Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə yönələn təşəbbüslər
Digər xəbərlər

Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə yönələn təşəbbüslər

Yaddaşımıza əbədi həkk olunmuş möhtəşəm tarixi Qələbə göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni "Dəmir yumruğ"un zərbəsi ilə cəmi 44 gündə həll etdi. Bu möhtəşəm Qələbə sayəsində ərazi bütövlüyümüzü milli kimliyimizi və müstəqil Azərbaycanın suverenliyini qorumağa qadir olduğumuzu sübut etdik.

Vətən müharibəsi ölkəmizdə milli həmrəyliyi, birliyi daha da gücləndirdi. Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini Azərbaycanın qüdrətini qəbul etmək kimi danılmaz fakt qarşısında qoydu. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Məhv edilən sadəcə Ermənistan hərbi texnikası deyil, həm də dünya erməniliyinin mənfur ideologiyası idi. Bu müharibədə qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi əhəmiyyətli rol oynadı. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərinə imkan vermədi.

20 il öncə ilk dəfə cənab İlham Əliyev prezident seçiləndə xalqa söz vermişdi ki, ölkənin ərazi bütövlüyünün bərpa olunmasında əlindən gələni edəcək və Azərbaycanın dövlət bayrağı işğal altında olan torpaqların hər bir guşəsində dalğalanacaq. Artıq müqəddəs bayrağımız Şuşada, Xankəndidə, Xocalıda və digər bütün işğaldan azad edilən ərazilərimizdə qürurla dalğalanır və bu tarixi hadisə xalqımıza böyük fəxarət hissi yaşadır.

Bu gün dünya ictimaiyyəti, o cümlədən ermənilər və onların havadarları da yaxşı başa düşürlər ki, Prezident İlham Əliyev nəyi deyibsə, ona da əməl edib. Ölkə başçımızın sözü imzası qədər dəyərlidir.

8 noyabr 2023-cü il tarixdə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin 3-cü ildönümündə keçirilən hərbi paradı xalqımız, eləcə də dünya azərbaycanlıları böyük sevinc və qürurla izlədi. Hərbi paradda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlığı, şücaəti, xalqımızın nümayiş etdirdiyi həmrəyliyi, Ermənistan və havadarlarının Azərbaycan əleyhinə siyasəti barədə çıxış etdi. Ermənistanın torpaqlarımızı işğal altında saxladığı dövrlərdə xalqımız inanırdı ki, Heydər Əliyev siyasi kursunu davam etdirən müdrik, qətiyyətli, uzaqgörən siyasətçi, eləcə də mahir diplomatik bacarığa, sarsılmaz siyasi iradəyə sahib cənab İlham Əliyev Azərbaycanı dünyada güclü dövlətə çevirəcək, düşmən tapdağında olan torpaqlarımızı azad edəcək.

Xankəndidə "Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik", - deyən Prezident İlham Əliyev vurğulayıb ki, düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada Müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm: "Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın!".

Cənab İlham Əliyev hər zaman diqqətə çatdırırdı ki, əgər Ermənistan rəhbərliyi və onun arxasında duran bəzi xarici qüvvələr sözlərimə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı: "Mən dəfələrlə deyirdim, Ermənistan rəhbərliyinə müraciət edərək deyirdim ki, əgər siz bizim torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə dursun, bu, bizi haqq yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsi bunu bir daha göstərdi".

Qürurla qeyd edirik ki, artıq bütün hədəflərə nail olunub. Ölkəmizin həyatında yeni dövr başlayıb. Azərbaycan, eyni zamanda sülh gündəliyinin müəllifidir. Regionda dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanması günümüzün əsas çağırışlarındandır.  Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Lakin əksər dünya dövlətləri ikili standartlara əsaslanan siyasət yürüdürdülər.

Heç zaman qan tökülməsini istəməyən Azərbaycan dövləti 30 il qarşı tərəfdən ədalətli mövqe gözlədi, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həllinə çalışdı. Cənab İlham Əliyevin vurğuladığı kimi, artıq son illərdə münaqişənin həlli ilə bağlı danışıqların aparılması heç bir məna daşımırdı. Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları açıq-aşkar münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını bildirirdi.

Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan bu gün regionda yeni reallıqlar yaradır. Bütün şərtləri diktə edən qalib Azərbaycandır. İrəli sürülən hər bir təşəbbüs, qəbul olunan qərarlar, atılan addımlar regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə yönəlib. Odur ki, dövlətimizin gücü, qüdrəti, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, xalqımızın sarsılmaz birliyi Azərbaycanı daim yeni-yeni zəfərlərə aparacaq.

Bu gün fəxrlə biz bütöv və suveren Azərbaycan vətəndaşlarıyıq deyirik. Bütün bunlara nail olmağımızda Azərbaycan Prezidenti İlham Əliyevin rolu əvəzsizdir. Onun liderlik məharəti, strateji yanaşması, yüksək intellektual səviyyəsi, xalqına, vətəninə sevgisi və misilsiz diplomatik bacarığı sayəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu.

Bəli, bu gün bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər unutmasınlar ki, "Dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq.

Namiq ƏLİYEV,

hüquqşünas.