Roman Yusifov
Sosial həyat

Roman Yusifov

Azərbaycan torpaqlarına yağılar göz dikəndə, erməni daşnakları XX əsrin 90-cı illərində havadarlarının köməyi ilə öz mənfur niyyətlərini həyata keçirəndə, Vətənin taleyi təhlükədə olanda qəlbi yurd eşqi ilə döyünən, ata-babalarımızın şanlı döyüş ənənələrinə sadiq qalan Roman Yusifov silaha sarılaraq səngərlərə üz tutdu, düşmənə ağır zərbələr endirdi.

Roman Yasəf oğlu Yusifov 28 iyul 1973-cü ildə Şabran (keçmiş Dəvəçi) rayonunda dünyaya göz açmışdır. Uşaq yaşlarından təbiətin vurğunu idi. Bağ-bağçaya qulluq etməyi çox sevərdi.1990-cı ildə orta məktəbi bitirdikdən sonra Milli Orduya çağırılmışdır.

Roman Naxçıvan şəhərində hərbi təlim keçdikdən sonra Sədərək rayonuna göndərilir. Bu, o vaxtlar idi ki, faşist xislətli erməni qəsbkarları Naxçıvana tez-tez hücumlar edir, dinc əhalini atəşə tutur, hər vəchlə ərazilərimizi ələ keçirməyə çalışırdılar.

Ermənistanla həmsərhəd olan Sədərək rayonu əsl döyüş meydanına çevrilmişdi. Roman Yusifov bu döyüşlərdə Vətən borcunu mərdliklə yerinə yetirirdi.

1992-ci ilin oktyabrında ölüm-dirim savaşında döyüş tapşırığını yerinə yetirərkən Roman Yusifov ayağından yaralandı.

Əvvəlcə Naxçıvanda, sonra isə Bakı şəhərində müalicə olundu. Həkimlərin sayəsində sağaldıqdan sonra xidmətini 777 saylı hərbi hissədə davam etdirdi. Gənc əsgər nümunəvi davranışı və yüksək hərbi hazırlığı ilə burada da yoldaşlarına örnək oldu. O, komandirin təqdimatı ilə birillik zabitlər kursuna göndərildi. Roman kursu müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsi aldı və yenidən hərbi hissəyə qayıtdı. Çox keçmədən Roman Yusifov taqım komandiri təyin olundu.

1995-ci ildə ölkədə sabitlik yenidən pozulmuşdu. Bakıda az qala vətəndaş müharibəsi başlayacaqdı. Dövlət çevrilişinə cəhd edənlərin məqsədi yeni qurulmuş ölkəni devirmək, anarxiya, özbaşınalıq yaratmaq idi.

Milli Ordu vətəndaş müharibəsinin qarşısını məharətlə aldı. Roman bir zabit kimi bu hadisələrə biganə qala bilmədi. O, dövlətimiz, Vətənimiz uğrunda canını qurban verdi. Son mənzili Şabran rayonundakı Qalagah kənd qəbiristanlığı oldu.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Roman Yusifov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

Təhsil aldığı 2 saylı orta məktəb qəhrəman döyüşçünün adını daşıyır.

 Qədir ASLAN,

"Respublika".