QONDARMA DÖVLƏTİN NÖVBƏTİ XƏYANƏTKAR ADDIMI
Diaspora

QONDARMA DÖVLƏTİN NÖVBƏTİ XƏYANƏTKAR ADDIMI

Bu ölkənin rəhbərliyi öz siyasətlərinin iflasını Rusiyanın üzərinə atmağa çalışır

Ermənistanın milli məclisinin sədri Alen Simonyan Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ünvanına məlum ifadələr işlətdikdən sonra Ermənistanın Rusiyadakı səfiri XİN-ə çağırılmışdır. Özlərinin əsl simalarını get-gedə daha açıq və aydın şəkildə büruzə verən ermənilər, görünür ki, malik olduqları kasad şüurları ilə bu cür davranışın onlar üçün hansı nəticələrə gətirib çıxara biləcəyini hesablamaq iqtidarında deyil. Aydındır ki, Paşinyan timsalında Ermənistanın hazırkı hakim dairələri özlərinin yeni sahibi olan Fransaya çox bel bağlayır. Onlar hesab edirlər ki, Paşinyanın Makronla qucaqlaşıb “öpüşməsi” bədnam dövlətlərini beynəlxalq əlaqələrin toxunulmaz tərəfinə çevirir və Rusiyadan hərtərəfli asılı olan Ermənistanın həyat fəaliyyətini Qərbdən Cənubi Qafqaza uzanan bəzi məkrli əllər hesabına təmin edə biləcəklər.

Öz dövlət mövcudluğunu Rusiya hesabına əldə edən və davam etdirən erməni toplumu indi heç də uzaq olmayan keçmişdə verdiyi bütün vədlərə və and-amanlara zidd hərəkət edir, Rusiya Federasiyası ilə rəsmi sənədlərdə təsbit olunmuş müttəfiqlik münasibətlərinə də xəyanət edir.

Rusiyanın tanınmış politoloqu, Rusiya Federasiyası Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Ermənistanda son dövrdə yaranmış vəziyyətin Rusiya-Ermənistan münasibətlərinə necə təsir göstərə biləcəyinə dair fikirlərini ifadə edərkən bildirmişdir ki, iki ölkə arasında münasibətlər o dərəcədə aşağı səviyyəyə gəlib çıxmışdır ki, Paşinyanın özü və ona yaxın yüksək vəzifəli şəxslərin Rusiyanın ünvanına sonuncu qeyri-dost bəyanatları diplomatik demarş tələb edirdi: "Rusiya XİN-nə Ermənistanın səfiri çağırılmış və ona son bəyanatlar, özəlliklə də erməni parlamentinin sədri Alen Simonyanın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi hörmətli Mariya Zaxarovanın ünvanına səsləndirdiyi və mahiyyət etibarilə ədəbsizlik ehtiva olunduğu fikirlərlə bağlı etiraz notası təqdim edilmişdir.

Hazırda müşahidə etdiyimiz vəziyyət, zənnimcə, iki prosesin nəticəsidir. Əvvəla, arxasında Qərb kuratorların dayandığı rəngli inqilab yolu ilə hakimiyyətə gətirilmiş Paşinyanın yaratdığı rejimin təkamülü nəticəsində biz bütün maskaların yırtıldığını görürük. Bu, Nikolun qanunauyğun təkamülünün məntiqli sonudur və hazırda onun əsl simasını görə bilirik. Biz indi öz kürsüsündə nəyin bahasına olursa-olsun oturmağı davam etdirməyi düşünən, həyata keçirdiyi həm daxili, həm də xarici siyasətinin iflasını pərdələməyə, bu iflası Rusiya Federasiyasının üzərinə atmağa çalışan Paşinyanı görürük. Digər tərəfdən isə, bütün bu illər ərzində Qərb ölkələrinin, xüsusən də keçmiş postsovet məkanında məhz İrəvanda ən böyük səfirliyi fəaliyyət göstərən ABŞ-ın Ermənistanda apardığı işlərin nəticələrini müşahidə edirik. Odur ki, indi Ermənistanda baş verənlərdə qeyri-adi bir şey yoxdur. Ancaq təəccüb doğuran bir məsələ var - nə üçün biz bir dəfə Ukrayna ilə bağlı yanıldığımızdan sonra indi Ermənistan tərəfindən də oxşar münasibətin bəsləndiyini görürük.

