ŞƏMKİR SEÇKİLƏRƏ HAZIRLAŞIR
Region

ŞƏMKİR SEÇKİLƏRƏ HAZIRLAŞIR

2024-cü il fevral ayının 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalanmışdır. Müstəqillik bərpa edildikdən sonra ilk dəfədir ki, ərazi bütövlüyü, eləcə də suverenliyi təmin olunmuş respublikamızda seçki keçiriləcəkdir. Bu əlamətdar günü hər kəs səbirsizliklə gözləyir.

Seçkilərin şəffaf və demokratik keçirilməsi üçün bütün zəruri tədbirlər görülür. 103 saylı Şəmkir kənd seçki dairəsinin sədri Rafiq Məmmədov bildirdi ki, dairə üzrə 55002 nəfər səsvermə hüququna malikdir. Rayon rəhbərliyi tərəfindən səsvermə otaqları təmir olunmuşdur.

Mərkəzi Seçki Komissiyası tərəfindən isə hər bir məntəqəyə generator verilmiş, məntəqələr seçkiyə aid avadanlıqlar, eyni zamanda yaddaş kitabçaları, təqvim planı, qeydiyyatdan çıxma vəsiqələri və başqa ləvazimatlarla təchiz edilmişdir.

103 saylı Şəmkir kənd seçki dairəsində 562 nəfər ilk dəfə səs verəcəkdir. 80-100 yaş arası 1067 nəfər seçici var. 1020 nəfər əyani təhsil alan tələbə səs verəcəkdir. Fiziki qüsurlu insanların səsvermə otaqlarına rahat daxil olmaları üçün lazım olan 14 məntəqədə panduslar quraşdırılmışdır. Məntəqələrin əksəriyyəti təşviqat lövhələri ilə təmin olunubdur.

Dairə üzrə ən qocaman seçici rayonun Tatarlı kəndində 1918-ci il yanvarın 1-də anadan olmuş 106 yaşlı Həsənova Ballı Rüstəm qızı, 1920-ci il fevralın 2-də Zəyəm-Cırdaxan kəndində anadan olmuş 104 yaşlı Məmmədova Sədət Məmmədhəsən qızıdır. Əldə etdiyimiz məlumata görə hər iki qocaman sakin özləri seçki məntəqələrinə gələrək layiqli namizədə səs vermək istəyir. 5 məntəqədə veb-kamera quraşdırılıbdır.

102 saylı Şəmkir şəhər seçki dairəsinin sədri Fuad Bədəlov bildirdi ki, dairə üzrə 53217 nəfər səs verəcəkdir. Dairədə 80-100 yaş arası 982 nəfər, 100 yaşdan yuxarı 2 nəfər seçici seçkilərdə iştirak edəcəkdir. Dairə üzrə ilk dəfə səs verənlərin sayı 1661 nəfər təşkil edir. 16 məntəqədə VEB-kamera, ehtiyac olan məntəqələrdə panduslar quraşdırılmışdır.

Şəmkirin ən böyük yaşayış məntəqələrindən biri Dəllər qəsəbəsində növbədənkənar prezident seçkilərinə hazırlıqla maraqlandıq. Qəsəbədə 8, 9, 10 saylı məntəqələrdə seçicilər istədikləri namizədə səs verə biləcəklər. Dəllər qəsəbəsində 3338 nəfər seçici seçki hüququna malikdir.

Qəsəbə icra nümayəndəliyinin inzibati binasında fəaliyyət göstərən 8 saylı məntəqədə 1094 nəfər, şəhid Zaur Abbasov adına Dəllər qəsəbə tam orta məktəbində yerləşən 9 saylı məntəqədə 1221 nəfər, qəsəbə 2 nömrəli körpələr evi-uşaq bağçasında yerləşən 10 saylı məntəqədə 1023 nəfər seçici səs verəcəkdir.

Xəstə, fiziki məhdudiyyətli insanların səs vermələri üçün yaşadıqları ünvanlara daşınan səsvermə qutusu aparılacaqdır. Məntəqələrin hər birində kabinələr quraşdırılmışdır. Qəsəbənin ən yaşlı sakinləri 1925-ci ildə anadan olmuş Həsənov Xəlil Qurban oğlu və Abbasova Məleykə Qara qızıdır.

Şəmkir növbədənkənar prezident seçkilərinə hazırlaşır.

V.POLADOĞLU,

"Respublika".