Azadlığın mübarək, əziz Şuşa!
Tarix

Azadlığın mübarək, əziz Şuşa!

Deyirlər, ən böyük rəssam Tanrının özüdür. Yaratdığı bütün əsərlərində gözəlliyə, işığa doğru möcüzəli bir yol var. Bu yollarda ruhunu oxşayıb, qəlbinə rahatlıq gətirəcək keçidlər, döngələr səni yeni üfüqlərə, zirvələrə aparır. Sən də o yollarla üzüyuxarı yetişəcəyin ünvana tələsirsən. Amma bəzən çatacağın xoşbəxtliyə uzun yol qət etməli olursan. Aylardan, illərdən fəsillərdən keçir, getdiyin yollarda səbirli olmağa çalışırsan. Çünki məqsədinə, arzuna çatmaq üçün həm də dözüm, iradə lazımdır.

Biz xalq, millət olaraq düz 30 il arzularımızın, məqsədimizin arxasınca səbirlə getdik. Sonunda bacardıq, çatdıq zirvədəki xoşbəxtliyimizə. Bizi o uca zirvələrə, amallara aparan isə Vətən, torpaq sevgisi idi. Yorulmadıq, bezmədik, illərlə içimizi saran, iti caynaqlarını köksümüzə sancaraq qəlbimizi didən torpaq həsrətinə, yurd itkisinə son qoyduq. Çətin, amma şərəfli yol gəldik Şuşaya doğru. İşğal dövründə dillər əzbəri olan bir şüar var idi. "Bütün yollar Qarabağa aparır!". 27 sentyabrda başlayan Vətən müharibəsinin əsas hədəfi də bu idi. Qarabağ düyününün açılmasına, problemin tamamilə həll edilməsinə Şuşanın azadlığı yalnız nöqtə qoya bilərdi. Belə də oldu. O gün hamının gözlədiyi müjdəni Ali Baş Komandan İlham Əliyev belə ifadə etdi: "Əziz Şuşa, sən azadsan!", "Xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim!". Axı, Şuşa həsrətinə son qoymaq ulu öndər Heydər Əliyevin də arzusu idi. Zamanında "Şuşa Azərbaycanın gözüdür" demişdi.

Düz üç ildir Şuşa azaddır. Dağların sinəsinə mirvari kimi dolanan yeddi dolama yollarla üzüyuxarı, şəhərə sarı qalxdıqca ruhunun bədənindən çıxıb, səndən öncə getdiyini hiss edirsən. Gülümsəyən günəşə, qəfil yağan yağışa yaxalanırsan. İçində qəribə hisslər baş qaldırır. Sevinirsən, amma göz yaşlarını saxlaya bilmirsən. Qaçıb, İsa bulağında göz yaşlarını yumaq, Turşsuda nəfəsini dərmək istəyirsən. Nədənsə, özünü bu dünyada deyil, yuxuda hiss edirsən. Səni sehrə, cazibəyə salan sakit, mürgülü küçələrlə üzüaşağı Cıdır düzünə düşürsən. Sol tərəfdə həsrətli Vaqifin məqbərədən gülümsədiyini görürsən.  Şair də doğma yurdunun şad gününə sevinir. Qarşıdakı dumanlı dağlara baxıb "Duman, gəl get bu dağlardan, dağlar təzə bar eyləsin", deyirsən. Öz səsinin dərin dərələrdə əks-səda verdiyini eşidirsən. Gözlərində gilələnən iki damcı yaşda boğulursan. Ürəyindən keçənləri dilə gətirirsən.

Şuşanın ucalığında onun azad edilməsinin nə qədər müqəddəs savaş olduğunu anlayırsan. Ayağını torpağa basmağa, şehli otların üzərində gəzməyə, sərt qayalara toxunmağa qorxursan. Hər yerdə azadlıq uğrunda canını qurban verən Şəhidlərin xatirəsini hiss edirsən. Topxana meşəsindən üzü Cıdır düzünə tərəf sürünən qatı dumanlarda gizlənmək, azmaq istəyirsən.  Sinəsi yaralı, həsrət odunda ürəyi qubardan buz bağlayan Xarıbülbülə gözün sataşır. O da sənə nəsə demək istəyir, qəddini düzəldib, üzünə gülümsəyir. Dərindən nəfəs alıb, aşağı, lap yaxında yerləşən Xankəndiyə boylanırsan. Kövrəkliyin, susqunluğun keçir elə bil. Qarşında yerləşən Xanın kəndindəki, Zəfər paradına baxıb, fərəhdən, qürurdan sinənə sığmayan ürəyinin döyüntüsünü eşidirsən. Bəli, üç ildir həsrətimizi, torpaq dərdimizi, Şuşa nisgilimizi sevinc, qürur hissi əvəz edib. 8 noyabr məğlubedilməz, qüdrətli Azərbaycan əsgərinin Şuşanı işğaldan azad edərək 44 günlük Vətən müharibəsinə Zəfərlə nöqtə qoyduğu gündür.

Şuşa Azərbaycanın milli qürur, mənlik, mərdlik və mədəniyyət simvoludur. Qüdrətli Azərbaycan Ordusunun Şuşaya 30 ildən sonra bayraq sancması Qarabağın yenidən cahana günəş kimi doğması deməkdir. Bu şəhərin azadlığı ordunun gücünün, xalqın birliyinin, Ali Baş Komandanın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Şuşa döyüşləri dünya hərb tarixinə əyani vəsait, xüsusi döyüş taktikası və bənzərsiz qəhrəmanlıq tarixi kimi yazıldı. Şəhərin düşməndən azad edilməsi olduqca çətin əməliyyat idi. Çünki Ermənistan ordusu əhəmiyyətli strateji yüksəklikdə olmaqla bərabər, həm də əsas döyüş qüvvəsini burada cəmləşdirmişdi. Düşmən çox gözəl anlayırdı ki, Azərbaycan ordusu Şuşanı işğaldan azad etməmiş Qarabağ müharibəsini bitirməyəcək. O üzdən də şəhərdə böyük canlı qüvvə və hərbi texnika yerləşdirmişdi. Azərbaycan ordusu bu əməliyyatlarda üç istiqamətdən - Qala qapıları, Xankəndinin Üç yolu və mərkəz hissədən hücuma keçdi. Ancaq düşmən heç vaxt gözləmirdi ki, Azərbaycan əsgəri yalın əllə, sıldırım qayaları dırmaşıb onu məğlub edəcək.

Şuşanın azad edilməsi gününü Zəfər günü ilə bərabər qeyd edirik. Qarabağın baş tacı, dağların zirvəsində mətanətlə dayanan alınmaz qala adlandırdığımız Şuşa, sən, yenidən dirçəlib, əbədi yaşayacaqsan. Möcüzələr diyarı, cənnət səltənəti, azadlığına qovuşmağın da bir möcüzə, görünməmiş hadisə oldu. Zaman dəyişəcək, qərinələr, əsrlər bir-birini əvəzləyəcək. Amma Şuşanın azad edilməsi uğrunda aparılan döyüşlər yaddan çıxmayacaq. Canımızı qurban etdiyimiz Şuşa, azadlığın mübarək!

Ramidə YAQUBQIZI,

"Respublika".