GÖYÇƏ YAYLAQLARI BİZİ GÖZLƏYİR...
Sosial həyat

GÖYÇƏ YAYLAQLARI BİZİ GÖZLƏYİR...

Bu gün cənnət guşəsi olan Qarabağ torpaqlarına yeni ruh, yeni nəfəs gəlib, öz qucağını çoxdan həsrətində olan doğma övladlarına açıb… Respublikanın müxtəlif yerlərində məskunlaşmış sakinlər bu torpaqları öpə-öpə doğma məkanlarına qovuşurlar…

Bu sevincə şərik olan Qərbi azərbaycanlılar tezliklə Oğuz yurdlarına qovuşmaq həsrətindədirlər… Müsahibimiz ürəyi vətən ilə döyünən Göyçə ziyalısı İbrahim Novruzdur:

- Biz göyçəlilər fəxarətlə deyə bilərik ki, tezliklə yuxularımız çin olacaq, doğma məmləkətimizə qovuşacağıq:

Neçə söz sərrafım, dövlətim, malım.

Dədə Ələsgərim, Nəcəfim qalıb

Sənətkar Abdullam, İmanım, Alım

Neçə görünməyən hədəfim qalıb.

İşğalçı, namərd, vandal ermənilər yurdumuzu viran qoydu, isti ocağımızı söndürdü, neçə-neçə övladlarımızı atasız-anasız qoydu…

Tarixə nəzər salaq: 1918-ci ildə himayədarlarının və özümüzdə olan xəyanətkarların hesabına tarixi şəhərimiz İrəvan Ermənistana bağışlandı. Bundan sonra erməni şovinistləri daha da iştahlanaraq min bir fitnə-fəsadla qədim Azərbaycan torpaqlarını zəbt etməyə başladılar. 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını da Ermənistana birləşdirməyə nail oldular. 1948-1953-cü illərdə sovet hökumətinin xalqımıza qarşı cinayətinin nəticəsi olaraq Qərbi azərbaycanlılar növbəti deportasiyaya məruz qaldılar. Qarabağ və Şərqi Zəngəzuru hədəf seçən Ermənistan o vaxt Azərbaycanda hakimiyyətdə olan antimilli qüvvələrin xəyanətkar siyasətindən yararlanaraq bu tarixi torpaqlarımızı da ələ keçirib daha yüz minlərlə azərbaycanlını didərgin saldılar. Yaxşı yadımdadır: 1988-1989-cu illərdə rayon mərkəzinə gedib-gəlmək çətinləşmişdi. Amma bizim kəndin (Bala Məzrə) mərd, qorxmaz oğlanları rayona gedib müəyyən işlərini görürdülər. Hər dəfə də dava-dalaşla qayıdırdılar. Bu, əsl mənəvi-psixoloji terror insanları bezdirmişdi. Kənd camaatı səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlılar yaşayan kəndlərə hücuma keçdilər. O dövrün səriştəsiz Azərbaycan dövlətinin rəsmiləri heç bir kömək göstərmədilər. Halbuki bizim Bala Məzrə kəndinin camaatı möhkəm dayanmışdı. Bir həftənin içərisində bütün kəndlər boşaldıldı, əhalinin mal-mülkləri əllərindən alındı, ələ keçənlər qətlə yetirildilər. Azərbaycanlılar ayaqyalın, başıaçıq, qışın şaxtasında-qarında dağlara, meşələrə üz tutdular.

1988-ci ildə Qərbi Azərbaycan ərazisində 261 kənd və qəsəbəsi boşaldılıb ki, onlardan da xalis azərbaycanlılar yaşayan kənd və qəsəbələrin sayı 172, azərbaycanlılarla başqa millətlərin yanaşı yaşadığı qarışıq kənd və qəsəbələrin sayı isə 89-dur. Həmçinin 1988-1989-cu illər soyqırımı zamanı Qərbi Azərbaycanda mövcud məlumatlara görə, 226 soydaşımız ermənilər tərəfindən öldürülüb, (güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub və s.) 400 nəfərdən çox adam bədən xəsarəti alıb. Bu da həmin illərdə ermənilər tərəfindən öldürülmüş və yaralanmış soydaşlarımızın tam siyahısı deyil. Əsas qaçqınlıq dövrü 1988-ci ilin noyabr-dekabr aylarına təsadüf etdiyindən soydaşlarımızın kolxozlarda olan illik əməkhaqları da ermənilərə qalmış, bir çoxları dövlət banklarında olan əmanətlərini belə götürə bilməmişlər. Çox çətinliklə, zəhmətlə, dişlə-dırnaqla yığdıqları, min bir əziyyətlə qazandıqları pullar Ermənistanda qalmışdır. Ümumiyyətlə, soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlakları da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilmişdi. Kolxozlarda azərbaycanlılara məxsus olan 43789 baş iribuynuzlu, 454660 baş xırdabuynuzlu mal-qara, çoxsaylı ev quşları, arı ailələri, 170 mədəniyyət evi, 274 məktəb binası, 119 kitabxana, uşaq bağçaları, həkim məntəqələri, məscid binaları, 1381 yardımçı təsərrüfat tikintiləri, 2169 avtomaşın, 1976 traktor, 3132 kənd təsərrüfatı texnikası, minlərlə hektar üzüm və meyvə bağları ermənilərə qaldı. Bunların hamısının dəyəri təxmini hesablamalarla 17,5 milyard ABŞ dolları təşkil edir. Bəli, ümumi hesabla qaçqınlara dəyən maddi ziyan 20 milyard ABŞ dollarından çox təşkil edir. 1988-ci ilə kimi Qərbi Azərbaycandakı 500-ə yaxın qəbiristanlığımız erməni tapdağı altında qaldı və həmin qəbiristanlıqların əksəriyyəti yer üzündən silinib. Bəzilərinin yerində park salınıb, bəzilərinin ərazisi şumlanaraq əkin sahəsinə çevrilib. Bəli, bu bəşəriyyətə sığmayan erməni vandalizminin bariz nümunəsidir.

Bu gün işğaldan azad olunan ərazilərə keçmiş məcburi köçkünlərimizin qayıdışı Oğuz yurdu Göyçəmizə, səfalı yaylaqlarımıza, nəğməli Göyçə gölümüzə, böyüyüb başa çatdığımız Bala Məzrə kəndinə yetişməyimizin də təməlini qoyub. Sonda 13 sentyabr 2002-ci ildə Goranboy rayonunun Ağcakəndində, ümummilli lider Heydər Əliyevin göyçəlilərlə tarixi görüşündə, müdrik şəxsiyyətin öz uzaqgörənliyi ilə söylədiyi kəlamlarını xatırlatmaq istərdim: "Dünya heç vaxt belə qalmayacaq, dünyada hər şey dəyişir. XX əsrin sonu, XXI əsrin ilk illəri bunu sübut edir və göstərir ki, dünyada çox böyük dəyişikliklər gedir. Bəli, heç bir şey bir yerdə durmur. Heç bir şey olduğu kimi qalmır. Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm".

Zabit XƏLİLOV,

"Respublika".