Saxtakarlıq, hiyləgərlik, riyakarlıq
Siyasət

Saxtakarlıq, hiyləgərlik, riyakarlıq

Ermənistan hökumətinin Qarabağ ermənilərinə "qaçqın" statusu verməsi İrəvana baha başa gələcək.

Aydındır ki, Ermənistan Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycana bütün təsir rıçaqlarından məhrum olub. Artıq Azərbaycanın torpaqları işğal altında deyil, Ermənistan ordusunun hissələri Qarabağda qalmayıb və separatçı rejim "fəaliyyət göstərmir". Belə olan halda, İrəvan sülh prosesinə köklənməkdənsə əlavə rıçaqlar axtarışındadır və Qarabağdan köçənlər Paşinyan iqtidarına "şans" kimi görünür. İrəvan Qarabağdan getmiş ermənilərə "qaçqın" statusu verməklə Azərbaycanı etnik təmizləmədə günahlandırmaq və ölkəmizə təzyiq mühiti formalaşdırmaq niyyətindədir. Bu, eyni zamanda maddi cəhətdən də "perspektivli" ideyadır, çünki qaçqınlara yardım adı ilə xaricdən böyük həcmdə ianələr, yardımlar hesabına daimi "pul axını" təşkil etmək mümkündür və Ermənistanın bu sahədə kifayət qədər təcrübəsi var.

Lakin situasiya Paşinyan və komandasının düşündüyündən daha mürəkkəbdir. İlk olaraq ona görə ki, Ermənistanın bu ideyası hüquqi cəhətdən əsassızdır və fiaskoya məhkumdur. Belə ki, Qaçqınların statusuna dair 1951-ci il Konvensiyasında qeyd olunur ki, irqi, dini mənsubiyyət və ya siyasi əqidə üzündən təqibə məruz qalan şəxs qaçqın hesab olunur. Lakin Azərbaycan istər Vətən müharibəsində, istərsə də lokal antiterror tədbirləri zamanı beynəlxalq humanitar hüququn prinsiplərini rəhbər tutub. Antiterror tədbirlərindən dərhal sonra xalqa müraciəti zamanı cənab İlham Əliyev rəsmən bəyan etdi ki, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Yəni Azərbaycan üçün hədəf ermənilər yox, işğal, terror və separatizm olub. Eyni zamanda Azərbaycan ən ali səviyyədə qanuni şəkildə Qarabağda yaşayan və bundan sonra Azərbaycan qanunları çərçivəsində yaşamağa hazır olan ermənilər üçün digər vətəndaşlarımızın sahib olduğu haqq və hüquqların təminatını verib. Ermənilər isə məhz separatçı rejimin və Ermənistanın təhriki ilə Qarabağı könüllü, heç bir maneə və təhdidlə üzləşmədən tərk ediblər. Eyni zamanda köçənlərin demək olar ki, böyük əksəriyyəti Ermənistan pasportuna malikdir və bu fakt özü də qaçqınlıq elementini sıradan çıxarır. Digər tərəfdən, Ermənistan hökuməti 100 min qaçqından danışır, lakin bu əslində İrəvanın özünün əleyhinə yeni arqumentlər meydana çıxarır. İlk növbədə, kifayət qədər mötəbər mənbələr deməyə əsas verir ki, işğal dövründə Yaxın Şərqdən təxminən 30 min insan beynəlxalq cinayət hesab edilən qanunsuz məskunlaşma yolu ilə Qarabağa yerləşdirilmişdir ki, indi əraziləri tərk edən o ermənilər heç bir formada qaçqın sayıla və qanunsuz məskunlaşma cinayətinin subyektləri olan bu şəxslərin mülkiyyət hüququ tanına bilməz.

Habelə, Ermənistana "qaçanların" arasında Azərbaycana qarşı sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmiş xeyli sayda cani var ki, Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasının 1-ci maddəsinin müvafiq bəndinə əsasən sülh əleyhinə, hərbi və ya insanlıq əleyhinə cinayətlər barədə tərtib olunmuş beynəlxalq aktlarda bu cür cinayətlər törətmiş şəxslər qaçqın hesab edilə bilməz.

Bundan başqa, Bakıda istintaq təcridxanasında olan separatçıların keçmiş "rəhbər"lərinin ifadələrindən də bir daha təsbit olunur ki, Qarabağda Ermənistan ordusunun 15 minə yaxın hərbçisi öz ailə üzvləri ilə birlikdə yaşayıb və bu da ümumilikdə, 30-40 min insan deməkdir.

Bütün bunların fonunda Sovet Azərbaycanının vətəndaşı olmuş və o zamandan Qarabağda yaşamış, hazırda isə Ermənistana köçmüş ermənilərin sayı təxminən 35 mini ötmür. Bu şəxslərə münasibətdə Azərbaycan tərəfdən də hər hansı təqib, təhdid və təzyiq olmadığı üçün Ermənistan anlamalıdır ki, beynəlxalq təsisatlara yalan statistika və hüquqi əsası olmayan siyahılar və iddialar təqdim edib aldatmaqla əslində özünü pis vəziyyətdə qoyacaq. İndiki məqamda regionda aktual və əsaslı olan yeganə qaçqın problemi Qərbi Azərbaycandan olan soydaşlarımızın öz torpaqlarına qayıtmaq hüququnun təmin olunması məsələsinin hələ də açıq qalmasıdır. Əgər Ermənistan qaçqın mövzusunda israrlıdırsa, öncə 300 mindən artıq soydaşımızın İrəvan şəhəri başda olmaqla, Qərbi Azərbaycana qayıdışı barədə müzakirələrdən başlamalıyıq.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.