EL-OBANIN FƏXRİ
Region

EL-OBANIN FƏXRİ

Haqqında danışacağım Azərbaycan üçün özünü fəda etməyi bacaran, möhtəşəm ürəyə sahib olan və hamının sevimlisi kimi yaddaşlarda qalan nur üzlü şəhidimizin həyat yolu, gənc nəsil üçün bir qəhrəmanlıq nümunəsidir.

Əliyev Natiq Yusif oğlu 1989-cu il mayın 22-də Gəncə şəhərində zəhmətsevər, vətənpərvər bir ailədə dünyaya gəlmişdi. Orta məktəbdə oxuyarkən ən nümunəvi şagirdlərdən biri olmuş, müəllim və şagirdlərin sevimlisinə çevrilmişdir. Yaxşı futbol oynayır, idman yarışlarında, viktorinalarda fəallıq göstərərək öz doğma məktəbinin nüfuzunu daha da yüksəklərə qaldırmaq üçün əlindən gələni edirdi.

Natiq çox zəhmətkeş olmaqla bərabər, qayğıkeş və olduqca vətənpərvər gənc idi. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra əsgəri xidmətə yollanmışdı. Əsgəri xidmətdən qayıtdıqdan sonra dəfələrlə könüllü olaraq, israrla döyüşlərə qatılmaq istəmişdi. Nəhayət ki, onu MAXE kimi orduya qəbul etdilər. O, Ağcabədi, Beyləqan ərazisində xidmət etməyə başladı. Tezliklə komandirlərinin və əsgər yoldaşlarının sevimlisinə çevrildi.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq, Ermənistan Silahlı Qüvvələrinin və Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri sərhədyanı ərazilərimizi güclü artilleriya atəşinə məruz qoydu. İki nəfər dinc sakin həlak oldu, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirildi. Bəli, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, əsgərlərin fədakarlıqlarını nümayiş etdirdi. Aprel döyüşləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun gücünü, xalqımızın əzmini göstərdi. O vaxt Azərbaycan cəmiyyəti, xalqımız bu döyüşlərin böyük zəfərin başlanğıcı olduğunu çox yaxşı dərk etdi. Natiq Əliyev Aprel döyüşlərində Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində uğurlu döyüş əməliyyatında fəal iştirak etdiyinə görə Fəxri fərmanla təltif olundu. Natiq artıq inanırdı ki, düşmənin sonu yaxınlaşır. Şəhidlərin qisası alınır. Elə də oldu... Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazanıldı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz düz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamış və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq. Natiq artıq arzularına çatmışdı.  Ölkə Prezidentinin müvafiq sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Əfsuslar ki, taleyin hökmünü bilmək olmur...

Erməni şovinistləri bu ədalətli qələbəni sindirə bilmir, tez-tez sərhədləri iriçaplı silahlarla atəşə tuturdular. 2021-ci il noyabrın 17 də Tovuz, Murov, Toğana sərhədyanı zonaları qəflətən artilleriya atəşinə tutuldu. Natiq öz işinin öhdəsindən ləyaqətlə gəlirdi. Yaralılara yardım edir, sanitar məntəqələrə çatdırırdı. Dostlarını xilas edərkən şəhidlik zirvəsinə ucaldı.

Atası Yusif: Azərbaycan xalqı zəngin, fəxarətlə dolu tarixi keçmişə malik olan bir xalqdır. Xalqımızın şanlı hərb tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Mən fəxr edirəm, qürur duyuram ki, mənim oğlum da şəhidlik zirvəsinə yüksəlib... Bəli, min əziyyətlərlə böyütdüyü oğluna böyük arzular bəsləmişdi. Başını dik tutub, göz yaşlarını gizlədərək, qürurla "Onlarla belə oğul fəda edərəm Vətən uğrunda, təki Vətən sağ olsun" deyir. Gənc övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan ana da "Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir. Vətən sağ olsun", - deyir, oğlunun əsgər yoldaşlarından təskinlik tapır...

Oxuduğu məktəbin sinif rəhbəri və sevimli müəllimi Nailə Muradova və Təranə Aliyeva da Natiq haqqında qürurla danışırlar: "Natiq bizim ən sevimli, istəkli şagirdimiz olub. Biz onu övladlarımız qədər sevirdik. Fəxr edirik ki, belə cəsur, igid və qəhrəman oğullarımız var. Bəli, şəhidlərimiz öz qanı bahasına müstəqil dövlətimizin qürur dolu, şanlı tarixini yazdı. Xoşbəxt gələcəyimizin əsasını qoyan belə qəhrəmanların adı daim qəlbimizdədir. Bu gün bir xalq, bir dövlət olaraq varıqsa, məhz şəhidlərimizə borcluyuq. Şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.

Zabit XƏLİLOV,

"Respublika".