Qərbi Azərbaycana qayıdırıq  
Digər xəbərlər

Qərbi Azərbaycana qayıdırıq  

Qərbi Azərbaycan mövzusu xalqımızın sağalmayan yaralarından biridir. Ermənistanın bitib-tükənmək bilməyən vandalizmi nəticəsində 1918-1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülüb və ya doğma torpağından didərgin salınıb. Bu, danılmaz faktdır. Bunu erməni yazar Korkodyan öz kitabında da təsdiqləyir: "1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk, azərbaycanlı əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur".

Qərbi Azərbaycandan həmvətənlilərimizin köçürülməsi təkcə buraya xaricdən gələn ermənilərin yerləşdirilməsi niyyətini güdmürdü, həmçinin torpaqların tədricən Ermənistana birləşdirilməsi məqsədi də daşıyırdı. Köçürülən əhaliyə güzəştlər və kreditlər verilsə də, onlar bütün daşınmaz əmlakdan, ilk növbədə şəxsi evlərindən və ata-babalarından miras qalan torpaqlarından məhrum olmuşdular. Əlbəttə, "köçürmə" adı altında aparılan bu əməliyyat əsl deportasiyadan başqa bir şey deyildi. Çünki həmvətənlilərimizin əksəriyyətinin iradəsi və istəyi əleyhinə həyata keçirilmişdi.

Stalinin ölümündən sonra prosesin intensivliyində azalma müşahidə olunmuşdu. Qərbi Azərbaycanda imkanların yüksək olduğunu anlayan ermənilər artıq burada daimi olaraq məskunlaşmağa başlamışdılar. Nəticədə torpaqların bir hissəsi işğal olundu.

Həmin dönəmdə doğma torpaqlardan didərgin düşmək hər cəhətdən çətin idi. Daima ürəyində yurd sevgisi olan həmyerlilərimizin acısına dərman olmaq üçün 1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyi yaradılıb. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. İcmanın adı 2022-ci ildə Qərbi Azərbaycan İcması olaraq dəyişdirilib. Prezident İlham Əliyev dekabrın 24-də icmanın bir qrup nümayəndəsi ilə görüş zamanı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması vəzifəsi qarşıya qoyuldu və bildirdi ki: "Bizim tarixi yaşayış yerlərinin bir çoxu mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu çox sanballı sənəd olmalıdır".

Konsepsiyanın əsas məqsədi: Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılması və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsidir. İcma ötən illər ərzində həmyerlilərimizə qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. Konsepsiya fəaliyyəti zamanı qaçqın düşmüş Qərbi azərbaycanlıları könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi, prosesin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması, qayıtmış əhalinin yenidən qovulması, ayrı-seçkilik həyata keçirilməsi və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi və s.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz əksini tapan məqamlardan biri insanlarımızın öz kəndinə, rayonuna, 1988-ci ilə qədər yaşadığı ərazilərə köçürülməsi istəyi ilə bağlıdır: "Burada bir incə məqam ondan ibarətdir ki, 1988-ci ilə qədər həmin soydaşlarımız demək olar bütün Qərbi Azərbaycan boyu yaşayıblar. Ən azı ilkin mərhələdə o insanların bütün Qərbi Azərbaycan, indiki Ermənistan ərazisi boyu köçürülməsi təbii ki, xoşagəlməz nəticələr verə bilər. Ermənistan dövləti belə bir addım atsa, Qərbi Azərbaycan İcması olaraq buna qarşı çıxacağıq. Əsas hədəfimiz insanların ilkin mərhələdə daha təhlükəsiz bölgələrə köçürülməsi olacaq. Bu isə bizim nəzərimizdə Azərbaycanla sərhəd rayonlarda yerləşən, xüsusilə Qarabağ və Şərqi Zəngəzur ərazisi ilə sərhəddə Qərbi Zəngəzur, Dərələyəz, Göyçə mahalı və Qaraqoyunlu dərəsi ola bilər. Soydaşlarımızın ilkin mərhələdə həmin ərazilərə köçürülməsi daha təhlükəsiz, zəmanətli və təminatlı olar", - deyə deputat bildirib. Şübhəsiz ki, Azərbaycan Respublikası bu keşməkeşli yoldan da layiqincə keçib, öz haqq mübarizəsində hər zaman olduğu kimi, yenə qalib gələcək. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət istər daxili məsələlərdə, istərsə də beynəlxalq aləmdə öz töhfələrini verir. Bunun nəticəsi olaraq yaxın tarixdə Qərbi Azərbaycana qayıdışımız mümkün olacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".