Şəhərlər ölkələrin vizit kartıdır
Digər xəbərlər

Şəhərlər ölkələrin vizit kartıdır

Azərbaycan Prezidenti və birinci xanım Özbəkistan Prezidenti və xanımı ilə birgə işğaldan azad olunmuş torpaqlarda olublar

Şəhərlər ölkələrin vizit kartıdır. Təsadüfi deyil ki, hansısa ölkəyə səfər edən kəs ilk növbədə onun gözəl şəhərlərində, görməli yerlərində olmağa çalışır. Çünki o şəhərlərin, o yerlərin hər küncündə bir tarix yatır. Şəhərlər, tarixi, mədəni, dini abidələr insana çox şey danışır. Dünyanın isə gözəl şəhərləri çoxdur və düşünürəm ki, o yerləri görmək çoxlarının ən böyük arzusudur. Məsələn, İstanbulu, Romanı, Səmərqəndi, Afinanı və daha neçə-neçə şəhəri kim görmək istəməz ki? Təbii ki, bu siyahını uzatmaq da olar. Və mən tərəddüd etmədən Bakını da bu gözəl şəhərlər sırasına daxil etmək istərdim.

Hər bir dövlət rəhbəri ölkəsinə gələn həmkarına da ilk növbədə həyata keçirilən işlərdən danışır, ölkəsinin gözəl şəhərlərində onları müsafir edir. Xüsusən də bu səfərlər mütəmadi xarakter daşıyanda gələn müsafirlərə gördüyü şəhərlər, yerlər daha da doğmalaşır. Azərbayan Prezidenti son illər xarici ölkələrə tez-tez səfərlər edir. Türkdilli dövlətlərə səfərləri isə daha intensiv xarakter alıb. Məsələn, ötən il dövlət başçımız Özbəkistana səfərində maraqlı tədbirlərin iştirakçısı olub: "Mən ötən il dövlət səfəri və beynəlxalq tədbirlər çərçivəsində üç dəfə Özbəkistanda - Daşkənddə, Səmərqənddə, Xivədə oldum. Bir daha demək istəyirəm ki, sizin həyata keçirdiyiniz həmin dəyişikliklərin, islahatların nəticələrini əyani şəkildə gördüm. Ona görə də sizin seçkilərdə qələbəniz tamamilə qanunauyğun idi və qardaş Özbəkistan xalqı ən düzgün seçim etdi". Azərbaycan Prezidenti İlham Əliyev bu fikri avqustun 23-də Bakıda keçirilən mətbuat konfransında bildirib. Azərbaycana növbəti səfəri çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə birgə keçirilən mətbuat konfransında deyib: "Bir daha deyirəm bugünkü görüşümüzə şadam, ondan məmnunam. Bütün azərbaycanlı dostlarımıza daha çox görüşməyimizi arzulayıram... Öz növbəmdə bunu demək istəyirəm və kütləvi informasiya vasitələri bilməlidir ki, mən hər görüşümüzdən məmnun qalıram, çünki onların nəticəsi çox böyükdür".

Bəli, daha bir dost gəlişi. Dost gəlişi isə bayram olur, deyirlər. Son illər iki dövlət lideri arasında görüşlərin sayının artması Azərbaycan-Özbəkistan əlaqələrinə yeni impuls verib. Bu isə eyni zamanda ölkələrimizin, xalqlarımızın bir-birinə olan marağını artırır, dost ölkə haqqında daha çox məlumat əldə etməyə zəmin yaradır. Əlaqələr genişlənir, şəhərlər qardaşlaşır. Bu günlərdə Azərbaycan-Özbəkistan dostluğunun, qardaşlığının daha bir sevincini yaşadıq.

Onu qeyd edək ki, ötən il də iki ölkə arasında əlaqələrin intensivləşməsi baxımından yaddaqalan olub. Belə ki, iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri zamanı Daşkənddə Heydər Əliyevin adını daşıyan meydanın açılışı olub, 20-dək sənəd imzalanıb. Səfər çərçivəsində həmçinin "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə"yə imza atılıb ki, burada da iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi, əməkdaşlıq üçün yeni imkanlar yaradılması və s. məsələlər əks olunur. Təbii ki, bu sənəd eyni zamanda insanların gediş-gəlişini də özündə ehtiva edir, çünki bu, xalqlarımızın bir-birini daha yaxından tanımaları üçün əsas amillərdəndir. Özbəkistan Prezidentinin: "Bütün azərbaycanlı dostlarımıza daha çox görüşməyimizi arzulayıram..." sözləri də bu məlum həqiqəti əks etdirir. Atalar məsəlində də deyildiyi kimi: "Çox gəzən, çox bilər". Beləliklə, Özbəkistanı bir qədər də yaxından tanımaq üçün qiyabi səyahətimizə başlayırıq...

