Xisləti düşmənçilik olanlar türkün birliyinə həsəd aparmağa məhkumdurlar
Digər xəbərlər

Xisləti düşmənçilik olanlar türkün birliyinə həsəd aparmağa məhkumdurlar

Müasir dövrdə hər kəsin dilində bir ifadə var: indiki dövrdə dost yoxdur. Əslində, bu fikrin doğruluğunu zaman-zaman öz şəxsi təcrübələrimizlə təsdiqləyirik. Çünki hazırda şəxsi manefələr, qazanclar dostluq, qardaşlıq, sevgi kimi bütün ülvi hisslərdən üstün tutulur. Bu prizmadan baxdıqda ölkələrin də özlərinə əsl müttəfiq qazanmaları çətin görünür. Çünki dəyişən dünyada formalaşan yeni nizam qonşu ölkələrlə müharibəni, özündən zəifi əzməyi tələb edir. Ölkəmiz isə bu baxımdan olduqca şanslıdır. Çünki tarixin sınağından keçmiş qardaşa, strateji tərəfdaşa sahibdir. Deyirlər, dostun köməyindən çox, həmin yardımı ala biləcəyinə dair əminlik vacibdir. Bu misaldan yola çıxsaq deyə bilərik ki, Türkiyə yaxşı dost olduğunu artıq sübut edib.

Azərbaycan-Türkiyə münasibətləri yarıkonfederasiya halına gətirilib, hər bir ölkənin uğuru və kədəri digərində də açıq şəkildə hiss olunur. Türkiyədə istehsal edilən hərbi sənaye məhsullarının dərhal Azərbaycana inteqrasiya edilməsi, İkinci Qarabağ müharibəsində ölkəmizə verilən dəstək, qardaş ölkədə baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın oynadığı rol isə hər iki ölkənin xalqlarını və dövlətlərini daha möhkəm birləşdirir. Bu birlik özünü dövlət rəsmilərinin ardıcıl səfərlərində, qardaş ölkəyə ziyarət zamanı verilən açıqlamalarda göstərir. Bu məqamda qeyd etmək lazımdır ki, avqust ayının son günləri Türkiyə-Azərbaycan diplomatiyası baxımından zəngin keçib. Avqustun 25-də Türkiyənin Milli Müdafiə Komissiyasının sədri Hulusi Akar Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovu qəbul edib. Bütün Türkiyənin Qarabağ zəfərini böyük ruh yüksəkliyi ilə qarşıladığını ifadə edən komissiya sədri, Azərbaycanın Kahramanmaraş və Hatayda baş verən zəlzələlərdə Türkiyənin köməyinə tələsdiyini vurğulayıb. Hulusi Akar İrəvanla əlaqələrə də toxunaraq ölkəsinin bölgədə sülhün tərəfdarı olduğunu deyib. Rəşad Məmmədov da Türkiyənin Qarabağın işğaldan azad edilməsində, Azərbaycan əsgərlərinin Türkiyədəki döyüş məktəblərində təhsil almasında böyük töhfələr verdiyini diqqətə çatdırıb. Avqustun 26-da isə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ölkəmizə rəsmi səfər edib. Səfər çərçivəsində ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Avqustun 27-də isə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev onun Türkiyənin milli müdafiə naziri vəzifəsinə təyin edilməsini Türkiyə Prezidenti tərəfindən göstərilən böyük etimad kimi dəyərləndirib və ona vəzifəsinin icrasında uğurlar arzulayıb.

Maraqlı məqam odur ki, Yaşar Gülərin ölkəmizə səfəri ilə paralel dövrdə Ermənistan yenidən təxribata əl atıb. Belə ki, avqustun 26-sı saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat törətmək məqsədilə Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında əlverişli mövqelər tutmağa cəhd göstəriblər. Bölmələrimizin sayıqlığı nəticəsində təxribat törətmək istəyən qarşı tərəfin fəaliyyəti dərhal dayandırılıb. Sözsüz ki, Türkiyənin müdafiə nazirinin səfəri fonunda belə bir təxribata əl atılması təsadüfi deyil. Çünki Ermənistan ordusunun və erməni separatçıların təxribatlarına ən tez reaksiya verən məhz qardaş ölkə olub. Türkiyə dəstəyini həm sözdə, həm də əməldə göstərib.

