Vətən üçün doğulmuşdu, onun yolunda da şəhid oldu
Sosial həyat

Vətən üçün doğulmuşdu, onun yolunda da şəhid oldu

Yaxın hərb tariximizin parlaq səhifələrindən olan 2016- ilin Aprel döyüşlərinin qəhrəman şəhidlərindən biri Silahlı Qüvvələrin polkovniki Yusifov Vüqar Nurəddin oğludur. 2 noyabr 1976- ildə Şəmkir rayonu, Şiştəpə kəndində dünyaya göz açıb. Uşaqlığı doğulduğu kənddə keçən Vüqar 1983- ildə Şiştəpə kəndində 1-ci sinfə gedib. Məktəb illərində idmançı görkəmi, bacarığı, vətənpərvərliyi ilə sinif yoldaşlarından seçilmiş, siniflərarası yarışlarda hər zaman kapitan kimi komandasının adını yüksəklərə qaldırmışdır. Onun uşaqlığı mənfur düşmənin torpaqlarımıza təcavüz etdiyi illərə təsadüf edib. Erməni separatçıları Xocalıda silahsız dinc insanlara qarşı soyqırımı törədəndə o, 10-cu sinifdə oxuyurdu. Ancaq buna baxmayaraq, dəfələrlə döyüş bölgəsinə getmək, vətən müdafiəçilərinə qoşulub düşməndən qisas almaq istəmiş, hər dəfə azyaşlı olduğuna görə hərbi komissarlıq tərəfindən geri qaytarılmışdır. Ancaq düşməndən qisas alacağına and içmiş, bu məqsədlə hərbçi olmağı qarşısına məqsəd qoymuşdur.

1993- ildə 11-ci sinfi bitirərək Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olmuş, 1998-ci ildə həmin məktəbi bitirmişdir. 1997-ci ildə leytenant rütbəsi almış, 1997-ci ildən 1998-ci ilədək Türkiyənin İstanbul şəhərində piyada qoşunları üzrə ixtisası piyada məktəbində, eləcə Egridir dağ komando məktəbində "Komando başlanğıc" kursunu azərbaycanlı müdavimlər arasında birinciliklə bitirmişdir.

Vətənə dönərək Müdafiə Nazirinin əmrilə "N" saylı Xüsusi Təyinatlı hərbi hissədə taqım komandiri, daha sonra Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmiş, xidmətdə fərqləndiyinə görə Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandiri vəzifəsinə irəli çəkilmişdir. Daha sonra 2002-ci ildə həmin hərbi hissədə taborun qərargah rəisi, 2003- ildə isə tabor komandiri vəzifəsinə təyin olunmuşdur. Müdafiə naziri tərəfindən Qüsursuz xidmətlərinə görə 3- dərəcəli medalı ilə təltif olunmuş, Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

2007-ci ildə Amerika Birləşmiş Ştatlarında "Fort Haucka" quru qoşunları bazasında Kəşfiyyat kapitanı təkmilləşdirmə, 2011-ci ildə isə Pakistanda Xüsusi təyinatlı təkmilləşdirmə kurslarında iştirak etmişdir. Düşmənin 2014- il avqustunda cəbhəyanı yaşayış sahələrimizə təxribatının qarşısının alınmasında isə xüsusi xidmətlər göstərmişdi.

Vüqarın sonuncu döyüşü 2016- ilin aprel ayının 4- Tərtər rayonu Talış yüksəkliyində olmuşdur. Kəşfiyyat komandirinin rəhbərliyi altında iki dəstə Gülüstan tərəfdən hərəkət edərək düşmənin 3 postunun arxasına keçmiş, ilk həmlə ilə birinci səngərdə olan 18 erməni əsgərini məhv etməklə postu götürmüşdür. Bu zaman təpənin başında gecəgörmə cihazı ilə düşmənin say çoxluğunu yana doğru hərəkətini görərək, onların qüvvələrimizi mühasirəyə almaq fikrini anlamış, tabeliyindəkilərə bu barədə göstəriş vermişdir. Nəticədə düşmən hücumunu dəf edən kəşfiyyatçılarımız əks-hücuma keçərək növbəti 3- posta qədər irəliləmişdilər. Maskalanmış düşmənin tankı önə çıxmış kəşfiyyatçılarımıza atəş açmışdır. Nəticədə ürəyi vətən-torpaq üçün döyünən iki cəsur komandir - polkovnik Yusifov Vüqar polkovnik-leytenant Raquf Orucov şəhid olmuşlar.

Vüqar Vətən üçün doğulmuşdu, Vətən yolunda da şəhid oldu. Şəhid zabitimizin üç övladı - iki qızı, bir oğlu yadigar qalıb. Prezident İlham Əliyevin sərəncamı ilə Vüqar Yusifov ölümündən sonra 3- dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

M.CƏFƏROV,

"Respublika".