TƏMİZ ƏTRAF MÜHİT, MİLLİ İNKİŞAF ÖLKƏMİZİN ƏSAS PRİORİTETLƏRİNDƏNDİR
Ekologiya

TƏMİZ ƏTRAF MÜHİT, MİLLİ İNKİŞAF ÖLKƏMİZİN ƏSAS PRİORİTETLƏRİNDƏNDİR

"Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyaclarımızın olduğunu nəzərə alsaq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışı zamanı bildirib. 

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu da öz növbəsində, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edildiyinin təzahürüdür. Sərəncamda qeyd olunur ki, Azərbaycan tərəfindən son illərdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqətin göstərilməsi, eyni zamanda iqlim dəyişiklikləri ilə bağlı görülən işlər çox yüksək qiymətləndirilir. Həmçinin bu il dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP) ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirilib.

Bu gün Azərbaycanın yürütdüyü siyasətin əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınmasını təmin edib. Son 20 ildə Azərbaycan bütün ölkə və təşkilatlarla münasibətdə vahid mövqedən çıxış edib, dostluq və tərəfdaşlıq münasibətlərini hansısa geostrateji təsirə məruz qalmadan müəyyənləşdirib, ikitərəfli və çoxtərəfli münasibətlərdə, dünya siyasətində ali geosiyasi iradəsini nümayiş etdirib.

Ulu öndər Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafı üçün təməl rolu oynayan enerji sahəsində əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, görülmüş mühüm işlər Azərbaycanı dünyaya tanıdıb, əsas enerji təminatçılarından birinə çevrilməsinə imkan yaradıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və 2021-2030-cu illəri əhatə edən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də növbəti onillikdə qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilir, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilir. Bu isə istilik effekti yaradan qaz emissiyasının beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfədir.

Dövlətin iqtisadi inkişafında Milli Prioritet kimi qəbul olunan ətraf mühitin qorunması vəzifəsi iki məqsədin effektiv reallaşdırılmasına xidmət edir: yüksək keyfiyyətli ekoloji mühitin təmin olunması və "yaşıl enerji" məkanının yaradılması.

Ölkəmizdə bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. Azərbaycanın uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edilməsi prosesinə xarici investorlar da həvəslə qoşulurlar. Bu ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisinə start verilib. Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin inşa etdiyi "Qaradağ" Günəş Elektrik Stansiyasının açılışı olub. Külək elektrik stansiyasının tikintisinin aparıldığı yerlərdə - Pirəkəşkül və Sitalçayda 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb, layihənin ətraf mühitə və sosial sahəyə təsirlərinin qiymətləndirilməsi aparılıb. Günəş Elektrik Stansiyasının inşa olunduğu ərazidə ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar aparıldıqdan sonra stansiyanın enerji şəbəkəsinə qoşulması üçün 3 yeni yarımstansiya tikilib. Bu stansiyalar hesabına ümumilikdə ildə təxminən 1,4 milyard kilovat-saat elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması gözlənilir.

Prezident İlham Əliyev işğaldan azad edilmiş bölgələri - 10 min kvadratkilometr ərazini "yaşıl enerji" zonası elan edib. Xatırladaq ki, buraya daxil olan bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Üstəlik, Xəzər dənizi kimi nəhəng bir enerji mənbəyimiz var. Onu da qeyd etməliyik ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq "yaşıl enerji" zonası elan olunub.

Bu gün də ölkəmiz iqlim dəyişikliyi məsələlərinə, qarşıdakı çağırışlara kifayət qədər həssas yanaşması ilə seçilir. Belə ki, elm, mədəniyyət, siyasət, idman hansı sahədə olmasından asılı olmayaraq Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinə artıq bütün dünya şahiddir. Bərpaolunan enerjinin istehsalı ilə Azərbaycanda ətraf mühitə, yeni çağırışlara nə qədər ciddi yanaşdığını və iqlim dəyişiklikliyi, qlobal istiləşmə ilə bağlı problemlərə biganə olmadığını nümayiş etdirir. Azərbaycan sistemli olaraq iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni dəstəkləyir və səmərəli tədbirlər görür.

Azərbaycan üzərinə götürdüyü öhdəliklərlə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyir.

Bir sözlə, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında imzaladığı Sərəncam hər şeydən əvvəl, ölkəmizin təmiz ətraf mühiti, yaşıl inkişafı milli prioriteti hesab etdiyinin bariz nümunəsidir.

Nurəngiz ADİLQIZI,

"Respublika".