Ümumiyyətlə, son 20 ildə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə böyük tarixi yol qət edib. Əslində, 1975-ci ildən başlayaraq qardaş ölkə hərbi sənaye sahəsində əhəmiyyətli inkişaf dövrünü yaşayır. Amma son illərdə Birləşmiş Ştatların Türkiyəyə "F-16" döyüş təyyarələrinin satışını dayandırması Ankaranın hərbi sənaye sahəsinə ciddi yatırımlar etməsinə və nəticədə uğurlar qazanmasına səbəb oldu. "Bayraktar", "Akıncı", "Hürkuş", "Singur", "Aksungur" dünya hərbi sənayesində tanınan silahlardır. Türkiyənin son uğuru da "Altay" döyüş tankıdır. Türkiyə Silahlı Qüvvələrinin gücünə güc qatacaq "Altay" davamlılığı, təhlükəsizliyi ilə rəqiblərini üstələyir. Son illərdə müdafiə sənayesi sahəsində sürətlə yüksələn Türkiyə bu yaxınlarda bir ilkə imza atdı. Aprelin 10-da yerli şirkətlər tərəfindən inşa edilən "TCG Anadolu" amfibiya hücum gəmisi Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi. 2016-cı ildə inşasına başlanan "TCG Anadolu" gəmisi dünyanın ilk PUA gəmisi hesab olunur. Uzunluğu 231 metr, eni 32 metr olan "TCG Anadolu" vasitəsilə 19 helikopter, 30 müxtəlif zərbə PUA-ları, 13 tank və digər zirehli texnikalar da daşına biləcək. Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi olan "TCG Anadolu" 1400 hərbçi daşımaq qabiliyyətinə malikdir. Hərbi baxımdan "TCG Anadolu" Türkiyə və müttəfiqlərinə çevik imkanlar təqdim edəcək. PUA, tank, qırıcı təyyarə kimi hərbi yeniliklərdən sonra Türkiyə bu sahədə qərbdən asılılığını azaldır, eləcə də Azərbaycan qardaş ölkənin sənaye sahəsindəki təcrübəsindən yararlanır. Bu məsələ dövlət başçımızın aprelin 29-da İstanbulda keçirilən "TEKNOFEST"dəki çıxışında da öz əksini tapıb: "TEKNOFEST"in qurucusu, əziz qardaşımız Səlcuq Bayraktarın xidmətlərini də qeyd etmək istərdim. Səlcuq bəy Azərbaycanda dəfələrlə olmuş, o cümlədən azad edilmiş torpaqlarda, Şuşada. Son gəlişində - aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və Azərbaycanda "Bayraktar" mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın gələcəkdə Azərbaycanda "Bayraktar" mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaqdır. Səlcuq bəy Bakıda olarkən "Kızılelma"nın bir maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək "Kızılelma" ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə "Kızılelma" Azərbaycanın səmasında da olacaqdır. "Kızılelma" havada, "Altay" və "Togg" quruda, "Anadolu" dənizdə - bugünkü Türkiyə budur. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, "Bir millət, iki dövlət", əlavə də etmək istəyirəm, "Bir yumruq!".

Prezident İlham Əliyevin Azərbaycanda "Bayraktar" mərkəzinin açılmasına, səmalarımızda dünyanın son model hərbi təyyarəsi olan "Kızılelma"nın uçacağına ümidvar olduğunu bildirməsi bizim üçün mühüm, əhəmiyyətli məsələlərdir və gələcəkdə ölkəmizin təhlükəsizliyinin qarantıdır. Bütün bunlar isə türkü düşmən gözündə görənləri çox narahat edir. Türkiyəli nazirin Azərbaycanda səfərdə olduğu dövrdə Ermənistanın terrora əl atması da bunun bariz sübutudur. Amma yağı düşmən unutmasın ki, onun çirkin əməlləri damarında türk qanı axan mərd, qorxmaz xalqları haqq yolundan, doğru bildiyindən döndərə bilməz. Ona görə ki, türkün ən qiymətli xəzinəsi onun vətən sevgisi, yurd aşiqliyidir. Əbəs yerə deyilməyib ki, qan tökməyi sevən millət deyilik, amma mövzu vətəndirsə, dünyanın şah damarını da kəsərik. Çünki türk tarix boyu dövlətsiz, azansız və hürriyyətsiz olmayıb, olmayacaq da.

Jalə QASIMZADƏ,

"Respublika".