Qərbi Azərbaycana qayıdış hədəfimizdir
Digər xəbərlər

Qərbi Azərbaycana qayıdış hədəfimizdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi azərbaycandan olan bir qrup ziyalı ilə  görüşmüşdür.

Görüş zamanı Prezident bildirmişdir ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da azərbaycanlıların tarixi irsini silmək istəsələr də, buna nail ola bilməyiblər.

Qərbi Azərbaycan adlanan ərazi indiki Ermənistan dövlətinin yerləşdiyi, Azərbaycan Respublikasının tarixi torpaqlarıdır. XVIII əsrdə Türk kökənli Nadir şah Əfşarın Rusiya ilə apardığı döyüşlərdə məğlubiyyəti Əfşarlar Türk dövlətinin ərazisində fars İran dövlətinin yaranmasına gətirib çıxarmışdı. Bu məğlubiyyətlər həmçinin Şimali Qafqazın, o cümlədən indiki Azərbaycan Respublikası ərazisinin Rusiyanın tərkibinə keçirilməsinə şərait yaratdı. Həmin dövrdə Rusiya bu vəziyyətdən istifadə edərək Anadolu türkləri ilə Azərbaycan türkləri arasında quru sərhədləri vasitəsilə əlaqələrin zamanla kəsilməsi məqsədilə 1828-ci ildə Türkmənçay müqaviləsinə əsasən erməniləri Qarabağ və Qərbi Azərbaycan ərazilərinə köçürməyə başladı. Bu köçürmələr 1918-ci ildə Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaranması ilə nəticələndi.

Rusların dəstəyi ilə ermənilər İrəvan şəhəri də daxil olmaqla, Qərbi Azərbaycana aid olan Zəngəzur, Dərələyəz, Göyçə, Vedibasar, Amasiya mahalları ərazilərində azərbaycanlıları zaman-zaman sıxışdırmağa başladı. Bu sıxışdırmalar 1918-1920-ci illərdə xeyli sayda insanların qətlə yetirilməsi ilə nəticələnən toqquşmaya gətirib çıxardı. Sonradan məlum oldu ki, bu toqquşma planlı şəkildə İrəvan Quberniyasından azərbaycanlıların deportasiyasına hesablanmışdır. Bu işğalçılıq və deportasiya siyasəti məhz Rusiyanın təhriki və dəstəyi ilə sovet Rusiyası qurulduqdan sonra daha kütləvi şəkil almağa başladı. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli fərmanına uyğun olaraq 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan SSR-dən, yəni Qərbi Azərbaycandan köçürülməsi prosesi həyata keçirilmişdir.

Tarix sübut etmişdir ki, rusların ermənilərə dəstəyinin arxasında işğalçılıq planı ilə yanaşı, ermənilərin əli ilə azərbaycanlıları türklərini Qərbi Azərbaycan və Azərbaycan Respublikası ərazisində zəiflədərək ümumi Türk dünyasına zərbə vurmaq olmuşdur. Lakin ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı olaraq Prezident İlham Əliyev Azərbaycanın inkişafını sürətləndirərək, güclü ordu qurmaqla torpaqlarımızı işğaldan azad etdi. Biz bütöv Azərbaycan xalqı olaraq cənab Prezidentin ətrafında sıx birləşməli, ona dəstək olmalıyıq. Qərbi Azərbaycana qayıdış əsas hədəfimizdir.

Bahəddin HÜSEYNOV,

Nərimanov Rayon Gənclər və

İdman İdarəsinin rəis müavini.