Soyqırımı aktlarına ilk dəfə siyasi-hüquqi qiymət verilib
Tarix

Soyqırımı aktlarına ilk dəfə siyasi-hüquqi qiymət verilib

Ermənilər XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçiriblər. Belə soyqırımı aktlarından biri də 1918-ci il martın 31-də törədilib. Xalqımızın qanına susayan Stepan Şaumyan həmin tarixdə başçılıq etdiyi dəstəsilə birlikdə Bakıda minlərlə insanı etnik kimliyinə görə, yəni azərbaycanlı olduğu üçün qətlə yetirib. Tarixi mənbələrdə öldürülən soydaşlarımızın sayı on minlərlə göstərilir. Vəhşicəsinə qətlə yetirilən insanların içərisində saysız-hesabsız yaşlı insan, qadın və uşaqlar yer alıb. Bu əməl açıq-aşkar bəşəriyyətə qarşı törədilən erməni vandalizminin növbəti təzahürü idi. Aprelin 3-nə qədər davam edən soyqırımı təkcə Bakı şəhəri ilə məhdudlaşmamışdı. Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişdilər. Qətliamlarda milli mədəniyyət nümunələrimizə də ciddi ziyan dəymişdi. Paytaxtımızın ən gözəl tikililərindən olan “İsmailiyyə” binası məhz erməni vandalizminin qurbanı olmuş və yandırılmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib. Belə ki, bu məqsədlə Nazirlər Şurası 1918-ci il iyulun 15-də faciəni tədqiq etmək üçün Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Təsis edilən Komissiyanın materiallarında göstərilirdi ki, 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib, Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və ya dağıdılıb. Komissiyanın hesabatında İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlının məhv edildiyi, kəndlərin isə yerlə-yeksan olduğu qeyd edilib. Bununla yanaşı, Cavanşir, Cəbrayıl qəzalarında, Gümrü yaxınlığında, Zəngəzur qəzasında və Qarabağın dağlıq hissəsində minlərlə azərbaycanlının vəhşicəsinə öldürülməsini istintaq üzvləri aşkara çıxarıb. Təkcə bununla kifayətlənməyən AXC həqiqətləri dünya dövlətlərinə çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaratmışdı. AXC fəaliyyət göstərdiyi illərdə mart ayının 31-ni ümummilli matəm günü kimi qeyd etmişdir. Demokratik respublikanın qurucuları xalqımıza qarşı yürüdülən qəsbkarlıq aktlarına və soyqırımına siyasi qiymət verməyə çalışsa da bu işin tamamilə sona çatdırılmasına imkan verilmədi. 1920-ci il aprelin 28-də AXC-nin bolşeviklər tərəfindən işğalı prosesin yarımçıq qalması ilə nəticələndi. Cənubi Qafqaz regionu SSRİ imperiyasının tərkibinə daxil edildikdən sonra ölkəmizə qarşı haqsızlıqlar daha da geniş vüsət aldı. Sovet hakimiyyəti illərində 1918-ci il mart hadisələri ört-basdır edildi. Uzun illər ermənilərin törətdiyi cinayətlər tarixin qaranlıq səhifələrində saxlanıldı.

Respublikamız 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımıza qarşı törədilən amansız qırğınlara obyektiv qiymət verilməsi üçün imkan yarandı. Azərbaycanın hər probleminə həssaslıqla yanaşan ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələni də diqqətdən kənarda qoymadı. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bu Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı ulu öndər Heydər Əliyev 1999-cu il martın 30-da tədbirlər planını təsdiq etdi. Həmin Fərmanla Heydər Əliyev ilk dəfə olaraq soyqırımı aktlarına siyasi-hüquqi qiymət verdi və bu sahədə aparılan tədqiqat işlərinə dəstəyini nümayiş edirdi.

Sözügedən Fərmanda 1918-ci il soyqırımı ilə yanaşı, xalqımızın son iki əsrdə başına gələn faciələr, Türkmənçay və Gülüstan müqavilələrinin törətdiyi ağır fəsadlar, əzəli Azərbaycan torpaqlarında qondarma “erməni vilayəti”nin yaradılması, 1905-1907-ci illərdə azərbaycanlılara qarşı ermənilər tərəfindən qanlı aksiyaların başlanılması, eləcə də 1948-1953-cü illərdəki deportasiyalardan, habelə Qarabağda baş verən hadisələrdən, qanlı 20 Yanvar qırğınından və Xocalı faciəsindən bəhs olunur.

Dövlət başçısı İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra 31 mart soyqırımı haqqında reallıqların beynəlxalq aləmə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılıb. Məhz dövlət başçısının  30 dekabr 2009-cu ildə imzaladığı Sərəncamla Quba şəhərində soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Soyqırımı Memorial Kompleksi yaradılıb. Bu istiqamətdə ölkə rəhbərinin digər bir önəmli qərarı 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı oldu.

Musa BAĞIRLI,

“Respublika”.