Qlobal problemlərlə mübarizə: effektiv yanaşmalar və mühüm töhfələr
Siyasət

Qlobal problemlərlə mübarizə: effektiv yanaşmalar və mühüm töhfələr

Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqazın iqtisadi, siyasi və humanitar mərkəzinə çevrilib. Rəsmi Bakı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində kifayət qədər təcrübəyə malikdir. Azərbaycan daha bir mötəbər tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına (COP29) ev sahibliyi edəcək. Ölkəmizin COP29-a ev sahibi seçilməsi bu ilin ən mühüm hadisəsi olmaqla yanaşı, "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı kimi dəyərləndirilir. Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Azərbaycan bu sahəni diqqət mərkəzində saxlamaqla müsbət ekoloji dəyişikliklər yaratmaq istəyən ölkələr üçün əsl nümunəyə çevrilib. Bununla, həmçinin Azərbaycanın daha sağlam gələcəyə doğru əhəmiyyətli addımlar atdığı bir daha öz təsdiqini tapır.

Dünyanın müxtəlif dövlətlərinin nüfuzlu alimləri Yer kürəsində müşahidə olunan qlobal istiləşmə və iqlim dəyişməsi problemi üzərində tədqiqatlar aparırlar. İnkişaf etmiş ölkələr və tanınmış siyasətçilər də vaxtaşırı bu mövzunu müzakirə obyektinə çevirir, problemin həlli istiqamətində bir sıra siyasi və iqtisadi səciyyəli lokal-qlobal miqyaslı qərarlar qəbul edirlər. İqlim dəyişmələri özü ilə bir sıra fəlakətlər gətirir. İnsanlardan qaynaqlanan emissiyanın səbəb olduğu qlobal istiləşmə də bura daxildir. Bu problem tarixən mövcud olsa da, ötən əsrdə daha mənfi tendensiyaları özündə ehtiva etdi. Məhz bu səbəbdən, qlobal iqlim dəyişmələri probleminə qarşı effektiv mübarizənin təşkili məsələsi ən mühüm çağırışlardan hesab olunur. Son dövrlərdə qlobal iqlim dəyişmələri özünü daha qabarıq şəkildə büruzə verir. Şimal Buzlu okeanda buzlaqların əriməsi, Yer kürəsinin müxtəlif ərazilərində təbii şəraitin kəskin şəkildə dəyişməsi atmosferin zəhərli qazlarla çirklənməsinə səbəb olur. Bu gün inkişaf etmiş ölkələrin rəhbərləri, alimləri, siyasətçiləri və digər sənət sahibləri qlobal istiləşməyə aydınlıq gətirmək, onunla mübarizə yollarını müəyyənləşdirmək üçün birgə səy nümayiş etdirirlər. Azərbaycan da iqlim dəyişmələri ilə mübarizə aparan və problemin həllinə töhfə verən ölkələr arasındadır. Bu ilin noyabrında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) dünyanın inkişaf etmiş müxtəlif ölkələrinin də diqqət mərkəzindədir. Bu baxımdan, beynəlxalq əhəmiyyətə malik olan COP29-un Azərbaycanda keçirilməsi qürurverici hadisədir. Tarixə növbəti uğurumuz kimi düşəcək konfrans Azərbaycanın və Prezident İlham Əliyevin dünyada qlobal məsələlərin həllində mühüm rol oynadığının təcəssümüdür. Konfransda dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin, alimlərinin, müxtəlif sənət sahiblərinin, bütövlükdə çoxsaylı insanların iştirakı gözlənilir. Azərbaycanın bütün beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini nəzərə alsaq, COP29-un da uzun müddət yaddaşlardan silinməyəcəyi və əhəmiyyətli nəticələr əldə olunacağı şübhə doğurmur. Ümumiyyətlə, iqlim dəyişmələrinin qarşısının alınmasında "yaşıl enerji"yə keçid mühüm istiqamətlərdən biridir. Rəsmi Bakı bu sahədə bir sıra uğurlara imza atıb. Belə ki, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə nəticəsində işğaldan azad olunmuş ərazilər "yaşıl enerji zonası" elan edilib. Bununla yanaşı, həmin yerlərin 2050-ci ilədək "netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulub. Baxmayaraq ki, Azərbaycan dünyada neft hasilatında nüfuz qazanmış dövlətdir, "yaşıl enerji" ilə bağlı kifayət qədər layihələr də həyata keçirir. Ölkəmiz, eyni zamanda 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını qarşıya məqsəd qoyub. Bununla yanaşı, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdən hesab olunur ki, bu da ölkəmizə olan etimadı daha da artırır.

Xatırladaq ki, Azərbaycanda bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli Prioritetlər" əsasında qoyulub. Adıçəkilən sənəddə öz əksini tapan 5 milli prioritetdən biri "təmiz ətraf mühit və "yaşıl artım"la bağlıdır. Bütün bunlar bir daha rəsmi Bakının "yaşıl iqtisadiyyat"a keçidlə bağlı qarşıya yeni hədəflər qoyduğunun təsdiqidir. Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı imzalanmış müqavilələr də ölkəmizin "yaşıl enerji"yə verdiyi töhfələrə nümunədir.

Nəzrin ELDARQIZI,

"Respublika".