Prinsipcə, hadisələrin inkişafı tamamilə aydın və proqnozlaşdırıla bilən variantlar üzrə baş verir. Əlbəttə, burada müfəssəl təhlilin aparılması üçün kifayət qədər əsaslar var. Doğrudur, bir tərəfdən Moskvadan Ermənistanın ünvanına müəyyən çəkindirici fikirlər səsləndirilir, lakin digər tərəfdən hər şeyin yaxşı olduğu, Ermənistanın KTMT-də üzvlüyünün, habelə Rusiya ilə müttəfiqlik münasibətlərinin davam edəcəyi bildirilir. Ancaq bütün bunlara baxmayaraq, Paşinyanın Qərbin vassalına çevrilməklə Moskva ilə münasibətlərə son qoyacağı, habelə KTMT-ni tərk edəcəyi ilə bağlı risklər realdır, mövcuddur və kifayət qədər əsaslıdır. Buna görə də Moskvadan bu gün düşünülmüş, zərgər dəqiqliyi ilə həyata keçirilməli iş tələb olunur ki, təhlükəli tendensiyaları neytrallaşdırmaq və aradan qaldırmaq mümkün olsun. Bununla bərabər, şəxsən mən hesab edirəm ki, Paşinyanın komandası ilə bu cür bəyanatlar, fikirlər səsləndirməklə qarşı-qarşıya siyasi konfrontasiyaya bulaşmaq lazım deyil. Çünki, ilk növbədə, biz Ermənistandan fərqli olaraq tamam başqa siyasi kateqoriyadayıq. Ermənistan - yoxsul, korrupsiya girdabına uğramış, qərbyönümlü rejimi olan, öz mövcudluğunu qoruyub saxlamaq naminə istənilən kombinasiyalara, Rusiya və Rusiyanın rəsmi şəxslərinin ünvanına bu kimi birbaşa siyasi təhqirlərə getməyə hazır olan bir ölkədir. Düşünürəm ki, Moskva İrəvan kimi etməli deyil. Biz özümüzə hörmət qoymalıyıq, Ermənistanın davranışları səviyyəsinə enməməliyik. Biz Rusiya dövlətiyik - böyük və qüdrətli ölkəyik, Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında mühüm amil qismində çıxış etmişik, edirik və edəcəyik. Hazırda qarşımızda olan əsas vəzifə - bütün nəqliyyat kommunikasiyaların, o cümlədən də Zəngəzur dəhlizinin açılmasına nail olmaq, regionda hərbi əməliyyatların bərpası ehtimalını minimuma endirmək üçün əlimizdən gələni etməkdir.

Qeyd edim ki, Ermənistan hazırda müxtəlif hərbi provokasiyalarla çox fəal məşğul olur. Yaxşı anlayırıq ki, bizim üçün ən başlıcası - Şimal-Cənub nəqliyyat dəhlizinin effektiv və fasiləsiz fəaliyyətidir ki, həmin dəhliz Qərbin ölkəmizə qarşı tətbiq olunmuş irimiqyaslı sanksiyaları şəraitində Rusiyanın iqtisadiyyatı üçün fövqəladə dərəcədə mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, mövcud vəziyyətin düzgün qiymətləndirilməsi, düşünülmüş, ölçülüb-biçilmiş qərarların qəbul edilməsi, regionda bizim əsas tərəfdaşlarımızla, sözsüz, ilk növbədə həm də dost, müttəfiq Azərbaycanla işbirliyi müsbət nəticələr verəcək".

“Respublika”.