Siyasi manipulyasiya, yoxsa reinteqrasiya...
Siyasət

Siyasi manipulyasiya, yoxsa reinteqrasiya...

Postmüharibə dövründə normallaşma prosesinin icrası və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfi qətiyyətli addımlar atır, danışıqlar çərçivəsində beynəlxalq konvensiyalara uyğun yanaşmalar sərgiləyir, regional balansın təmini üçün əlindən gələni edir. Əfsuslar olsun ki, öz xislətinə sadiq qalan Hayastan isə daxilindəki revanşist hisslərə uyaraq təxribatlara əl atır, sülh prosesinə hər vəchlə mane olmağa çalışır. Bunun üçün müxtəlif vasitələrdən istifadə edilir: spekulyasiya və manipulyasiyalar, havadarlarının köməyi ilə bölgədəki güc balansının pozulması cəhdləri, erməni milyarderlərin satın aldığı bəzi beynəlxalq simaların dezinformasiyaları, siyasi şoular və s.

Həmin təxribatların növbəti mərhələsi intensiv olaraq Laçında "gərgin humanitar vəziyyət" böhranı adı altında bütün dünyaya sərgilənir. Bununla Ermənistan saxta beynəlxalq ictimai rəy yaratmağa cəhd edir. Bölgəyə xarici ölkələrin səfirlərinin, Avropanın səlahiyyətli nümayəndələrinin dəvət edilməsi məhz bu məqsədə xidmət edir.  Azərbaycanın haqq işi olan Laçın dövlət sərhədindəki nəzarət-buraxılış mexanizminin fəaliyyəti haylar tərəfindən birmənalı olaraq qəbul edilmir. Haylar qətiyyətlə Azərbaycan tərəfi ilə razılaşdırılmadan buraya gətirilən iri yük maşınlarının ərazidən keçməsinə səy göstərir. Ermənistan tərəfi bunu dünyaya Laçın yolunun bağlanması, Qarabağda yaşayan erməni sakinlərin "blokadası", "humanitar fəlakət"lə üz-üzə olması kimi çatdırmaq istəyir. Lakin irihəcmli yük maşınlarının ərazidən keçirilməsi istəyi humanitar ehtiyac və ya hər hansı bir fövqəladə səbəbdən deyil. 30 ilə yaxın bir dövr ərazində Laçın yolundan öz kirli əməlləri üçün  istifadə edən haylar artıq Laçın dövlət sərhədinin mövcudluğundan sonra daha buradan narkotik, silah-sursat, qaçaqmal daşınması və digər qeyri-qanuni əməllər üçün istifadə edə bilməyəcək.

Məsələnin başqa məcralara yönəldilməsi, müxtəlif yayındırıcı addımların atılması Azərbaycanı əsas hədəfdən döndərə bilməz. Ermənistan ilk növbədə, delimitasiya və demarkasiya prosesini sürətləndirməli, Naxçıvanla Azərbaycan arasındakı quru əlaqəni və digər kommunikasiyaları bərpa etməli, reinteqrasiya prosesinə əsaslı töhfə verməlidir. Humanitar yüklərin daşınması prosesinə Ermənistan tərəfinin maneçilik törətməsi riyakarlıqdır. Xankəndidə "fəaliyyət" göstərən xunta rejiminin təzyiqləri altında yaşamağa məcbur olan erməni əhalisinə lazımi yardımların çatdırılması üçün Ağdam-Əsgəran-Xankəndi yolu tam açıqdır. Baxmayaraq ki, Ruben Vardanyanın adamları bu yolun müəyyən hissəsini beton plitələrlə bağlatdırmışdı. Azərbaycanın bu çərçivədə alternativ yol təklif etməsi humanizm nümunəsidir. Digər tərəfdən, Qarabağ separatçılarının suveren ərazilərimizdə hələ də məskunlaşması antiterror əməliyyatının vaxtını yaxınlaşdırır. Reinteqrasiya prosesinə mane olan mövcud xunta rejiminin "səlahiyyətliləri" birbaşa Azərbaycan xalqının qanına əli bulaşan cinayətkarlardan təşkil edilmişdir. "Humanitar böhran" şousu, "soyqırımı" böhtanı məhz fikri yayındırma cəhdləridir ki, onlar vaxt qazansın. İndi Ermənistan hakimiyyəti dünyaya car çəkir ki, guya biz Qarabağı blokada vəziyyətində saxlamışıq, ermənilərə qarşı təzyiq göstəririk.

