Qərb şirin vədlərlə Ermənistanı əlaltısına çevirib
Siyasət

Qərb şirin vədlərlə Ermənistanı əlaltısına çevirib

Azərbaycan dəfələrlə Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi ilə bağlı istəyini ifadə etsə də, bəzi qüvvələr regionda qarışıqlıq yaratmaq niyyətlərindən əl çəkmək istəmirlər. Ölkəmiz İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla aparılan danışıqlarda razılığa gəlmək, sülh əldə etmək üçün əlindən gələni edib. Lakin işğalçı ölkənin daxili siyasətinə müdaxilədən bezməyən Qərb rəsmi İrəvanı öz zəhərli fikirləri ilə aldatmağa çalışır. Bunun nəticəsidir ki, Ermənistan sülh müqaviləsini imzalama prosesini aylardır ki, uzadır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin də dediyi kimi: "Sülh müqaviləsinin mətni nüvə fizikası deyil. Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, intensiv ikitərəfli danışıqlar yolu ilə sülh sazişinin mətni daha əvvəl bağlana bilər. Top Ermənistanın meydanındadır!". Aydın görünür ki, Ermənistanın başı şirin vədlərlə aldadılır.

Qərb burada da özünü ortaya ataraq, "vasitəçi" olmağa çalışır. Lakin Azərbaycan ATƏT-in keçmiş Minsk qrupunun onilliklər boyu davam edən yarıtmaz fəaliyyətini hələ unutmayıb. Əgər bir vasitəçiyə ehtiyac olarsa, regiona müdaxilə istəyini "vasitəçi" rolunun arxasında gizlətmiş Qərb dövlətləri deyil, qərəzsiz və ədalətli mövqedən çıxış edən başqa bir ölkə bu vəzifəni icra edər. Bunun isə Fransa olmayacağını əminliklə demək olar.

Fransa Ermənistanın 30 illik işğalına göz yumub və bununla da separatizmi dəstəkləyib. O səbəbdən də rəsmi Parisin bugünkü mövqeyi təəccüblü deyil. Azərbaycan əzəli torpaqlarını terrorçulardan təmizlədikdən sonra Fransa bunu da həzm edə bilməyib və Ermənistanda revanşizmə dəstək verməyə davam edib. Onun Fransadan radar sistemləri və "Mistral" raketləri alması açıq şəkildə sübut edir ki, rəsmi Paris hərbiləşdirmə və qarşıdurma yaratmaq istəyindədir. Fransa çalışır ki, Cənubi Qafqazda da Ukrayna və Suriyadakı ssenarini həyata keçirsin. Yalandan beynəlxalq hüquq təbliğatçısı rolunu oynayan Fransa bu kimi addımlarla sülhü təmin etməyə deyil, gərginliyi artırmağa xidmət edir.

Ermənistanı silahlandıraraq, Cənubi Qafqazda toqquşma yaratmaq istəyən rəsmi Paris öz militarist siyasətini davam etdirir, regionda destruktiv rol oynayaraq, sabitliyə təhlükə yaradır. Rəsmi Parisin bu siyasəti təkcə Cənubi Qafqazı əhatə etmir. Müstəmləkə keçmişindən ayrılmaq istəməyən Fransanın müdafiə nazirliyinin rəhbəri Sebastien Lecornun noyabrın 5-də Beyruta səfərində Livan ordusunun gücləndirilməsinin vacibliyindən danışması da bunun göstəricisidir. Rəsmi Paris unutmamalıdır ki, bu ölkənin qan qorxusu var. Ən müasir silahlar belə olsa, cəbhədə qoyulub qaçılanda onlar heç bir işə yaramırlar. Fransa insan haqları və beynəlxalq hüquqdan danışır, lakin onun nsilahlandırma və münaqişənin necə alovlandırılması barədə təcrübəsi daha çoxdur. Rəsmi Paris haqq, hüquq yerinə, bu sahədə "dərs verməlidir".

Təəssüf ki, Ermənistanın havadarları Cənubi Qafqazda sülhü, sabitliyi dəstəkləmir, əksinə, gərginliyin yaranmasına çalışır. Bütün bunlar Ermənistanı yanlış istiqamətə yönləndirir və sülh prosesini ləngidir. Fransa və digər xaos tərəfdarı olan dövlətlər dağıdıcı siyasətdən əl çəkməli, sülh və sabitliyə töhfə verməlidirlər. Bu ölkələr Azərbaycan və Ermənistan arasında düşmənçiliyi qızışdırmaq yerinə, Ermənistanı barış və reinteqrasiya prosesinə təşviq etməlidirlər. Bu, rəsmi İrəvanın gələcəyi üçün daha faydalı olar.

N.ANARQIZI,

"Respublika".