyondan çox azərbaycanlı məcburi köçkün respublikamızın paytaxtında və ayrı-ayrı rayonlarda yaşamalı olub.

Üç il əvvəl Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Bu, möhtərəm Prezidentimizin müdrik siyasətinin, sərkərdə qətiyyətinin nəticəsi idi.

Rəşadətli Azərbaycan Ordusu nəyə qadir olduğunu 44 günlük Vətən müharibəsində, 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində göstərdi, ölkəmizi qalib ölkə, xalqımızı qalib xalq kimi dünyaya tanıtdı.

Son lokal antiterror tədbirləri zamanı Ermənistanın 3 il ərzində üzərinə düşən, lakin yerinə yetirmədiyi öhdəlikləri müzəffər ordumuz cəmi 23 saata həyata keçirdi. Xankəndidə yuva qurmuş qanunsuz silahlı dəstələr, separatçılar zərərsizləşdirildi. Ordumuzun gücü, qüdrəti qarşısında separatçılar ağ bayraq qaldıraraq təslim oldular, Azərbaycanın bütün şərtlərini qəbul etdiklərini bildirdilər.

Qondarma "Dağlıq Qarabağ respublikası"nın qondarma "prezidenti" Samvel Şahramanyan kriminal rejimin özünü buraxdığını, 2024-cü il yanvarın 1-dək bütün qondarma "təşkilatlar"ın və "qurumlar"ın öz fəaliyyətlərini dayandıracağını elan etdi.

Dövlətimizin başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. "Dəmir yumruq" hesabına ədalət bərpa olundu. Bu gün Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.

Bu il aprelin 23-dən Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin fəaliyyətə başlaması Azərbaycanın suveren hüququdur. Ölkəmizin ərazisinə qanunsuz yolla gəlmiş, saxta qurumun "dövlət naziri" vəzifəsində işləmiş Ruben Vardanyan sentyabr ayının 27-də Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb və Bakıya gətirilib. Təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, Ermənistan vətəndaşı, hərbi qulluqçu, general-mayor Davit Manukyan, separatçıların rəhbərləri olmuş Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan da həbs olunub.

Əlbəttə, bunlar son deyil. Xocalı faciəsini törədənlər, əli xalqımızın qanına bulaşanlar - Köçəryan, Sarkisyan və digərləri də həbs edilməli, Azərbaycanın qanunları ilə mühakimə edilərək ciddi cəzalandırılmalıdırlar. Möhtərəm Prezidentimizin dediyi kimi, "Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar".

Güloğlan BAĞIROV,

Lənkəran Rayon Ağsaqqallar

Şurasının sədr müavini.