Təbiət və biz: Xalq təbabətində geniş istifadə olunan yovşan haqqında bilmədiklərimiz. . .        
Region

Təbiət və biz: Xalq təbabətində geniş istifadə olunan yovşan haqqında bilmədiklərimiz. . .        

Yaz aylarında geniş çölləri bürüyən yovşan ətri ürəyə dinclik gətirir,  cana məlhəm kimi yayılır. “Məlhəm” sözünü işlədəndə yovşanın şəfaverici keyfiyyətləri barədə təsadüf etdiyim araşdırmanı yada saldım. Araşdırmanın müəllifi yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimova yovşanın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərindən söz açırdı. Aydın olurdu ki,   “Yovşan” (Artemisia) yunan sözü olan «artemiziya»dan götürülərək «sağlam»,  «güclü» deməkdir.  Bu,  onun müalicəvi təsirə malik olduğunu göstərir. Müəllifin fikrincə, Azərbaycanda yovşanın 16 növünə rast gəlmək olar.  Mülayim iqlimə malik qurşaqların hər yerində “adi yovşana” rast gəlmək mümkündür.  Yabanı halda yol kənarlarında,  çay və göl sahillərində yayılır.  Quru halda ədviyyat kimi istifadə olunur.  Ət xörəklərində göyərti kimi işlədilir.  Tərkibində efir yağı var.

Yovşanın dərman əhəmiyyətli,  qida xüsusiyyətli,  efir yağlı,  aşı təbiətli,  boyaq və bəzək üçün yararlı növləri əksər ölkələrdə mədəni halda,  kütləvi şəkildə becərilir.  Yovşandan hazırlanmış cövhər,  araq,  vermut,  iştah-gətirici vasitə kimi,  qızardılmış və yağlı xörəklərdən qidalanarkən istifadə edilir.  Xüsusilə də ördək və qaz ətlərinin yeyilməsində istifadə edilir.  Tərkibində efir yağının olması onun qurdqovucu,  valerian turşusunun olması sakitləşdirici,  fenol birləşmələrinin olması vəba xəstəliklərinə qarşı müalicəvi təsirini göstərir.  Tərkibi müxtəlif kimyəvi maddələrlə zəngin olduğundan tibbdə bir sıra xəstəliklərin müalicəsində geniş istifadə olunur.  

 “Müalicə yovşanının” gövdəsi budaqlanan olub,  sıx yarpaqlarla örtülmüşdür.  Yaşılımtıl-sarı rəngli çiçəkləri süpürgə əmələ gətirir.  Tərkibində limon iyli efir yağı,  abrotonin alkoloidi,  qətran,  aşı,  flavanoid və s. maddələr vardır.  Cavan zoğlarından alınan efir yağından qənnadı və likör məmulatlarına xoş iy və dad verilmək üçün istifadə olunur.  Bundan hazırlanmış cövhər və preparatlardan qan azlığında və eləcə də xənazir xəstəliklərinin müalicəsində istifadə edilir.  Yeyinti məqsədləri üçün müalicə yovşanının yarpağı,  çiçəyi və gövdəsindən hazırlanmış ədviyyədən sirkə,  sous (xörək şirəsi),  şorba,  cövhər,  şərab,  ət,  balıq və s.  qida məmulatlarının tərkibinə daxil edirlər.  Bu məqsədlər üçün onun cavan yarpaq,  çiçək və qönçələrini toplayıb kölgədə qurudur,  narın toz halına salaraq  ağzı kip bağlanmış qablara doldurub,  quru və sərin yerdə saxlayır,  yeri gəldikcə istifadə edirlər.  

Xalq təbabətində yovşanın may ayında toplanmış hissələrini qaynatmaqla əldə olunmuş məlhəm-titrətmə,  sarılıq,  qaraciyər,  sidik,  dalaq,  yuxusuzluq,  ürəkgetmə,  qusma,  ishal,  təngnəfəslik,  bədən boşluğuna yığılmış mayelərin və bir sıra bağırsaq xəstəliklərinin müalicəsində geniş tətbiq olunur.

Daha sonra öyrənirik ki,  elmi təbabətdə yovşanı halen preparatlarının tərkibinə daxil edərək,  qüvvətləndirici,  iştahgətirici,  həzmiyaxşılaşdırıcı vasitə kimi istifadə edirlər. Müasir xalq təbabətində acı yovşandan mədə pozğunluqlarının aradan qaldırılmasında,  qəbzlikdə,  qızdırmada,  ürəkgetmədə,  qadın xəstəliklərində,  qanazlığında,  öd kisəsi xəstəliklərində,  vətərlərin genişləndirilməsində,  yuxusuzluqda və eləcə də piylənmə əleyhinə istifadə edirlər. Azərbaycan xalq təbabətində isə yovşanın yarpaq,  çiçək və köklərindən hazırlanmış cövhərdən (məlhəmdən) soyuqdəymə və qankəsmədə,  çibanların sağaldılmasında,  bir çox yaraların müalicəsində istifadə olunur.  Yovşanın döyülmüş yarpaqlarını unla qarışdırıb xəşil bişirərək ac qarına yeyir,  qurdların qovulmasına nail olurlar.  Kölgədə qurudulmuş yaşıl kütləsinin turşumuş südlə qarışığından hazırlanan sıyığından bədənin əzilmiş hissələrinin və sınıqların müalicəsində işlədirlər.  Yovşanla boymadərən bitkisini bir-birinə qarışdırıb köp əleyhinə istifadə edirlər.  Adi yovşandan qida məqsədi ilə də istifadə etmək olar.

Onun yarpaqları C vitamini,  üzvi turşular,  efir yağı,  nişasta və s.  maddələrlə zəngin olduğundan yeyinti məhsullarına əlavə edilməsini məsləhət gürürlər.  Acı yovşandan spirtli içkilərə,  likör,  vermurq və s.  içki növlərinə iy və dad vermək üçün istifadə olunur.  Yovşanın tərkibindəki efir yağından isə ətriyyat və sabun sənayesində istifadə olunur.

                                              Tofiq HÜSEYN,

                                         “Respublika”.