ABŞ-ın regionda yeni, amma köhnə taktikası
Siyasət

ABŞ-ın regionda yeni, amma köhnə taktikası

Öz imperialist maraqlarının təmin olunması üçün hər vasitəyə əl atan "demokratik" Qərbin dünyada geniş agent şəbəkəsinin olması faktı artıq hər kəsə məlumdur. Nüfuz etmək istədiyi bölgələrə "yumşaq" müdaxilələr edən Amerika Birləşmiş Ştatları və Qərbin bir sıra güc mərkəzləri bütün mümkün imkanlardan məharətlə istifadə edərək bəzi cəmiyyətlərdə nifaq salmağı hədəfləyir və çox təəssüflər olsun ki, bəzi hallarda buna nail ola bilirlər.

Beləliklə də öz maraqlarını təmin etmək üçün daxildən "dəstəkçi" qruplar formalaşdırmağa müvəffəq olan ABŞ-ın təhsil proqramlarına, media qurumlarına və ya vətəndaş cəmiyyətinin ayrılmaz hissəsi olan ictimai birliklərin fəaliyyətinə ayırdığı qrant layihələrinin heç də ifadə olunduğu kimi "xoş niyyətin" təcəssümü olmadığı aydın müşahidə edilir. Hətta "demokratiya", "söz azadlığı", "insan hüquqları" kimi önəmli dəyərlərin alətə çevrilməsi taktikası "təcrübəli" institutlar və onları himayə edən aktorlar üçün artıq ənənəvi ritorikaya çevrilib. ABŞ bu vasitədən hər zaman Azərbaycana qarşı da istifadə etməyə çalışıb, amma heç vaxt öz məqsədlərinə çatmayıb.

Xüsusilə də 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz tarixi zəfərimizdən sonra yaranan yeni reallıqlar fonunda dövlətimizin artan nüfuzu, uğurlu diplomatik addımları və qətiyyətli mövqeyi qarşısında öz maraqlarını təmin edə bilməyən ABŞ və Avropanın bəzi siyasi dairələrinin son çarə olaraq məhz bu ənənəvi "vasitədən" istifadə cəhdlərini müşahidə edirik. Amerikanın və ya Qərbin bu riyakar siyasəti artıq təəccüb yaratmasa da, onların agent şəbəkəsinin üzvləri arasında öz Vətənini, millətini, vicdanını satan "soydaşlarımızın" olduğunu görmək nəinki təəccüb, həmçinin təəssüf və nifrət yaradır. Çünki Vətənə xəyanətin əfvi və ya bəraəti yoxdur.                              

Aytən QURBANOVA,

politoloq.