AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"Kremlin.ru": Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş

Oktyabrın 13-də Bişkekdə Vladimir Putin və İlham Əliyevin görüşü olub.

Bu barədə "Kremlin.ru" xəbər saytı məlumat yayıb. Görüşdə Azərbaycan ilə Rusiya arasında Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin əhəmiyyətindən danışılıb. Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavini, Rusiya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın rusiyalı həmsədri Aleksey Overçuk, prezidentin köməkçisi Yuri Uşakov, iqtisadi inkişaf naziri Maksim Reşetnikov və müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil ediblər. Azərbaycanın nümayəndə heyətinin tərkibində isə baş nazirin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov, prezidentin köməkçisi Hikmət Hacıyev, müdafiə naziri Zakir Həsənov, iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak ediblər.

"Anadolu Agentliyi": Milyon yarım insan təkcə əlcəzairli və müsəlman

olduğuna görə məhv edilib

"Anadolu Agentliyi" Prezident İlham Əliyevin MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüş zamanı Fransa ilə bağlı söylədiyi fikirləri əks etdirən xəbər paylaşıb.

Yazıda qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev öz nitqində Fransanın ölkəmizə qarşı apardığı qərəzli siyasətə və digər məsələlərə toxunub.

Dövlətimizin başçısı, Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanatın yalnız gülüş doğura biləcəyini qeyd edib və bildirib ki, beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal etməklə pozub:

"Necə deyərlər, öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmaq lazım deyil. Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Hələ Fransanın Afrikada, Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlərini demirəm. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır. Azərbaycan və şəxsən mənim tərəfimdən bu məsələ Qoşulmama Hərəkatının sədri kimi dəfələrlə Qoşulmama Hərəkatının sammitlərində qaldırılıb və qanlı müstəmləkə keçmişi olan və hətta bu gün bəzi Afrika ölkələrinin nə qədər səy göstərsələr də, xilas ola bilmədikləri bu ölkə bizi beynəlxalq hüququ pozmaqda ittiham edir. Bu, absurddur".

"Ria Novosti": Azərbaycan haqsız ittihamları rədd edir

"Ria Novosti" xəbər saytı, Azərbaycanın BMT məhkəməsində Ermənistanın Qarabağda etnik təmizləmə aparmaqla bağlı ittihamlarını rədd etməsi ilə bağlı xəbər yayımlayıb. Yazıda Azərbaycan tərəfindən Qarabağ ermənilərinin Ermənistana qayıtması üçün təhlükəsiz şəraitin yaradılacağının təmin edilməsi qeyd olunub.

"BNN Network": Rusiya və Azərbaycan yeni enerji yolları açır Tixoretsk-Bakı neft kəmərinin genişləndirilməsi diqqət mərkəzindədir

"BNN Network" xəbər saytı Azərbaycan və Rusiyanın neft-qaz, elektrik enerjisi və nüvə sektorlarında əməkdaşlığın yeni yollarını müzakirə etməsi barədə məlumat yayımlayıb. Məlumatda, müzakirələrin iki ölkə arasında enerji münasibətlərin inkişafına yönəldiyi bildirilib. Danışıqların "Rusiya enerji həftəsi" beynəlxalq forumu çərçivəsində aparıldığı qeyd olunub. Xəbərdə, həmçinin Tixoretsk-Bakı neft kəmərinin genişləndirilməsi və iki ölkənin şirkətləri arasında texnoloji əməkdaşlığın qurulması ilə bağlı fikir mübadiləsi də öz əksini tapıb. Forum çərçivəsində Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib ki, Moskva və Bakı arasında enerji sektorunda əməkdaşlıq iqtisadiyyatlarımızı gücləndirmək və regionlarımızda enerji təhlükəsizliyini təmin etmək üçün birgə öhdəliyimizə sübutdur. O, həmçinin görüşün kritik enerji infrastrukturunda əməkdaşlığın və investisiyaların artırılması üçün irəliyə doğru yol göstərdiyini diqqətə çatdırıb.

"Vestnik Kavkaza": Azərbaycanlı şahmatçı dünya çempionu olub

Azərbaycan şahmatçısı Gövhər Beydullayeva İtaliyada gənclər arasında keçirilən dünya çempionatında birinci yeri tutub.

"Vestnik Kavkaza" xəbər verir ki, o, rapid növündə 11 turdan sonra 9 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Azərbaycanın digər təmsilçisi Məhəmməd Muradlı isə 6.5 xalla 8-ci olub.

“Respublika”.