Qaravəlli və Mirili sakinlərinin müraciətləri dinlənildi
Region

Qaravəlli və Mirili sakinlərinin müraciətləri dinlənildi

İmişli rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində lazımi tədbirlər görülür. Rayon icra hakimiyyəti başçısının qrafikə uyğun olaraq bu dəfə səyyar görüş-qəbulları rayonun Qarəvəlli və Mirili kəndlərində keçirildi.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etdilər. İlk öncə, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Səyyar görüş-qəbullarda İmişli Rayon İcra hakimiyyətinin başçısı Elçin Rzayev 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan ətraflı danışdı. Rayon rəhbəri Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının İmişli rayonunda da daim diqqət mərkəzində saxlandığını qeyd etdi.

Görüşlərdə Qaravəlli və Mirili kənd sakinləri onları narahat edən məsələlərlə bağlı müraciətlərini rayon rəhbərinin diqqətinə çatdırdılar. Kənd sakinlərinin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə, icrası ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını bildirərək, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Ərəstun ABDULOV,

"Respublika".