Xalq Ulu Öndərə arxalandı
Siyasət

Xalq Ulu Öndərə arxalandı

31 il öncə - 1993-cü ilin 18 iyununda ölkəmizdə dərin siyasi kollapsın kulminasiya nöqtəsi yarandı. Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə keçən gecə qəflətən, dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən Bakı şəhərini tərk edərək naməlum istiqamətə yollandı. Ardınca xəbər verildi ki, eks-prezident konkret olaraq Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndinə gedib və orada hər şey onun üçün “yaxşıdır”.

Həmin gündən Kələki kəndində qalan Əbülfəz Elçibəy Azərbaycan dövlətinin başçısı kimi fəaliyyətini həlledici dərəcədə məhdudlaşdırmış, respublikanın dövlət idarəetmə orqanları ilə faktiki olaraq əlaqəsini itirmiş və ali icra hakimiyyəti funksiyalarının yerinə yetirilməsindən özünü kənarlaşdırmışdı. Bu səbəbdən, o, Prezident vəzifəsini daha icra edə bilmirdi.

Bu müddət ərzində respublikanın başqa bölgələri, o cümlədən Bakı ilə bütün əlaqələrini yalnız son dərəcə qeyri-sabit işləyən telefon rabitəsi ilə quraraq Azərbaycan Respublikasının prezidenti obyektiv məlumatların alınmasından, ölkədəki gərgin ictimai-siyasi və hərbi vəziyyətə düzgün qiymət verilməsindən, baş verən hadisələrə təsir göstərə bilən təxirəsalınmaz qərarların qəbul edilməsindən özünü məhrum etmiş və beləliklə də hadisələrin inkişafına nəzarət etmək imkanını itirmişdi. Bununla da Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Konstitusiyası ilə onun üzərinə qoyulmuş vətəndaşların hüquq və azadlıqlarının, qanunlarına əməl olunmasının təminatçısı kimi öz vəzifəsini yerinə yetirə bilmirdi.

Azərbaycan ərazisində müharibə getdiyi dövrdə respublikanın suverenliyinin qorunmasının, onun müdafiəsinin, dövlət təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsinə məsuliyyət daşıyan respublika Prezidentinin Ermənistanın işğalçı qoşunları ilə döyüşən hərbi hissələrlə ümumiyyətlə əlaqəsi yox idi. Belə vəziyyətdə Əbülfəz Elçibəyin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi üzərinə düşən vəzifələri yerinə yetirməsi, o cümlədən strateji əhəmiyyətli əməliyyat planlarını təsdiq etməsi, bilavasitə onun tabeliyində olan müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirliklərinin silahlı qüvvələrini əlaqələndirməsi qeyri-mümkün olmuşdu. Xüsusi rabitə vasitələrinin olmaması üzündən dövlət və hərbi sirlərin açılması üçün real təhlükə yaranmışdı.

Hadisələrin pərdəarxası məqamlarına diqqət yetirsək görərik ki, yenicə müstəqilliyini əldə etmiş Azərbaycan dövlətinin gələcək taleyi səriştəsiz “şəxsiyyət”lərin əlində oyuncağa çevrilmişdi. Ölkənin dörd bir yanında xaos və anarxiya baş qaldırmış, qanunsuz silahlı dəstələr dinc əhaliyə qənim kəsilmişdi. Bütün bunlar az deyilmiş kimi, erməni qəsbkarları ilə mübarizədə acizlik nümayiş etidirilmiş, düşmənlə mübarizə üçün vahid mərkəzləşmiş sistem olmadığından torpaqlarımız işğal altına düşmüşdü. Hakimiyyət uğrunda gedən mübarizə dövlətçiliyimizi yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda çox mürəkkəb, gərgin vəziyyətin əsas səbəbi iyun ayının 4-də Gəncədə baş vermiş qanlı hadisələrdir. Bununla yanaşı, qiyamçı Surət Hüseynovun hərbi dəstələri döyüş bölgəsini tərk edərək hakimiyyəti ələ keçirmək üçün Bakıya doğru hərəkət edirdi. Cənubda separatçılar praktiki olaraq bir neçə rayonun inzibati binasını güc yolu ilə nəzarətdə saxlayırdı. Onlar AXC hakimiyyətinə tabe olmaqdan boyun qaçırırdı. Şimalda da Azərbaycan vətəndaşı olan milli azlıqlara məxsus bəzi etnik qruplar arasında hakimiyyətə qarşı üsyanlar müzakirə mövzu idi. Son zamanlar ölkədə yaranmış gərgin ictimai-siyasi və hərbi vəziyyətdən istifadə etməyə çalışan bir sıra qanunsuz silahlı birləşmələr Azərbaycanın dövlətçiliyinə və ərazi bütövlüyünə xəyanət etmək niyyəti güdürdülər.

Məhz belə bir çətin dövrdə xalq ümidini Heydər Əliyevə bağlamışdı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə ölkənin Prezidenti seçildi. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə - istər 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin ediləndən sonra, istərsə də müstəqil Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra öz xalqının keşiyində idi. Heydər Əliyev ağır vəziyyətdən çıxış yolunun ancaq danışıqlar yolu ilə, qarşılıqlı anlaşma vasitəsilə, sülh və barışıqla mümkün olacağını dəqiq bilirdi. Azərbaycanın vətənpərvər insanlarının hamısının birləşib bu ağır vəziyyətdən çıxmaq üçün çalışmalara təklifini irəli sürdü. Heydər Əliyev təkrarolunmaz, özünəməxsus keyfiyyətlərə malik müstəsna dahi şəxsiyyətdir. Ulu Öndər hər zaman azərbaycanlı olmağı ilə fəxr etmiş, bunu bir çox çıxışlarında fəxrlə səsləndirmişdir. Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı.

Ulu öndər o dövrdə Ali Sovetin sədri kimi ilk gündən aşkarlıq prinsipinə üstünlük verirdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr televiziya ilə birbaşa yayımlanırdı. Məhz 1993-cü il iyunun 18-də respublika televiziyası ilə xalqa müraciəti zamanı səsləndirdiyi fikirlər deyilənlərə əyani sübutdur. Dahi insan daim Azərbaycan xalqını birliyə və bərabərliyə səsləyirdi. Hətta ən çətin günlərdə belə xalqın bütöv olması üçün çalışırdı: “Ona görə də bu gün bu məsələləri sizə çatdıraraq, eyni zamanda bütün Azərbaycan xalqına, bacı-qardaşlarımıza, vətəndaşlarımıza müraciət edirəm ki, bu ağır günlərdə hamımız bir olaq, bərabər olaq, hamımız səbirli, təmkinli olaq və bu ağır vəziyyətdən çıxış yollarını birlikdə axtaraq. Elə edək ki, bir qanlı hadisənin arxasınca ikinci bir qanlı hadisə baş verməsin”.

Ulu Öndər ölkənin və xalqın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə tarixi bir missiyanı, Azərbaycanı, dövlətçiliyi, müstəqilliyi, milli ideologiyanı daxili və xarici düşmənlərin caynağından özünün fitri istedadı, dərin zəkası, qətiyyəti, uzaqgörənliyi ilə qurtardı, konkret olaraq, kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, son damla qanına qədər onunla mübarizə aparacağını qətiyyətlə bəyan etdi. O, xalqı qardaş qırğınından, vətəndaş müharibəsindən, ölkəni separatçılıqdan və real parçalanma təhlükəsindən, xalq təsərrüfatını dağılmaqdan xilas etdi.

Nurlan ABDALOV,

“Respublika”.