Ulu öndərin tarixi irsi nəsillərə örnəkdir
Digər xəbərlər

Ulu öndərin tarixi irsi nəsillərə örnəkdir

Başa çatmaqda olan 2023-cü il Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan "Heydər Əliyev İli" kimi daxil oldu. Xalqımız özünün dahi oğlunun, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider, dünyaşöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə, çoxsaylı tədbirlərlə qeyd edir. Bu əlamətdar yubiley Azərbaycanın dövlət müstəqilliyini qoruyub möhkəmləndirmiş, ölkəmizi davamlı inkişaf yoluna çıxarmış, onu dünya birliyinə qovuşdurmuş əvəzsiz tarixi şəxsiyyətə - Heydər Əliyevə olan sonsuz sevginin, ümumxalq məhəbbətinin parlaq nümunəsidir. Ulu öndərin Vətən və xalq qarşısında xidmətləri o qədər böyükdür ki, onun əsl qiymətini zaman keçdikcə gələcək nəsillər verəcəkdir.

Ümummilli liderin onilliklər üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətli bir hissəsini də ölkəmizdə müasir, dünyəvi dövlət quruculuğu və hüquq sisteminin islahatları təşkil edir. XX əsrin 90-cı illərinin əvvəlində müstəqilliyini bərpa edən Azərbaycanın ərazisinin bir hissəsinin bədnam qonşumuz Ermənistanın təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin və daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsindən xilas edərək onu dayanıqlı siyasi, hüquqi və iqtisadi inkişaf yoluna çıxardı.

Müəllifi məhz Heydər Əliyev olan 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamız hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu, insan və vətəndaş hüquqlarının üstünlüyünü və hakimiyyət bölgüsünü müstəqil Azərbaycanın gələcək inkişaf yolu kimi müəyyənləşdirmişdir. Aparılan hüquqi islahatlar çərçivəsində ədliyyə, prokurorluq, daxili işlər və digər hüquq-mühafizə orqanlarının fəaliyyəti hüquqi dövlət konsepsiyasına uyğun surətdə təkmilləşdirilmiş, yeni qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikasının bütün dövlət orqanlarının inkişafında Ulu öndərin xidmətləri misilsizdir.

Dahi rəhbərin yüksək dəyər verdiyi dövlət orqanlarından biri də prokurorluqdur. Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu il tarixdə "Prokurorluq haqqında" qanunun qəbulu qarşıda duran bu və digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmış, prokurorluq orqanlarının daha da demokratikləşməsini, onların qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir. Cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluq, hər kəsin qanun qarşısında bərabərliyi, qərəzsizlik, faktlara əsaslanma, siyasi bitərəflik bu gün prokurorluğun fəaliyyətinin əsas prinsiplərini təşkil edir. Ümummilli liderimiz Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi, tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürüdür. Fərəh hissi ilə qeyd etmək istərdim ki, Müstəqil Dövlətlər Birliyində prokurorluğun peşə bayramı gününün təsis edildiyi ilk dövlət Azərbaycan Respublikası olmuşdur. Ulu öndərimiz Heydər Əliyevin prokurorluğun fəaliyyətinə yüksək qiymət verməsi, ölkəmizin müstəqilliyinə, dövlətçiliyinə sədaqətinə görə təşəkkür etməsi hər birimizin üzərinə daha böyük məsuliyyət qoymuşdur. Ulu öndərimiz prokurorluq işçilərinin peşə fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Prokurorluq peşəsi ağır, çətin peşədir, amma, eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram". Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Prokurorluğunda hərtərəfli islahatlara başlanılmaqla dövlət başçısının tövsiyə və göstərişlərinə əsasən həyata keçirilən tədbirlər sayəsində cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi, gənc kadr siyasətinin aparılması, köklü islahatlar və prokurorluğun fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılmış, bu istiqamətdə ciddi nailiyyətlər əldə edilmişdir. Prokurorluq orqanlarında yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesi dövlətçiliyə sadiq, sağlam iradə və düşüncə, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik gənc hüquqşünaslar hesabına aparılır. Odur ki, prokurorluq orqanlarında daim islahatlar həyata keçirilir, gənc kadrlar işə qəbul edilir, canlanma və inkişaf hiss olunur. Bu gün prokurorluq işçiləri üzərlərinə düşən məsuliyyəti, onlara olan yüksək etimadı dövlətçilik ideyalarına sədaqətlə, xidməti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa səy göstərirlər. Prokurorluq orqanlarında aparılan islahatlar, fəaliyyətimizlə bağlı qəbul edilmiş yeni qanunlar və digər qanunvericilik aktları bizi daha fəal və səmərəli çalışmağa, qanunların aliliyinin təmin edilməsi uğrunda daha barışmaz və prinsipial mübarizə aparmağa ruhlandırır. Bu gün ulu öndərin ideyalarını onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev uğurla həyata keçirir. Ümummilli liderin xalqa tarixi müraciətində möhtərəm Prezidentimiz İlham Əliyev haqqında irəli sürdüyü "Mən ona özüm qədər inanıram" əminliyi və xalqın bu əminliyə söykənən yüksək etimadı Azərbaycanın tezliklə qədəm qoyduğu böyük yüksəliş yolunun, yeni bir inkişaf mərhələsinin başlanğıcına çevrilmiş oldu. Ulu öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını yüksək dinamizmlə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü, uğurlu siyasətin sayəsində bu gün Azərbaycanın davamlı tərəqqisi təmin olunmuş, ölkəmizin hərtərəfli inkişafına yönələn bir sıra qətiyyətli addımlar atılmışdır. Məhz möhtərəm Prezidentimizin uzaqgörən, müdrik siyasəti nəticəsində torpaqlarımız 30 illik işğaldan azad edilərək ölkəmizin ərazi bütövlüyü həmişəlik bərpa olunmuşdur. Azərbaycan dünyanın iqtisadi müstəvisində istehlakçı ölkə statusunu istehsalçı ölkə statusuna dəyişmiş, sosial-iqtisadi inkişaf tempinə görə dünyanın ən öncül dövlətlərindən birinə çevrilmişdir.

Kamal HƏBİBOV,

Qusar rayon prokurorunun köməkçisi,

I dərəcəli hüquqşünas.