Xankəndidəki xunta rejimi və mövcud Ermənistan hakimiyyəti yaxşı bilir ki, reinteqrasiya prosesi baş tutarsa, onların "humanitar böhran", "soyqırımı" kimi böhtanları qüvvədən düşəcək. Nəticədə beynəlxalq ictimai nəzəri aldatmaq üçün əldə heç bir bəhanə qalmayacaq. Digər tərəfdən, reinteqrasiya prosesinin baş tutmasının ardınca Qərbi azərbaycanlıların da doğma yurdlarına qayıtması üçün qapılar açılmış olacaq. Sadalananların Cənubi Qafqaz üçün faydalı olması nəzərəçarpan əsas məqamdır.

Azərbaycan ərazilərində yaşayan erməni azlığı bu tarixi şansı lazımi səviyyədə dəyərləndirməlidir. Ölkə başçımızın da qeyd etdiyi kimi, erməni azlığı öz seçimini etməlidir: "Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu, onların seçimidir...".

Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmişdir. İlk öncə, martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüş, bu zaman Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılmışdı. Prosesin irəliləməsi və müzakirələrin davamı üçün erməni nümayəndə heyəti paytaxt Bakıya dəvət edildi. Əfsuslar olsun ki, Azərbaycan dövləti növbəti dəfə erməni xislətinin şahidi oldu və haylar Bakıya gəlmədilər. Buna rəğmən, Azərbaycan tərəfi reinteqrasiyanın baş tutması üçün danışıqlara ara vermək istəmədi. Növbəti dəfə, Yevlaxda Azərbaycan tərəfinin və Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüş keçirilməsi  razılaşdırıldı. Razılığın əldə olunmasına baxmayaraq, son anda erməni tərəfi görüşdən imtina etdi.

Qeyd edilən məqamlar məsələnin regional səviyyədə nə yerdə olduğunu bariz şəkildə göstərir. Lakin beynəlxalq məkanda  erməni diaspor və lobbi təşkilatları, o cümlədən Fransa kimi ölkələr süni şəkildə yaradılmış vəziyyətdən, burada yaşayan erməni əhalisindən sadəcə alət kimi istifadə edirlər. Beynəlxalq ictimaiyyətin bu məsələdə Ermənistanın spekulyasiya və manipulyasiyasına aldanması Avropadakı havadarların təzyiqi ilə daha da geniş vüsət alır. Ermənistanın xəbis niyyətini anlamaq olar. Amma bəzi beynəlxalq qüvvələrin, təşkilatların, bu kirli planda Ermənistanla əlbir olması başa düşülən deyil. Nəticə etibarilə Ermənistanın böhtan xarakterli bəyanatları ikili standartlar sərgiləyən qüvvələr tərəfindən beynəlxalq ictimaiyyətin gündəminə ötürüldü. Belə ki, avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün təcili iclas keçirdi. Sözügedən iclasın baş tutmasından əvvəl Ermənistan tərəfi əsaslı nəticə əldə edəcəyini güman etsə də, onlar diplomatik müstəvidə növbəti fiaskoya uğradılar. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışaraq hayların yalanlarını bir-bir ifşa etdi. Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə əsaslı fikir formalaşdırıldı. Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu və orada yaşayan etnik ermənilərin Azərbaycanın sakinləri hesab edildiyini vurğulayan Yaşar Əliyev bildirib ki, Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundur ki, bu da Azərbaycanın sözügedən standartlara əməl etdiyini nümayiş etdirir. Reinteqrasiya prosesinə Azərbaycanın zəmanət verdiyini dilə gətirən Yaşar Əliyev bildirdi:  "Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası siyasətini həyata keçirir və Azərbaycan Konstitusiyasında və Azərbaycanın imza atdığı bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara zəmanət verir. BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş bütün qanuni vasitələrlə suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiə etmək əzmində olduğumuz kimi, qeyd edilən hər iki yola sadiqliyimiz sarsılmazdır...".

Heç şübhəsiz, Ermənistanın "hay-həşiri" təcili iclasın keçirilməsinə səbəb olsa da, masada əyləşmiş ikili standartların təmsilçiləri hər vəchlə ölkəmizə qarşı təsir mexanizmlərini işə salmaq niyyəti güdsə də, iclas Azərbaycan diplomatiyasının növbəti qələbəsi ilə başa çatdı. Bu məqamda qardaş ölkənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi bir məsəli qeyd etmək yerinə düşərdi: İşaəstəndi, koftəndi, bərhaəstəndi (Oturdular, danışdılar, dağıldılar).

Bütün anti-Azərbaycan qüvvələri yaxşı anlamalıdır ki, ölkəmizin əzmi, qətiyyəti, polad iradəsi heç bir zaman təhrif edilə bilməz. Diplomatik məkandakı nailiyyətləri ilə dövlətimiz özünü bütün mötəbər platformalarda təsdiq etmiş, yeritdiyi müstəqil daxili və xarici siyasətilə örnək ölkələrdən birinə çevrilmişdir.

Nurlan ABDALOV,

"Respublika".