Səmərqənd... Onu həm də möcüzələr şəhəri adlandırırlar. Şəhərin tarixi, görməli yerləri ilə bağlı məlumata keçməzdən öncə onu deyim ki, Azərbaycan Prezidenti dəfələrlə Özbəkistanda, Səmərqənd şəhərində olub. Biz hər dəfə televiziya kanallarında həmin səfərlər, keçirilən görüşlər barəsində sujetləri işləyərkən yayılan görüntülər insanı bu diyarın gözəl məkanları ilə baş-başa qoyur, Səmərqəndin gözəlliyinə heyran qalırsan. Səmərqənd həm də bir başqa amilə görə diqqət çəkir, çünki o da Bakı kimi türk dünyasının birliyinə, qardaşlığına, türkdilli dövlətlər arasında münasibətlərin inkişaf etdirilməsinə öz töhfəsini verir, Bakını isə özünə qardaş sayır. Və bir də ona görə ki, bu qədim, keçmişi və bu günü ilə öyünən şəhər doğrudan da digər gözəl şəhərlərlə rəqabətə girə biləcək qədər gözəldir.

Səmərqənd e.ə 329-cu ildə Böyük İsgəndər, eramızın 712-ci illərində ərəblər tərəfindən fəth edilib, 751-ci ildə müsəlmanlar əsir alınmış çinlilərdən kağız istehsalının sirrini öyrənib, müsəlman dünyasında ilk kağız karxanası Səmərqənddə tikilib. Bu vərdiş əvvəlcə ərəb xilafətinə, sonra isə Avropaya yayılıb. İspaniyanın Madrid şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş Assambleyasının 24-cü sessiyasında qədim Səmərqənd şəhəri 2023-cü ildə dünyanın turizm paytaxtı elan edilib. Bu o deməkdir ki, Səmərqənd sözün əsl mənasında açıq səma altında muzey və dünya mədəniyyətinin xəzinəsidir...

Azərbaycan-Özbəkistan liderlərinin növbəti görüşünün xoş təəssüratları fonunda Səmərqəndə qısaca da olsa, qiyabi səfər edərkən doğma Azərbaycanımızın gözəl baş kəndindən sonra indi mötəbər, beynəlxalq səviyyəli tədbirlərə evsahibliyi edən Şuşamızdan danışmaya bilmərəm. Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşa 28 illik işğaldan sonra indi azadlığın dadını çıxarır. Yenidən qurulur, təbiətin ona bəxş etdiyi gözəlliyinə gözəllik qatılır, qonağı-qarası çoxaldıqca düşmənin vurduğu yaralar da qaysaq bağlayır, sevinir. Mən əminəm ki, 2021-ci ilin iyununda Şuşa Bəyannaməsinin imzalanmasına şahidlik edəndə bu doğma şəhərimiz daha çox qürurlanmışdı. Ona ən çox sevinci yaşadan isə türk dünyasının lideri Rəcəb Tayyib Ərdoğanın və onun xanımının gəlişi olmuşdu. Onun işğaldan azad edilmiş torpaqlara səfəri isə həqiqətən böyük hadisə idi. Bəli, qardaş ölkənin lideri gözəl bir ənənənin əsasını qoydu.

Bu günlərdə Azərbaycanda səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva da o torpaqlara səfər etdilər. Avqustun 23-də Füzuli aeroportunda qarşılanmadan sonra onlar bu bölgədə məskunlaşmış sakinlərlə görüşdülər, M.Uluqbəy adına 1 nömrəli orta məktəbin açılışında oldular. Həmin gün Azərbaycan və Özbəkistan prezidentləri və xanımları Şuşaya gəldilər. İlk öncə, Saatlı məscidini ziyarət etdilər, sonra Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxdılar. Qonaqlar Şuşada bərpa edilmiş mədəniyyət nümunələrini seyr etdilər.

Daha bir səfər başa çatdı. Ölkəmizin bu dəfəki müsafirləri də doğma məmləkətimizdən xoş təəssüratlarla ayrıldılar...

Zümrüd QURBANQIZI,

"Respublika".