“Pullar danışır”
Digər xəbərlər

“Pullar danışır”

Ağır məğlubiyyətdən sonra vaxt qazanan Ermənistan okeanın hər iki tayındakı erməni diasporunu hərəkətə gətirərək bütün ideoloji qaynaqlarında Azərbaycana qarşı qarayaxma və böhtan kampaniyasına başlayıb. Xankəndinin adını çəkməyə ehtiyat edən rəsmi İrəvan indi hiyləgərliklə Laçın yolu vasitəsilə Qarabağdakı ermənilərə "humanitar yardım" çatdırmaq üçün maşın karvanını sərhədə göndərib və təxribat törətməklə "aclıq" şousu yaradır. Ermənistanın qanunsuz hərəkətlərinə və qəsdən törətdiyi təxribata haqlı olaraq Azərbaycan sərt mövqe nümayiş etdirir, yüklərin çatdırılması üçün daha sərfəli Ağdam-Xankəndi marşrutunu təklif edir. Ermənistan isə bu təkliflə razılaşmır, daha doğrusu, "ağa"larının təkidi ilə yox deməyə məcbur edilir.

Azərbaycanın təklifini Avropa dövlətləri, Rusiya dəstəkləyir, Ağdam-Xankəndi yolunun açılmasını razılıqla qarşılayırlar. Digər tərəfdən, Azərbaycan Ağdam-Xankəndi yolu ilə erməni vətəndaşlarına 40 ton un yardımı göndərib. Lakin ermənilər yükün qarşısını kəsərək: "ölsək də türkün çörəyini yeməyəcəyik", - deyirlər. Göründüyü kimi, ermənilərin davası aclıq deyil, onlar separatçıları, qanunsuz silahlı dəstələri, xunta rejimini müdafiə etmək üçün bu böhtanı ortalığa atıblar. Atalar məsəlidir, sirkə nə qədər tünd olsa öz qabını çatladar. Ermənilərin inadkarlığı onların öz başında çatlayacaq, dünya da açıq-aydın görür ki, rəsmi Bakı sülhün, əməkdaşlığın tərəfdarıdır, kommunikasiyaların açılmasında maraqlıdır. Elə götürək Rusiyanı, bu dövlətin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi keçirdiyi brifinqdə bildirib ki, Rusiya Ağdam-Xankəndi marşrutu ilə humanitar yüklərin maneəsiz şəkildə regiona çatdırılmasının tərəfdarıdır. Məlum məsələ Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin İrəvan səfərində ətraflı müzakirə olunub. Bu günlərdə o Bakıdadır. Onun azərbaycanlı tərəfdaşları ilə müvafiq məsləhətləşmələri planlaşdırılıb. Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin kompleks üçtərəfli razılaşmaları əsasında hərəkət edirik. Biz humanitar yardımın maneəsiz olaraq həm Laçın, həm də Ağdam marşrutu ilə regiona çatdırılmasının tərəfdarıyıq və məlum məsələnin lazımsız siyasiləşdirilməməsinə çağırırıq.

Rəsmi Bakı isə xeyli müddətdir ki, bütün dünyaya bildirir ki, Laçın yolu açıq olub və indi də açıqdır, orada hər hansı blokadadan söhbət belə gedə bilməz. Lakin çox təəssüf ki, Ermənistan Laçın yolu ətrafında yalan və uydurma təbliğat aparır, haylar anlamaq istəmirlər ki, Laçın yolu Azərbaycanın ərazisidir. Ona görə də, Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolu açıqdır, təəssüf ki, Ermənistan bu yoldan istifadə etmək istəmir. Səbəbi isə məlumdur. Reinteqrasiyanın qarşısını almağa cəhd. Ermənistan və onun havadarları anlamaq istəmirlər ki, Qarabağda yaşayan erməni sakinləri Azərbaycan vətəndaşlarıdır, onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində lazımi addımlar atılır. Dövlətimizin başçısı İlham Əliyev də dəfələrlə bildirib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar.

Rəsmi Bakının bu məsələlərdə səbir və dözüm göstərməsini ermənilər səhv başa düşür, erməni diasporunun, erməni kilsələrinin, lobbiçilərin pulları hesabına Azərbaycana qarşı şər və böhtan atırlar. BBC-dən başlayaraq digər nəşrlərdə Azərbaycan əleyhinə yazılar dərc etdirilir, əsası olmayan iddialar irəli sürülür. Haqsızlıqla, bitərəfliklə məşğul olan informasiya mənbələrini erməni pulları danışdırır. Bunu Azərbaycanda uşaqlar da yaxşı bilirlər. Başqa bir misal. Rusiya hökumətinin təlimatı əsasında 44 günlük müharibədən sonra Qarabağa gələn və qısa müddətdə separatçı rejimin "rəhbərliyi"ndə təmsil olunan Ruben Vardanyanın Azərbaycan ərazisini tərk etmək istəməməsinin əsl səbəbi açıqlanıb. Məlum olub ki, uzun müddət Rusiyada biznes fəaliyyəti ilə tanınan və erməni ictimaiyyətinə gah "milyarder", gah "iş adamı", gah da "xeyriyyəçi" kimi təqdim olunan Vardanyan rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Qarabağ bölgəsində indiyədək 700 milyon dollardan çox pul xərcləyib. Erməni mətbuatı yazır ki, Ruben Vardanyan 20 ildən artıqdır ki, Ermənistan və Qarabağdakı erməni əsilli əhalinin rahat yaşamasına xidmət edir. İndiyədək o, 700 layihə həyata keçirib, 700 milyon dollardan çox sərmayə qoyub. Qəzet Rusiyadan aldığı təlimat əsasında Qarabağa göndərilən Vardanyanın Ermənistanın siyasi elitasında nə dərəcədə önəmli fiqur olduğuna diqqət çəkir. Ümumiyyətlə, separatçıların lideri Araik Arutyunyanın devrilməsindən sonra Xankəndidə və İrəvanda Vardanyan daha çox təbliğ olunur. Bildirilir ki, Qarabağa gəlişindən dərhal sonra Arutyunyanın əsas rəqibinə çevrilən Ruben hansı yolla olursa-olsun, separatçılara liderlik etməyə iddialıdır. Qeyd etdiyimiz kimi, Ermənistanda və Qarabağda hələ ki, çirkli pullar danışır. Çax-çax nə qədər baş aparsa da dəyirman bildiyini edər, "miatsum" xəstəliyinə tutulmuş erməni milyarderlər pullarını xəzəl kimi hara gəldi səpirlər. Yaxşı deyiblər ki, Allah birinci adamın ağlını alır, sonrakı faciələri isə özü yaşamağa məcbur olur. Ermənistanı da növbəti məğlubiyyət və rüsvayçılıq gözləyir.

Salman ALIOĞLU,

"Respublika".